Modern.az

ABŞ Cənubi Qafqazda “ölüb”

ABŞ Cənubi Qafqazda “ölüb”

11 Yanvar 2011, 13:28

İndi ABŞ nəinki Cənubi Qafqazda, bütövlükdə keçmiş SSRİ məkanında “diri meyit” rolunu oynamaqdadır

Son zamanlar ABŞ-ın Cənubi Qafqazda fəaliyyəti ciddi müzakirə mövzusuna çevrilib. Bir sıra müşahidəçilərin fikrincə, Amerikanın Cənubi Qafqazdakı siyasəti daha çox “bir addım irəli, iki addım geri” taktikasını xatırladır. 90-cı illərin əvvələrində regionada söz sahibi olan ABŞ artıq burada əvvəlki nüfuzunu saxlaya bilməyib. Bu rıçaqlarını itirməsinin bir sıra amilləri var.

90-cı illərdə Boris Yeltsinin prezidentliyi dövründə Qərb Rusiyanın siyasi həyatına daha çox təsir imkanlarına malik idi. Bunun bir səbəbi Yeltsinin SSRİ-də və sonrakı dövr üçün rus demokratik hərəkatının lideri olaraq Qərb dəyərlərinin müdafiəçisi kimi çıxış etməsi idi.

Odur ki, ABŞ-ın ciddi dəstək verdiyi Yeltsin siyasi xəttini yürüdərkən istər-istəməz Qərb maraqlarını da nəzərə almağa məcbur idi. Bunun ən bariz nümünəsi çeçen müharibəsi oldu. Çeçenistanda gedən müharibənin qızğın çağında Qərbin tanınmış hüquq müdafiə qurumları, “Amnesty İnternational”, ATƏT və digər təşkilatlar müstəqil şəkildə Rusiyanın daxilində, hərbi əməliyyatlar aparılan yerlərdə monitorinqlər keçirir, müharibə barədə siyasi mövqe nümayiş etdirirdilər.

Putin “era”sı bütün bunların üstündən qırmızı xətt çəkdi. Sovet idarəçilik sistemi ilə “KQB” qaydalarını birləşdirən Putin Qərb üçün “xortdana” çevrildi. İlk olaraq ABŞ-ın Rusiyadaxili  şəbəkəsini dağıda bilən Putin bir sıra qərbyönülmü siyasi partiyaları, ictimai təşkilatları da ölkənin siyasi həyatından tamamilə sıxışdırılıb çıxa bildi.

Belə addınlar Rusiyanın xarici siyasətində də əks olunub. Məhz Putin zamanında Rusiya SSRİ-nin keçmiş təsir dairəsində olan bölgələrə yeni “səlib yürüşünə” qərar verib.  Dünyanın enerji ehtiyatlarına ehtiyac duyduğu bir məqamdan uğurla istifadə edən Rusiya malik olduğu hədsiz enerji “kozırı”nu özünün siyasi maraqlarının yeridilməsi üçün vasitəyə çevirib.

Rəsmi Moskvanın ABŞ-la toqquşduğu əsas regionlardan biri də Cənubi Qafqazdır. Son dərəcə müxtəlif kombinasiyalı oyunların aparıldığı bu bölgədə Rusiya tərəfindən ABŞ-ın mövqelərinin zəiflədilməsi, Vaşinqtonun “siyasət çubuğunu” düzgün işlədə bilməməsi ilə əlaqələndirmək olar.

İlk olaraq qeyd edək ki, 90-cı illərin əvvələrində Cənubi Qafqaz ölkələrində baş qaldıran milli-azadlıq hərəkatlarının köməyi ilə regiona gələn ABŞ daha çox demokratiya və isan haqlarının müdafiəsindən danışırdısa, proseslərin gedişi göstərdi ki, bunlar gəlişigözəl sözlərdən başqa bir şey deyil. Vaşinqtonun burada ən çox maraq göstərdiyi Azərbaycanın neft ehtiyatları, Gürcüstanın Avropaya aparan strateji yollarıdır. Bu baxımdan 90-cı illərdə Rusiyanı bürümüş iqtisadi və siyasi xaosdan istifadə edən ABŞ  ilk olaraq bu maraqlarının təmin olunmasına girişdi.  Azərbaycanda siyasi sabitliyi bərpa edə bilən Vaşinqton üçün Bakı nefti demokratik proseslərin dəstəklənməsini arxa plana keçirdi.

Hazırda ABŞ-ın ilk baxışda Cənubi Qafqazda stabil görünən mövqeləri əslində çox kövrəkdir. Rusiya özünü toparladıqdan sonra Qafqaz siyasətinin “zəncirini” yenidən ələ keçirib. Bölgənin ən ciddi problemi olan Qarabağ münaqişəsi ilə bağlı son 3 illik proseslərin Rusiyanın egidası altında aparılması ABŞ üçün ciddi siqnaldır: Vaşinqton bunu qəbul etmir, amma razılaşmağa məcburdur! Çünki faktiki olaraq ABŞ-ın münaqişənin ikinci tərəfi olan Ermənistana heç bir təsir rıçağı yoxdur. Bu istiqamətdə Vaşinqtonun bütün cəhdləri səmərəsiz olub. Rusiya isə istənilən anda İrəvana “geriyə” komandası verərək danışqlar mərhələsini istədiyi kimi yönləndirmək imkanındadır.

ABŞ-ın bölgədən sıxışdırılması məqsədəyönlü şəkildə həyata keçirilir. İlk olaraq Qərblə bağlı olan siyasi təsisatlar zəiflədilir, daha sonra ictimai fikirdə “ABŞ-ın vecsizliyi” barədə rəy yaradılır və daha sonra Vaşinqtonun “ikili standartlar” siyasəti ciddi tənqid edilir. Əsas məsələ Qərbyönümlü təsisatların arxasında ola biləcək ictimai rəyi dağıtmaq və zərəsizləşdirmək siyasəti aparılır.

ABŞ Azərbaycan neftini Gürcüstanla Avropaya çıxara bilsə də, bu Vaşinqtonun bölgədə oturuşması anlamına gəlməməlidir. Çünki hazırda ABŞ-ın bütün “neft siyasətinin” arxasında həmin ölkələrdə Rusiya üçün problem yarada biləcək müxalifət quvvələrinə verə biləcəyi siyasi dəstəyi dayanmır və Rusiya bunu yaxşı başa düşür. Odur ki, ABŞın bütün neft siyasəti sadəcə Rusiyanın zərərinə olmayan daşınmalardan başqa bir şey deyil.

ABŞ Cənubi Qafqaz ölkələrində siyasi təbədülatlar yarada biləcək qüvvələri “konservləşdirərək”  daha çox ehtiyatlı mövqe nümayiş etdirir.

Odur ki, ABŞ-ın Cənubi Qafqazda mövqelərinin sarsılması barədə eşidilən rəyləri heç də birmənalı qiymətləndirmək olmaz. Vaşinqtonda da getdikcə bunun fəsadlarını yaxşı başa düşürlər. Bütün bunların fonunda yada ABŞ-da “soyuq müharibə” dövründə məşhur olan şüarı düşür: “Ruslar gəlir”...
Deyəsən, şüar aktuüallığını itirməyib.

İndi ABŞ nəinki Cənubi Qafqazda, bütövlükdə keçmış SSRİ məkanında “diri meyit” rolunu oynamaqdadır...

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu