Modern.az

Polşadakı diaspor fəalı: “5-10 nəfərlə DAK yaradanlar...” - MÜSAHİBƏ

Polşadakı diaspor fəalı: “5-10 nəfərlə DAK yaradanlar...” - MÜSAHİBƏ

7 May 2016, 14:54

Bu gün dünyanın bir çox ölkələrində Azərbaycanın maraqlarını, mənafelərini müdafiə edən bir çox diaspor təşkilatı fəaliyyət göstərir.

Həmin diaspor təşkilaları xaricdə Azərbaycanın haqq səsi uğrunda mübarizə apararaq dövlətin beynəlxaq müstəvidə milli missiyasının həyata keçirilməsində, lobbiçilik strategiyasının reallaşmasında yaxından iştirak edirlər.

Modern.az saytı xaricdəki Azərbaycan diaspor  təşkilatlarının ölkə oxucularına daha da yaxından tanıdılması üçün yeni layihəyə başlayır.

“Azərbaycanı dünyaya tanıdanlar” layihəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının işi haqqında söz açacağıq.

İlk qonağımız Polşada Azərbaycanlı Gənclər Şurasının sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Polşa nümayəndəliyinin sədri  Nail Əhməd olacaq.

Nail Əhmədlə müsahibəni təqdim edirik:

-Bu gün Azərbaycanın diaspor təşkilatlarının rəhbərləri arasında ən gəncisən. 22 yaşından Polşada diaspor təşkilatına rəhbərlik etmək sənin üçün çətin deyil ki?

-Mən düşünürəm ki, diaspor təşkilatının rəhbəri olmaq üçün yaşın əhəmiyyəti yoxdur. Əsas insanın içərisində olan vətən sevgisidir. Bizim dostlarımız var ki, onların 30-35, hətta 40-50 yaşları var. Onlar da başqa ölkələrdə diaspor təşkilatlarının rəhbərləridirlər. Diaspor təşkilatının rəhbəri olmaq üçün gərək ortalığa daha fərqli fikir  qoyasan. Polşada olan azərbaycanlıları vahid ideya ətrafında birləşdirmək əsas məqsədimizdir.

Biz də bu ideyanı ortaya qoyduq. Sağ olsunlar, dostlar da bizə dəstək oldular. Biz birləşə bildik. Bu gün Polşada çox erməni yaşayır. Bu ermənilərə qarşı isə Polşada 1000-2000 arası azərbaycanlılar var.

Buna görə də qarşımıza elə məqsəd qoymuşuq ki, 2000 azərbaycanlı ilə ermənilərlə sözün həqiqi mənasında mübarizə apara bilək. Azərbaycandan da bizə dəstək gəldi. Bu gün də təşkilatımızla əlimizdən gəldiyi qədər Azərbaycanımızı təmsil etməkdəyik.

-Bildiyimiz kimi sizin Polşada Azərbaycanlı Gənclər Şurası təşkilatı bu yaxınlarda rəsmi qeydiyyatdan keçib. Bəs bu təşkilat yaranmayana və qeydiyyatdan keçməyənə qədər fəlaiyyətiniz hansı şəkildə həyata keçirilirdi?

-Mən artıq 4 ildir ki, Polşada diaspora sahəsində çalışıram. İlk olaraq Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyinin sədri kimi çalışmışam.

Daha sonra isə fəaliyyətimizi genişləndirmişik. 2015-ci ildə DAK-ın qurultayında namizədliyimi irəli sürərək DAK-ın idarə heyətinin üzvü seçildim.

Daha sonra isə Diaspora.az saytını təsis etdik. Zaman keçdikcə planlaşdırdıq ki, əgər biz bu işləri görürüksə daha da yaxşı, geniş müstəvidə görməliyik. Beləliklə, Polşadakı Azərbaycan səfirliyinin də dəstəyi ilə Polşada Azərbaycanlı Gənclər Şurasını yaratdıq.

Təşkilatımızın yaranmasında Diasporla iş üzrə Dövlət Komitəsi də dəstək verdi. Təşkilat təsis edildikdən sonra sənədləri protokollaşdırıb Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdik. Çalışırıq ki, Polşada olan nəinki azərbaycanlı gəncləri, özünü gənc hesab edən istənilən azərbaycanlını təşkilat ətrafında birləşdirək.

-Ermənilərin çox olduğu yerdə diaspor fəaliyyəti göstərmək çətin deyil ki?

-Əslində düşmənlərimiz hara da getsək düməndirlər. Amma yenə də çalışırıq ki, Polşada onlarla çox da konfliktə girməyək. Çünki bizim günahkar bir işimiz yoxdur. Onlar bizim torpaqları işğal ediblər. Onlar bizdən qorxub-çəkinməlidirlər.

ATƏT-in və digər təşkilatların beynəlxalq tədbirlərində çıxışlarda rahat və azad sözümüzü deyə bilirik. Polşada da fəaliyyət göstərə bilirik.


-Bu gün bütün dünyada diaspor fəaliyyətində güclü kimi ilk olaraq yəhudilər, daha sonra isə ermənilər hesab olunur. Səncə ermənilərin diaspor işindəki gücü, onların bizdən üstün olmalarının əsas səbəbləri nədədir?

-Ümumiyyətlə, tarix boyu ermənilər bizdən 2 şeydə öndə olublar: Birincisi bizdən daha öncə partiyalar yaradıblar, ikincisi isə dünyada onların diasporlarının fəaliyyəti baxımından bizdən üstün ola biliblər.

“Diaspor” sözünün mənası səpələnmək deməkdir. Onlar tarix boyu bizdən daha çox səpələnməyi, yayılmağı bacara biliblər. Daha geniş coğrafi ərazilərdə məskunlaşmağı bacarıblar. Bunun nəticəsidir ki, bu gün ermənilər bir çox ölkələrdə var ola biliblər və daha da güclüdürlər. Bunu açıq etiraf etmək lazımdır. Amma hal-hazırdakı proseslər göstərir ki, xaricdəki Azərbaycan diasporu yaşlı nəsildən cavan nəslə keçiddədir. Bu da həqiqətən sözün əsl mənasında müsbət nəticələrini göstərməkdədir.

Əgər proses bu cür davam edərsə, yəni diaspor cavan və enerjili insanların idarəçiliyinə verilərsə, biz yaxın zamanda ermənilərə qalib gələ və üstələyə bilərik. Çünki bunun üçün kifayət qədər resurslarımız var, buna gücümüz çatır. Bu gün öz gücümüzü göstərmək üçün Polşanın mediası, ictimai sektoru və vətəndaş cəmiyyəti ilə əlaqələrimiz var ki, öz gücümüzü göstərə bilə

-Sən həm də DAK Polşa nümayəndəliyinin sədrisən. Son illər  DAK fəaliyyətində müəyyən parçalanmalarla, qollara ayrılmalarla yadda qalır. Dünya Azərbaycanlıları Konqresində bəzi şəxslərin xaricdə özünü sədr elan etməsinə münasibətin necədir?

-Diaspora nəzəriyyəsini oxuduqca görürəm ki, təşkilat daxili hər zaman “qoy təşkilatın sədri, rəhbəri mən olum” kimi iddialar olur. Hal-hazırda bildiyimiz kimi qəbul olunan bir Dünya Azərbaycanlıları Konqresi var və onun da rəhbəri xalq şairi Sabir Rüstəmxanlıdır.

Ondan başqa digər ölkələrdə 5-10 nəfərlə hansısa DAK yaradanlar təbii ki, uğursuz olurlar. Bir DAK  var, o da dünyanın 30-dan çox ölkəsinə hazırda diaspora fəaliyyəti göstərirlər. Konqres həm də Cənubi Azərbaycandakı Azərbaycanlıların fəaliyyətini işıqlandırır.

-Türkiyənni paytaxtı İstanbul şəhərində “İrəli” İctimai Birliyi, “İndex” və bir sıra ictimai şəxslərin iştirak etdiyi “Xaricdən Milli Baxış” forumu keçirildi. Sizin təşkilat da daxil olmaqlar digər 18 diaspora təşkilatı da bu tədbirdə iştirak etdiniz. Bu forumun gələcək əhəmiyyəti, prespektivləri haqqında nə deyə bilərsən?

-Əslində bu forum çox əla ideya idi. Çünki ora gələn diaspor təşkilatlarının rəhbərləri bir-biri ilə daha da sıx əlaqədə oldular və şəbəkələşdilər.

Öz problemlərini dövlət rəsmilərinə də çatdırdılar. Foruma prezident  administrasiyasının rəsmisi də gəlmişdi. O da problemləri dinlədi.

Mənim də ideyam o oldu ki, xaricdəki diaspora təşkilatları ilə Azərbaycan mediasının əlaqələrini daha da sıxlaşdırmaq lazımdır ki, həyata keçirilən tədbirə ölkə mediası tərəfindən geniş işıqlandırsın. Forumun ümumi nəticəsi mənim fikrimcə kifayət qədər müsbətdir. Çünki o forumda probelmlərimizlə yanaşı yeni ideyalarımızı da dedik. Sonda forumun bəyannaməsi də qəbul edilərək imzalandı. Xaricdə olan gənc diaspora təşkilatlarını kurasiya etmək uşun bir şura yaradıldı. Bu da ümid edirəm ki, yeni yaranacaq təşkilatları birləşdirmək üçün əməli addım olacaq.

-Azərbaycan sözü səslənəndə Polşa insanının düşüncəsində ilk olaraq nə canlanır? Azərbaycanı orada daha çox nəyə görə tanıyırlar ?

-Azərbaycanı tanıtmağa başlayanda ilk məqsədimiz o oldu ki, Polşada Azərbaycanı tanımayan qalmayacaq. Təbii ki, bu, bizim şüarımız, devizim idi. 4 il ərzində kifayət qədər konfranslar, aksiyalar, tədbirlər həyata keçirtmişik. Hədəfimizə hansı dərəcədə satıb çatmadığımızı dəqiq deyə bilmərəm. Biz Polşada Azərbaycanı mədəniyyəti, musiqisi , tarixi mətbəxi ilə tanıdırıq.

Hətta polyakları zaman-zaman milli mətbəximizə də qonaq etmişik.

Onlar bizdən çox razı gediblər. Bir müddət öncə polyak jurnalistləri səhər yeməyinə dəvət etdik. Səhər yeməyində İsmayıllı pendiri, Xızı balığı, Azərbaycan kürüsü məhsulları verdik. Onlara milli məhsullarımızı izah etdik. Həqiqətən də jurnalistlər səhər yeməyindən çox xoş təəssüratlarla ayrıldılar. Ondan sonra bizim münasibətlər daha da genişləndi və bu gün də yüksək səviyyədədir.

Polşa KİV rəhbərləri , nümayəndələri ilə geniş əlaqələrimiz var. Hansısa informasiyanın yayılmasında heç bir çətinlik çəkmirik. Bu cəhətdən elə də problemlərimiz Polşa cəmiyyətinə inteqrasiya etmək problemlərimiz yoxdur. Dostlarımıza da hər zaman deyirəm ki, diaspor təşkilatmızı Polşa ictimaiyyətinə daha çox hökumətləşmiş təşkilat kimi təqdim edək ki, bizim çatdırmaq istədiyimiz məlumat və fəaliyyət daha effektli olsun. Çünki QHT kimi meydan çıxanda effektli olma məsələsi zəifləyir. Amma hökumətləşmiş təşkilat kimi meydana çıxanda deyəcəyimiz söz, edəcəyimiz addım daha böyük hədəflərə çata bilər.

-Polşa dünyaya mədəniyyət, teatr, incəsənət ixrac edən dövlət kimi tanınır.. 2014-cü ildə sizin təşkilatçılığınızla Polşada bəstəkar Vaqif Mustafazadənin tanıtım gecəsi baş tutub. Azərbaycanlın mədəniyyət və incəsənət xadimlərinin Polşa cəmiyyətinə tanıdarkən onlar bunu necə qəbul edirlər?

-Başqa ölkələrə nisbətən Polşa dünya musiqisinə Şopeni vermiş bir ölkədir. Ona görə də biz Polşanın Lodz şəhərində Vaqif  Mustafazadənin tanıtım gecəsini həyata keçirtdik. Orada Azərbaycan musiqisi ilə cazın sintezini nümayiş etdirdik.

Vaqif Mustafazadənin disklərini gecəyə gələn qonaqlara hədiyyə etdik. Sonra biz təklif aldıq ki, Vaqif  Mustafazadənin disklərinin Polşada daha geniş ictimaiyyətə çatdıraq.

-Nəyə görə müxtəlif ölkələrdə yaşayan imkanlı  azərbaycanlılar diaspor təşkilatlarına maliyyə yardımları ayırmaqda maraqlı deyillər?

-İlk öncə imkanlı şəxslərdən qabaq Azərbaycanın Polşadakı səfirliyi var. Nəsə lazım olduqda səfirlik bizə kömək edir. Diasporlarla iş üzrə Dövlət Komitəsindən də kifayət qədər media və digər dəstək gəlir. Biz gənclər təşkilatı olaraq Gənclər Fonduna da layihələr yazıb veririk. Amma hər bir halda Polşada yaşayan azərbaycanlılarla geniş tərkibdə görüş keçirtmək fikrimiz var.


Polşadakı uğurlu biznesmenlərlə gəclərin görüşünü təşkil etmək istəyirik. Görüş zamanı onların təcrübələrindən yararlanmaq istəyirik. Çünki elə tələbələrimiz var ki, Polşada yaşayıb və işləmək fikrindədirlər. Ümid edirəm ki, bu görüş zamanı onlar da biz dəstək verəcəklər. Sahibkarların da dəstəyi olsa daha çox ikiqat üç qat fəaliyyət göstərə bilkərik.Bu həm sahibkarlara və həm də Azərbaycanımıza da xeyirli olar.

-Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti haqqında Polşa ictimaiyyətinə çatdırılmasında hansı addımlar atmışınız?

-Hər il bizim Xocalı ilə bağlı aksiyamız, yürüşümüz olur. 2014-cü ildə Ermənistanın Polşadakı səfirliyi qarşısında böyük aksiyamız oldu. Aksiyadan sonra qətnaməmizi səfirliyə də təqdim etdik.  

Bu il Varşava şəhərinin mərkəzində sakit aksiyamız oldu. Aksiyada simvolik olaraq beynəlxalq təşkilartların emblemlərini əlimizdə tutaraq ağzımızı bağlamışdıq. Əlimizdəki plakatlarda yazılmışdı:

“Bütün dünya bu ədalətsizliyə susur. Polşa, sən susma”. 20 Yanvar hadisələri ilə də bağlı Varşavada Polşa əhalisinə bülettenlər payladıq. Azərbaycanımızın bütün xüsusi və özəl günlərini Polşada layiqincə təmsil etməyə çalışırıq.

-Nail, sonda gənc diaspora təşkilatının rəhbəri kimi xaricdəki diaspora təşkilatlarına nələr arzulayırsan?

-Bizim bor yolumuz, bir məqsədimiz var. Arzum odur ki, hər zaman bir və həmrəy olaq. Bütün dünyadakı Azərbaycanlıları bir olmağa çağırırıq.  




Ağa AKİFOĞLU  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza