"Dövlətqaçqınkom"da təlimat hazırlanır, hələ rəsmi qəarar yoxdur
Bir neçə gündür ölkə mətbuatı məcburi köçkünlərə verilən “çörəkpulu” ilə bağlı müxtəlif məlumatlar yaymaqdadır. Bu xəbərlərdə qeyd olunur ki, Azərbaycan hökumətinin məcburi köçkünlərin siyahısının yenidən dəqiqləşdirilməsinə dair qəbul etdiyi və yanvarın 1-dən qüvvəyə minən qərarına əsasən, bir qrup məcburi köçkünə “çörəkpulu”nun verilməsi 2011-ci ildən dayandırılıb. Qeyd edək ki, belə məlumatlar yayılarkən Nazirlər Kabinetinin rəsmi mövqeyi işıqlandırılmayıb. Modern.az saytı məsələni tam dəqiqləşdrimək üçün Nazirlər Kabineti ilə əlaqə saxlayıb.
Amma öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovla əlaqə saxlayıb informasiyanı bir daha dəqiqləşdirdik.
“Məcburi köckünlərin bir qisminin “çörəkpulu”nun kəsilməsi ilə bağlı mətbuatda yalnış informasiyalar verilir. Nazirlər Kabineti bu məsələ ilə bağlı qəqar qəbul etməyib. Hələlik məcburi köckünlərə aylıq müavinətlərin verilməsi ilə bağlı təlimat hazırlanır”-deyə Sənan Hüseynov Modern.az saytına bildirdi.
Onun sözlərinə görə, hələlik heç kimin “çörəkpulu” kəsilməyib. “Hələki bu məsələ ilə bağlı təlimat hazırlanır. Bəzi mətbuatlarda yazırlar ki, 70 minə yaxın məcburi köckünün “çörəkpulu” kəsiləcək. Bilmirəm bu rəqəmləri haradan götürüb yazırlar, belə bir şey yoxdur. Hələlik bu məsələ ilə bağlı dediyim kimi, sadəcə təlimat hazırlanır”.
Bununla belə S.Hüseynov valideynlərindən biri məcburi köckün olmayanlara “çörəkpulu”nun verilməyəcəyini təsdiqləyib.
“Bəli, yeni təlimatda valideynlərindən biri məcburi köckün olmayanlara “çörəkpulu”nun verilməməsi nəzərdə tutulur. İndiyədək valideynlərindən biri məcburi köçkün olanlara “çörəkpulu” verilirdi. Yeni təlimatda bu qadağan olunur”.
S.Hüseynov bildirdi ki, amma həmin şəxslərin məcburi köckün statusu qüvvəsində qalacaq.
S.Hüseynov eyni zamanda bildirdi ki, təlimatın hazırlanması ayın sonuna kimi davam edəcək. “Hələki məktublar gəlir, məsələlər müzakirə olunur, nə qədər insana şamil olunacağı bilinmir. Amma konkret olaraq yanvarın 1-dən hələ heç kimin “çörəkpulu” kəsilməyib”.
Qadağanın rəsmən hansı aydan tətbiq olunacağı bilinmir.
Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov da Modern.az saytına açıqlamasında bildidi ki, Azərbaycan hökumətinin sözügüdən məsələyə dair rəsmi qərarı yoxdur.
Qeyd edək ki, “Dövlətqaçqınkom”da hazırlanan təlimata görə, valideynlərindən biri məcburi köçkün olmayanlarla yanaşı, dövlət qulluğunda, Silahlı Qüvvələrdə çalışan məcburi köçkünlərə, məcburi köçkün rayonundan olan şəxslərlə ailə qurmuş digər rayonlardan olan qadınlara da “çörəkpulu”nun verilməməsi nəzərdə tutulur. Həmçinin, işğal olunmuş bölgələrdən Milli Məclisin üzvlüyünə seçilmiş şəxslər, digər şəhər və rayonlarda mənzil alıb, həmin yer üzrə qeydiyyata düşən ailələr də məcburi köçkün olaraq “çörəkpulu” ala bilməzlər.
Modern.az-ın məlumatına görə, hazırda məcburi köçkün statusuna malik vətəndaşlara ayda adambaşına 15 manat müavinət verilir.
Prezident İlham Əliyevin sərəncamı ilə ötən il sentyabrın 1-dən məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 15 manat olub. Ona qədər məcburi köçkünlərə adambaşına ayda 13 manat 50 qəpik müavinət verilirdi.
"Dövlətqaçqınkom”un məlumatına görə, ötən ilin 1 oktyabrınadək 542 mindən çox məcburi köçkünə aylıq yemək xərci müavinəti ödənilib.
Modern.az