Telejurnalist, Prezidentin fərdi təqaüdçüsü
Təxminən 50 illik jurnalistik fəaliyyətim ərzində çox qələm sahibi ilə işləmişəm, bəzilərinin istedadına həsəd aparmışam, çoxlarından öyrənmişəm, təvazökarlıqdan kənar olsa da, deyim ki, xeyli gəncin qələm sahibi olmasına yardım etmişəm.
Təkrar deyim ki, həsəd apardığım jurnalistlər arasında sıravisi də olub vəzifəlisi də. Korifey redaktorların iş təcrübəsini diqqətdə saxlamışam. Hidayət Bağırov, İsrafil Nəzərov, Ağababa Rzayev, Nəsir İmanquliyev, Bəxtiyar Sadıqov, Həsən Həsənov kimi redaktorların qələmini, təcrübəsini izləmişəm. Hətta sıravi ədəbi işçilərin, müxbirlərin, aparıcıların qabiliyyətinə heyran qalmışam. Belələri çox olub. Ancaq bir xanım telejurnalist öz mədəni səviyyəsi, istedadı, zövqü ilə nəzərimdən yayınmayıb. Bu xanım jurnalistimiz Qənirə Ataşova olub. Ona rəğbətim ötən ilin dekabrında mətbuat konfransında Obama administrasiyasının təmsilçisi Kirbiyə verdiyi məntiqli, kəsərli sualı zamanı yarandı. O, Azərbaycan üçün çox vacib olan sualı cəsarətlə ortaya atıb. Görünür, sual cənab Kirbini qane etmədiyindən guya ingilis dilində təmiz səslənməməsini dilə gətirərək sualı başa düşmədiyini bildirib. Gör nə qədər səriştəsiz diplomat olasan ki, gözəl tələffüz edilən “Qarabağ”, “Lavrov” sözlərini anlamayasan! Həmin vaxtlar Qarabağ məsələsi gündəmdə idi və departament təmsilçisi sualı aydın başa düşməli idi. Ancaq o suala cavab verməkdən çəkinərək konfransda Qənirə Ataşova barədə qeyri-peşəkar rəy yaratmışdı.
Bədxahlarımız isə buna gülmüşdülər. Hətta bəzi mətbuat orqanları, saytlar bu barədə “biabırçı sual” deməklə həmyerlimizi yersiz tənqid atəşinə tutdular.
Bu, tam qərəz idi!
Bu günlərdə Qənirə Ataşova daha bir belə an yaşayıb. Onu yenidən guya ingilis dilini yaxşı bilmədiyi üçün məzəmmətləyiblər. Yenə də yersiz ittihamlar, dedi-qodu. Elə buna görə də jurnalistə qarşı məkrli davranışa qəti əhəmiyyət vermədən həmin məqamı şərh etməyi lüzum bilmirəm.
Nə yaxşı ki, dünya diqqətli, obyektiv, xeyirxah adamlardan xali deyilmiş! Həm onda, həm də indi ANS prezidentinin köməkçisi, sözünün kəsəri ilə tanınan jurnalist həmkarımız Mais Məmmədov öz sözünü dedi, şirkətin işçisini müdafiə etdi, onu qınayanları atəşə tutdu. Afərin, axı, indi işçisinin arxasında duran, ona dəstək verən, havadarlıq edən belə adamlar yox dərəcəsindədir.
Qənirə Ataşova tənqidə yox, tərifə layiqdir. O Azərbaycanca təmiz danışığı, gözəl geyimi, hətta hazırladığı reportajlarda tələffüzü ilə fərqlənir. Bu xüsusiyyətlərini isə bəzilərinin gözü götürmür, açıq-aşkar paxıllıq edirlər. Nə yaxşı ki, təcrübəli Mais Məmmədov varmış!..
Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğana Qarabağ savaşı, şəhidlərimiz barədə verdiyi sual zamanı Qənirə xanımın göz yaşları axıtması qardaş ölkə başçısının diqqətindən yayınmadı.
O, bu anı Qənirə xanımın vətənpərvərliyi, elinə, torpağına, Azərbaycana məhəbbəti kimi dəyərləndirdi və sözündən belə çıxdı ki, kaş bütün jurnalistlər xalqına belə sədaqətli, vətənpərvər olaydılar!
Biz bundan böyük qürur duyduq!
Fəxr etdik sizinlə, Qənirə xanım!
Bu yaxınlarda saytlarda xəbər yayıldı ki, Qənirə Ataşova Azərbaycana yüksək vəzifəyə gətirilir. Buna da sevinməmək mümkün deyil. Təki onun sorağı daha yüksək uğurlardan gəlsin. Gün o gün olsun ki, bütün jurnalistlərin ümdə arzusuna - əməkdar jurnalist adına layiq görüləsən. Doğrudur, bu, möhtərəm prezidentimizin səlahiyyətinə daxildir. Bizə isə ancaq qəlbən arzu etmək qalır.