Tanınmış jurnalist Ələsgər Müzəffər oğlu Cabbarovun vəfatından 40 gün keçir. Mayın 12-də mərhumun əzizləri və dostları, qələm yoldaşları Nardaran qəbristanlığına baş çəkərək, 83 il şərəfli bir ömür yaşamış,taleyini mətbuatımızın inkişafına, sözün aliliyinə həsr etmiş yaradıcı insanın ruhuna dualar oxuyacaqlar. Hazırda Neft və Sənaye Universiteti adlanan Neft və Kimya İnstitutunun məzunu olsa da, jurnalistikanı özünün həyat idealına çevirən Ələsgər müəllim Keşlə Maşınqayırma zavodunda işləyərkən Azərbaycan Radiosu, “Bakı” və “Baku” qəzetləri ilə əməkdaşlıq etmiş, müxtəlif mətbuat orqanlarında analitik yazıların müəllifi kimi tanınmışdır. Sonralar “Elm və həyat” jurnalında şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Dərin məzmunlu təhlili yazıları, oçerkləri, rus dilindən tərcümçələri ilə diqqəti çəkən Ələsgər müəllimin yaradıcılığı Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru Rəsul Rzanın nəzərindən yayınmamış, gənc mühəndis bu nəşrin texnika redaksiyasına müdir təyin olunmuşdur. O burada həm də yerli həmkarlar ittifaqı komitəsinin sədri kimidə çalışmışdır. Milli Ensiklopediyamızım ilk 10 cildinin hazırlanmasında Ələsgər Cabbarovun müstəsna xidmətlərini o illərdə bu nəşrdə çalışanlar yaxşı xatırlayırlar.
Sonralar bir müddət istehsalatda müxtəlif vəzifələrdə çalışsa da, Ələsgərmüəllim yenidən mətbuata üz tutub. “Xalq qəzeti”ndə müxtəlif vəzifələrdə işləyərkən özünün yaradıcılıq əzmi, səmimiliyi və fədakarlığı ilə kollektivin hörmətini qazanıb.
Yetkin qələm sahibi, yurdsevər vətəndaş, mehriban həmkar və dost kimi tanınan Ələsgər Cabbarov ona olan hörməti, bəslənilən etimadı özünün ən ali mükafatı sanırdı. Ələsgər Cabbarov həyatdan getsə də, xeyirxah əməlləri, oxunaqlı yazıları, tərcümələri ilə mətbuat tariximizdə uzun zaman yaşayacaq.
Onu yaxından tanıyan, xətrini əziz tutan insanların ürək sözləri də bunu əyani təsdiqləyir.
Modern.az saytı mərhum Jurnalist Ələsgər Cabbarovun dostlarının, yaxınlarının, əzizlərinin, həmkarlarının onunla bağlı əziz xatirələrini təqdim edir:
Milli Məclisin deputatı, Mətbuat Şurasının Əflatun Amaşov:
“Ələsgər müəllim jurnalist idi, sözün əsl mənasında jurnalistika peşəsinə yiyələnmiş peşəkar idi. Mənim yadıma gəlir Ələsgər müəllim “Elm və Həyat” jurnalında işləyəndə onun Azərbaycan elmi ilə bağlı çoxsaylı yazıları gedirdi. O, “Komunist” qəzetində də çoxsaylı yazların sahibi idi.
Ələsgər müəllimin yaradıcılığının daha geniş hissəsi “Səhər” qəzeti ilə bağlıdır. O, “Səhər” qəzetində Azərbaycan ictimaiyyətini 20 Yanvarla bağlı ilk məlumatlandıran insanlardan biri olub.
Ələsgər Cabbarov sözün əsl mənasında gözəl insan və peşəkar jurnalist idi. O, özündən sonra gələn nəsillərə jurnalistikanın sirlərini öyrətdi
Sözübütöv insan, cəfakeş müəllim idi. Allah ona rəhmət eləsin. Ələsgər Cabbarov hər zaman ürəklərdə gözəl şəkildə yad ediləcək”.
Xalq şairi Fikrət Qoca:
“Ələsgər Cabbarov mənim uzaq qohumum idi. Amma istiqanlı qohum olub. Biz onunla çox yaxın idik, tez-tez görüşərdik. Bir-birimizdən xəbər tutardıq. Çox alicənab kişi idi. Jurnalist kimi də yetişmiş adam idi. Çox gözəl insan idi. İmkanı olan qədər hamıya əl tutmağa çalışardı. Böyük-kiçik yeri bilən, gözəl təbiətə malik iddiasız bir insan idi.
Allah rəhmət eləsin. Heyf ki, Ələsgər Cabbarov bizi bu dünyada qoyub getdi. Yeri cənnət olsun. Sağ qalsaydı ölkəmizə, mətbuatımıza böyük töhfələr verərdi”.
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Aqşin Babayev:
“Ələsgər Cabbar mənim ən yaxın dostlarımdan biri idi. Bacarıqlı jurnalist, çox saf və büllur bir insan idi. Mənim 75 yaşım tamam olanda Mədəniyyət və Turizm Nazirliyi haqqımda kitab nəşr etdirdi. Ələsgər Cabbarov həmin kitabda mənim haqqımda məqalə yazmışdı. İnandırım sizi ki, orada mənim haqqımda deyilən sözlərin ən gözəlini Ələsgər Cabbarov demişdi. Biz Ələsgər müəllimlə Abxaziyada olanda Fəzli Gəray, Ağasəfa Yəhyayevlə birgə istirahət etmişdik. Bir yerdə olduğumuz günləri hər dəfə görüşəndə xatirələrlə yada salardıq.
Son vaxtlar ona həyatın böyük bir zərbəsi dəydi. Ələsgər Cabbarov oğlunu itirdi. Elə bil ki, onun belinə balta vurdular. Ondan sonra düzəlmədi. Ancaq evdə xəstə yatırdı. Tez-tez zəngləşirdik, xəbər tuturduq.
Düzdür, yaşı 80-i keçmişdi. Amma oğlunun itkisinə qədər çox yaxşı idi. Ələsgər müəllimin 70 illiyində arzu etdik ki, onun 90 illiyini qeyd edək. Amma təəssüf ki, bu bizə nəsib olmadı. 80 yaşını qeyd etdik. Amma 90 yaşına çatmadıq.
Ələsgər Cabbarovu hər zaman ürəyimdə yaşadıram. Onun hər şeydən öncə bir insan və şəxsiyyət kimi həmişə biz dostlarının ürəyində yaşayacaq.
Allah ona rəhmət eləsin. Bir gün gələn, bir gün də gedəcək. Əsas odur k, insan özündən sonra işıqlı bir iz qoysun. Bunu da Ələsgər Cabbarov bacardı. O hər zaman mənim qəlbimdə var olacaq”.
İTV-nin əməkdaşı, Əməkdar jurnalist Flora Xəlilzadə:
“Mən Ələsgər Cabbarovun imzasını o zamankı “Kommunist” qəzetindən tanımışam. Orta məktəbdə oxuyanda Ələsgər əminin imzasını görürdüm. Jurnalistikaya, mətbuata böyük marağım olduğuna görə maraqlanırdım. Ələsgər müəllimin yazdıqlarının hamısnı oxuyurdum.
Tale elə gətirdi ki, mən Jurnalistika fakültəsini bitirib işləməyə başladım, Bir gün işlədiyim redaksiyanın qapısı döyüldü və bir kişi dedi ki, “mənə Flora Xəlilzadə lazımdır”. Həmin kişi özünü təqdim edəndə bildim ki, Ələsgər Cabbarovdur. Mən onu görəndə anidən uşaqlıq illərim yadıma düşdü. Mənim bir yazım çıxmışdı və Ələsgər əmi o yazını bəyənmiş, təşəkkür etməyə gəlmişdi.
O gündən mənə “qardaşqızı” və mən də Ələsgər Cabbarova “əmi” dedim. Ələsgər əmidə məni çəkən nə idi? Hər kəsin yaxşı qələmi ola bilər, hər kəs məşhurlaşa bilər. Amma Ələsgər əmi o qədər genişürəkli, o qədər saf və səmimi idi ki, mən o insanı ilk gündən özümə ideal seçdim.
Bu gün Ələsgər əmi haqqında xatirə söyləmək, onu keçmişdə anmaq mənə çox ağırdır. Mən çox qayğıkeş bir ustadı həqiqi mənada bir əmini itirdim. İctimai televiziyada “Yadigarlar” verilişimdə artıq mənə Ələsgər əminin zəngi gəlmir.
O mənim bütün verilişlərimə baxır və dərhal rəyini verirdi. İnanırsız ki, Ələsgər əminin məni qiymətləndirməsi çox vacib idi. Artıq 3-4 verilişdir ki, mən Ələsgər Cabbarlının rəyini eşitmirəm. Onun həyatdan köçməsi mənə çox pis təsir edir.
Ələsgər Cabbarov xarakteri, insanlığı ilə yadda qaldı. Bu gün mən Ələsgər Cabbarlını sadəcə jurnalist kimi deyil, həm də əmim kimi xatırlayıram. Əgər biz bu gün səni anır və unutmuruqsa, demək bizlər varkən sən də yaşayacaqsan.
Bizim 2-ci Dünya Müharibəsindən yara almış Gəray Fəzli adlı müəllifmiz var idi. Gəray Fəzli ilə qohumluq əlaqələri var idi. Mənə həmişə deyərdi ki, “o çox istedadlı, amma bədbəxt adamdır. İmkan tapanda onu da çək”. Təəssüf ki, mən Ələsgər əminin arzusunu yerinə yetirə bilmədim. Ona görə də içimdə bir ağrım var.
Onun ruhu qarşısında bu borcumu yerinə yetirəcəm. Ələsgər əminin Gəray Fəzli haqqında yazdıqlarını da yaşadacam.
Ələsgər əmi qələminə əqidəsinə sadiq insan idi. Allah Ələsgər əmiyə rəhmət eləsin”
Ahıl Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Yusif Kərimov:
“Mən Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri olmağıma baxmayaraq Ələsgər Cabbarlı mənim ağsaqqalım idi. Bizim məclisin aparıcı məsləhətçisi, həyat sevər insan idi.
O xəstəliyini bilə-bilə bir dəfə də bunu biruzə vermirdi. Onunla bağlı ən xoş xatirələr mənim ürəyimdə yatır. Onu hamı, məclisin üzvləri çox sevirdi. Allah ona rəhmət eləsin, yeri behişt olsun”.
Ahıl Jurnalistlər Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə:
“Ələsgər Cabbarov Azərbaycan mətbuatında öz izi və sözü olan jurnalistlərdən idi. O uzun illər mətbuatın inkişafı üçün çox çalışıb. Mən Ələsgər Cabbarovu çox yaxından tanıyırdım. O uzun müddət “Səhər” qəzetinin də əməkdaşı oldu.
Amma əvvəl “Həyat” jurnalında, “Kommunist” qəzetində çalışmışdı. Hər zaman gənc jurnalistlərə öz cəsarəti və sədaqəti ilə nümunə göstərirdi.
Ahıl Jurnalistlər Məclisinin ən fəal üzvlərindən biri də Ələsgər Cabbarov idi. O məclisin heç bir tədbirindən qalmazdı. Hər zaman maraqlı xatirələr danışardı. Özünəməxsus bir təbəssümü var idi.
Öz dostları haqqında xatirələrdin danışardı. Onunla ünsiyyətdə olmaq bizim üçün böyük bir zənginlik idi. Ələsgər müəllimi heç vaxt unutmuruq. Onun əziz xatirəsini hər zaman yad edirik.
Çox təəssüf ki, Ələsgər müəllimi bizim aramızdan getdi. Amma biz durduqca onun əziz xatirəsini yaşadacağıq”.
Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Tahir Aydınoğlu:
“Ələsgər Cabbarov “Xalq qəzeti”nə redaksiyamız üçün ağır bir dövrdə – 1992-ci ilin təlatümlü günlərində gəlmişdi. O vaxt qəzetin üzləşdiyi çətin mənəvi və maliyyə böhranı zamanı bir sıra əməkdaşlar redaksiyanı tərk edəndə təcrübəli həmkarımız 70 il fəaliyyət göstərmiş əsas anadilli qəzetimizin öz fəaliyyətini dayandırmaması üçün redaksiyaya gəldi və öz köməyini təklif etdi. Gərəkli fəaliyyəti ilə kollektivə yardımçı olan təcrübəli jurnalist tezliklə işə qəbul olundu, sonrakı illərdə bilik və bacarığını əsirgəmədən çalışdı.
Ümummilli liderimiz Heydər Əliyevin xoş məramı ilə 1995- ci ilin noyabrında “Xalq qəzeti” yeni mötəbər ststusla fəliyyətə başlayanda Ələsgər Cabbarov əvvəl kommersiya direktoru, sonra isə bölgə müxbiri kimi redaksiyanın yeni yolda uğurla irəliləməsinə samballı kömək göstərdi. Ömrünün ahıllıq çağında Ələsgər müəllim redaksiyanı tərk etsə də, kollektivlə son günlərinədək sıx əlaqə saxladı.
Dərin elmi biliyi, geniş dünyagörüşü, xalqına və ölkəsinə sonsuz sevgisi ilə seçilən Ələsgər Cabbarovu həyatın çətinlikləri və özünü təsdiqləmək əzmi vaxtından əvvəl yetkinləşdirmişdi. İnsanlarla münasibətdə həddindən artıq səmimi, mehriban və qayğıkeş idi. O çətinlikdən qorxmur, bir qayda olaraq, ağır vəziyyətdən asan çıxış yolu tapırdı. Xeyirxahlığı, sabitqədəmliyi onun ağsaqqallığına xüsusi sambal gətirirdi. Hər yerdə hörmətlə qəbul olunur, hər işdə öz yerini bilirdi.
Ələsgər Cabbarov milli jurnalistikamızın ən yaxşı ənənələrinə bağlı idi və gəncləri də həmişə qələmi ilə xalqa gərəkli olmağa çağırırdı. Ömrünün son illərində yaşadığı Yasamal rayonunun və respublikanın Ağsaqqallar Şurasının, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin tədbirlərində yaxından iştirak edir, sözünün sambalı, mövqeyinin mötəbərliyi ilə seçilirdi.
Yetkin qələm sahibi, yurdsevər vətəndaş, mehriban həmkar və dost olan Ələsgər Cabbarovun zəngin, mənalı ömür yolu yeni nəsil yazarlar üçün örnək olmağa layiqdir. Özü getsə də ibrətli fəaliyyəti, xeyirxah işləri, duzlu- məzəli söhbətləri, işıqlı xatirəsi Ələsgər müəllimi həmişə onu tanıyanların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!”.
Ələsgər Cabbarlının qardaşı oğlu, İTV-nin əməkdaşı Akif Cabbarlı:
“Mən onu yalnız bir əmi kimi deyil, həm də yaxın dost, sirdaş, məsləkdaş, müəllimim və məsləhətçim kimi itirmişəm. Qəlbimdə, həyatımda qəribə, izaholunmaz bir boşluq yaranıb. Bundan sonra, bu yaşda inanmıram kimsə bu boşluğu doldura bilə. Dostlarım var, istəyənim, xətrimi əziz tutanlar kifayət qədərdir. Amma onun yeri tam başqa idi. Əmim nəslimizin Bakıya atılmış “desantı” kimi tanınırdı. Oxumağa, iş dalınca, yaxud müalicəyə gələnlər mütləq onu tapardılar. Heç kəsi də naümid qoymazdı. O vaxt Montində üçotaqlı mənzilində üç övladı ilə bərabər mənə də atalığı o kişi elədi. Qoymadı yataqxanada qalım. Sonra işə düzəlməyimdə, ailə qurmağımda, bir sözlə paytaxtda özümə bir yer tapmağa, çörək qazanmağa dəstək oldu, himayəçilik elədi. Ələsgər müəllimlə birgə Bakı həyatımın ömrü nə az- nə çox, düz qırx səkkiz il çəkdi. 2016-cı il aprelin 3-dək. Bu dövrdə görüşmədiyimiz, heç olmasa zəngləşmədiyimiz günü xatırlamıram. Bütün fəaliyyətim, davranışım onun müşahidə radiusunda idi. Deyirdi ki, “qardaşım İsmayılın elədiyinin heç olmasa yarısınıda mən eləsəm, rahat olaram”.
Böyük Vətən Müharibəsindən sonrakı çətin illərdə atam əmimin təhsilində, işə düzəlməsində, ailə sahibi olmasında böyük əziyyətlər çəkmişdi və Ələsgər müəllim heç vaxt bunu unutmazdı. Nə isə, o, yalnız mənə yox, bacı-qardaşlarıma, qohumlara, ona üz tutan, ərk edənlərin hamısına eyni sayğını göstərir, köməyini əsirgəmirdi. Mən əmimgildə qalanda demək olar ki, ikinci universitet keçdim. Dünya ədəbiyyatı nümunələrini, Azərbaycan və rus klassiklərinin əsərlərini məhz onun tövsiyəsi ilə oxudum. Xüsusi lüğət tərtib eləmişdi. Çalışırdı ki, rus dilini mükəmməl öyrənim. Onun bu dili dərindən bilməsi,ensiklopedik savadı, dünyagörüşü hər kəsi heyran qoyurdu. Dosteyevskini , Tolstoyu, Nekrasovu, Fedini oxuyur, özünəməxsus təhlil də edirdi. Texniki sahənin adamı kimi Azərbaycan Radiosunda elmi-kütləvi verlişlər üçün sujetlər hazırlayır, “Bakı” və “Baku” qəzetlərinin sifarişi ilə hər iki dildən qarşılıqlıqlı tərcümələr edirdi. Mən onun məşhur elm xadimləri, şair və yazıçılar, bəstəkar və müğənnilər ilə görüşlərini, qızğın mübahisələrini görərkən çox qürurlanırdım. Bu adam Səməd Vurğunu, Əhməd Cəmili, Osman Sarıvəllini başdan-ayağa əzbər bilirdi. Rəsul Rza kimi bir nəhəng söz ustadının və ictimai xadimin yanında fəaliyyət göstərməsi isə ürəyimizi dağa döndərirdi. Yay tətillərində imkan tapan kimi məni Moskvaya, Riqaya, Sankt-Peterburqa göndərir, bəzən özüdə mənimlə yol yoldaşlığı edirdi. Deyirdi ki, çox gəzən çox bilər. Nə qədər mümkündür səyahətə çıx, dünyagörüşünü artır. Bir sözlə, paytaxtımızın elitar həyatına qovuşmağımda, yazı qabiliyyətimin artmasında,dost seçimində, ailəcanlığımda o kişinin çox böyük xidmətləri olub. Və mən bütün bunlara görə onun ruhu qarşısında özümü borclu sayıram.
Mayın 12-si əmimin dünyadan köçməsinin qırx günü tamam olur. Bu tarix əvvəllər mənim qəlbimdə tamam başqa rəngdə idi. Əmim oğlu Eldar məhz bu gündə dünyaya gəlmişdi. Min təəssüflər olsun ki, iki il əvvəl aprelin 6-da ağır xəstəlikdən sonra bizi əbədilik tərk edib. İndi əmim əziz oğlunun və həyat yoldaşı Pəri xanımın yanında ikinci həyatına qovuşub. Allah hər üçünə qəni-qəni rəhmət eləsin, qəbirləri nurla dolsun”.
Modern.az saytının kollektivi də mərhum jurnalist Ələsgər Cabbarlıya Allahdan rəhmət diləyir.
Ağa AKİFOĞLU