Azərbaycanın müstəqilliyini elan etdikdən dərhal sonra, 11 noyabr 1991-ci ildə ölkəmizin müstəqilliyini ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti olub. Az sonra Bakıda Türkiyənin səfirliyi, sonrakı illərdə isə Naxçıvanda (5 fevral 1993-cü il) və Gəncədə (15 sentyabr 2010-cu il) konsulluqları açılıb.
Modern.az Musavat.com-a istinadən bildirir ki, Türkiyə dövləti müstəqilliyin ilk illərində Azərbaycanda müharibə qaçqınlarına yardım, diplomatik sahədə önəmli dəstək verib. Bu prosesdə Türkiyənin Bakıdakı səfirləri fəal şəkildə iştirak ediblər. Bu səfirlərin hər biri həm iqtidarlarla, həm də Azərbaycan milli-demokratik müxalifəti, müstəqil media ilə yaxından əməkdaşlıq ediblər.
Türkiyənin Azərbaycandakı səfirliyinin saytında ilk səfir kimi Memduh Şevket Esendalın adı gedir.
Memduh Şevket Esendal 1 yanvar 1920-ci ildən 1 yanvar 1924-cü ilə qədər Türkiyənin Azərbaycanda səfiri olaraq çalışıb. Yəni hazırkı Azərbaycan Respublikası 1918-1920-ci illər Cümhuriyyətin varisi olduğu üçün ilk səfir də o tarixdən sayılıb.
Yazar, diplomat Memduh Şevket Esendal 28 mart 1884-cü ildə Türkiyənin Çorlu vilayətində doğulub. Varlı ailənin övladı olub, ilk təhsilini Çorluda alıb, ərəb, fars və fransızca öyrənib. Türkiyə ərazilərinin işğalı nəticəsində İstanbula köçüb və daha sonra Mustafa Kamal Atatürkün dəvəti ilə Ankaraya gəlib. Az sonra Atatürk tərəfindən Bakıya səfir təyin olunub. Rəsmi olaraq 1921-ci ildə Türkiyə Cümhuriyyətinin ilk səfiri olaraq Bakıda fəaliyyət göstərib. 1925-ci ildə isə Tehrana səfir olaraq göndərilib. 1930-cu ildə Tehran səfiri vəzifəsindən istefa verib, daha sonra 2 il millət vəkili olub. 1933-cü ildə yenidən diplomatik işə qayıdır və Kabilə səfir təyin olunub. 1941-ci ildə vəzifəsindən istefa verib.
Diplomat olmaqla yanaşı bir sıra bədii əsərlərin müəllifidir. 1952-ci ildə dünyadan köçüb.
***
Türkiyənin Azərbaycana ikinci səfiri Azərbaycanın yenidən müstəqilliyini əldə etdikdən sonra təyin olunub. Səfir Altan Karamanoğlu səfir olaraq 14 yanvar 1992-ci ildə Bakıya təyinat alıb. Və bu postda 24 aprel 1995-ci ilə qədər çalışıb.
lhami Altan Karamanoğlu 1935-ci ildə Türkiyənin Bolu vilayətində doğulub. Atası Əhməd Qüdsi Muhsin Karamanoğlu Bolunun nüfuzlu Sürəyya Əfəndiləri ailəsindən olub. 1961-ci ildə Ankara Universiteti Hüquq Fakültəsini bitirib. Əmək fəaliyyətinə 1957-ci ildə Xarici İşlər Nazirliyinin protokol idarəsində başlayıb. 1965-ci ildə Konsulluq idarəsində üçüncü katib işləyib. Müxtəlif illərdə XİN-də, o cümlədən Suriyada (Hələb konsulluğu), Əlcəzairdə, İspaniyada, İranda, Fransada diplomatik vəzifələrdə çalışıb. 1991-ci ildə Bakıya baş konsul təyin olunub və bir il sonra səfir olaraq fəaliyyətə başlayıb. Bakıdan sonra XİN Konsulluq İdarəsinin müdiri olaraq çalışıb, 1998-2000-ci illərdə Vilnüsdə səfir olaraq çalışıb. 2000-ci ildə təqaüdə çıxır. Altan Karamanoğlu 2012-ci ildə dünyasını dəyişib.
Altan Karamanoğlunun adı daha çox 1995-ci il mart hadisələri ilə xatırlanır. Bəzi məlumatlara görə, onun Bakıdan ayrılmasının səbəbi də bu hadisələr və rəsmi Bakının səfirlə yola getməməsi olub.
***
Türkiyənin Azərbaycanda sayca 3-cü səfiri Ömür Orhun Bakıda 1 il 4 ay fəaliyyət göstərib. 2 may 1995-ci ildə Bakıya təyin olunan səfir Ömür Orhun 16 sentyabr 1996-cı ildə geri çağırılıb.
Haqqında geniş bilgilər olmayan Ömür Orhun Bakı ilə yanaşı, uzun müddət UNESCO və İslam Əməkdaşlıq Təşkilatında diplomatik vəzifələr tutub. Əskişəhərdə orta təhsil alıb, Orta Doğu Texnik Universitetində və XİN Akademiyasında ali təhsil alıb.
***
Türkiyənin Bakıdakı 4-cü səfiri Faruk Loğoğlu 30 sentyabr 1996-cı ildə təyinat alıb və iki il sonra, 1998-ci ilin fevralın 5-də geri çağırılıb.
Səfir Loğoğlu 1941-ci ildə Ankarada anadan olub. ABŞ Brandeis Universitetində bakalavr, Princeton Universitetində doktorluq dissertasiyası müdafiə edib. Bir il ABŞ-da müəllim olaraq çalışıb. Daha sonra 1971-ci ildə Türkiyə XİN-də işə qəbul olan Loğoğlu 1993-96-cı illərdə Danimarkada, 1996-98-ci ildə Azərbaycanda, 2001-2006-cı illərdə ABŞ-da səfir olaraq çalışıb. Bundan başqa Belçika, Banqladeş, BMT və Almaniya kimi ölkələrdə diplomatik vəzifələrdə işləyib.
Hazırda Avrasiya Strateji Araşdırmaları Mərkəzinə rəhbərlik edir, eyni zamanda UNESCO Türkiyə milli mərkəzi sədrinin müavini vəzifəsini tutur.
***
Səfir Kadri Ecvet Tezcan 6 fevral 1998-ci ildən 1 noyabr 2001-ci ilə qədər Azərbaycanda səfir olaraq çalışıb.
1941-ci ildə İstanbulda dünyaya gəlib. İstanbul Universitetini bitirib, 1971-ci ldən XİN-də işə başlayıb. Bir müddət XİN-də çalışıb, 1976-cı ildə Varşavadakı səfirlikdə ikinci katib postu tutub. Sonrakı illərdə Türkiyə XİN-də Strateji Araşdırmalar və Silahsızlaşma idarəsində şöbə müdiri, Mərkəzi Afrika şöbəsinin müdiri, 1983-87-ci illərdə Macarıstanda Budapeşt səfirliyində, 1989-93-cü illərdə Hamburq (Almaniya) konsulu, İşləyib. 1994-95-ci illərdə XİN Kəşfiyyat və Araşdırma İdarəsinə rəhbərlik edib. 1995-98-ci illərdə isə XİN Kəşfiyyat və Araşdırma mərkəzinin müdiri olaraq çalışıb. 1998-2001-ci illərdə Bakıda səfir olub. Bakıdan sonra da bir müddət köhnə işində, daha sonra isə Polşada və Avstriyada səfir olaraq çalışıb. Hazırda təqaüddədir.
***
Türkiyənin Azərbaycanda sayca 6-cı səfiri 2001-ci il noyabrın 12-dən 31 oktyabr 2004-cü ilə qədər fəaliyyət göstərmiş Əhməd Ünal Çeviközdür.
Ünal Çeviköz 1952-ci ildə İstanbulda anadan olub. 1974-cü ildə Boğaziçi Universitetində ingilis dili və ədəbiyyatı fakültəsindən, 1978-ci ildə isə yenə də həmin universitetin siyasət bilimi üzrə məzunu olub. 1993-cü ildə Brüssel Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.
1978-ci ildən Türkiyə XİN-də çalışıb. Rusiyada (Moskvada), Bolqarıstanda səfirliklərdə çalışıb. Uzun müddət XİN aparatında işləyib, NATO-nun Moskva mərkəzini yaradıb. 2001-2004-cü illərdə Bakıda, 2004-2007-ci illərdə Bağdadda səfir olaraq çalışıb.
2007-2010-cu illərdə XİN müstəşarının müavini vəzifəsini daşıyıb. 1998-ci ildən Türkiyə XİN-də Ermənistanla münasibətlərin normallaşması fəaliyyətlərində iştirak edib, 2009-cu il “Sürix protokolları” sənədinin hazırlayan müəlliflərdən biri olub, İrəvana səfər edib. 2010-2013-cü illərdə Londonda səfir olaraq çalışıb. 2013-2015-ci illərdə Beynəlxalq Dənizçilik Təşkilatının rəhbərlik edib.
Hazırda təqaüddədir. Eyni zamanda ekspert kimi fəaliyyətini davam etdirir. 5 dil (ingilis, fransız, rus, alman və italyan) bilir.
***
Səfir Turan Moralı 19 noyabr 2004-cü ildə Bakıya təyinat alıb və bu postda 4 yanvar 2007-ci ilə qədər qalıb. Turan Moralı 1943-cü ildə anadan olub.
Ankara Universiteti siyasi elmlər fakültəsini bitirib. 1996-99-cu illərdə Danimarkada, 1999-2001-ci illərdə İranda, 2004-2007-ci illərdə Azərbaycanda, 2007-2008-ci illərdə İrlandiyada Türkiyənin səfiri vəzifələrini tutub. Aralıq dövrlərdə XİN-də müxtəlif vəzifələri ifa edib. 2008-ci ildən yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
***
Səfir Hüseyn Avni Karslıoğlu 16 yanvar 2007-ci ildən 20 fevral 2008-ci ilə qədər - 1 ildən bir qədər çox Azərbaycanda səfir vəzifəsini tutub. 1956-cı ildə Yozqat vilayətində anadan olub. Ankara Universitetində siyasət üzrə təhsil alıb.
1983-cü ildə XİN Kəşfiyyat və Araşdırma İdarəsində fəaliyyətə başlayıb. 1983-84-cü illərdə Türkiyənin Tehrandakı səfirliyində 3-cü və 2-ci katib vəzifələrini tutub. 1986-90-cı illərdə Avstraliya Sidney konsulluğunda, XİN-də fərqli vəzifələrdə çalışıb. 1990-91-ci illərdə xarici işlər nazirinin katibi olub. BMT təmsilçiliyində və XİN-də bir sıra postlarda çalışıb. Norveçdə səfirlikdə, Batumda konsul olaraq çalışıb. 2007-2008-ci illərdə Bakıda çalışdıqdan sonra 2008-2012-ci illərdə Prezident Administrasiyasında katibliyin rəhbəri, 2012-ci ildən isə Almaniyada Türkiyənin səfiri vəzifəsinə təyinat alıb.
***
Səfir Hulusi Kılıç 1 mart 2008-ci ildən 15 sentyabr 2012-ci ilə qədər Bakıda çalışıb. 1956-cı il təvəllüdlü Hulusi Kılıç Hacettepa Universitetində Fransız dili və ədəbiyyatı bölümündə bakalavr və magistr dərəcələri alıb.
Eyni zamanda Strasburq Universitetində beynəlxalq münasibətlər təhsili alıb. 1975-ci ildən XİN-də çalışır. Müxtəlif vaxtlarda Strasburq konsulluğunda, Türkiyənin AŞ nümayəndəliyində, Əlcəzair səfirliyində, Bolqarıstan, Gürcüstan səfirliyində çalışıb.
Hələbdə baş konsul və Azərbaycanda səfir olaraq çalışıb. Bir neçə kitabın müəllifidir.
***
Türkiyənin Azərbaycandakı hazırkı səfiri Alper Coşkun 2012-ci ildən Bakıda çalışır. 1966-cı ildə Ankarada dünyaya gəlmiş Alper Coşkun Boğaziçi Universitetində bakalavr, Saint John’s Universitetində hökumət və siyasət mövzusunda magistr dərəcəsi alıb.
1988-ci ildən XİN sistemində işləməyə başlayıb. Rusiya səfirliyində 2 və 3-cü katib, Afina səfirliyində 2-ci katib və baş katib vəzifəsində çalışıb. Daha sonra XİN-də bir sıra vəzifələrdə işləyib. 2001-ci ildə Türkiyənin BMT təmsilçiliyinə təyin olunub.
2005-ci ildə Türkiyənin NATO təmsilçiliyinə səfir müavini göndərilib. 2010-cu ildə NATO təmsilçiliyində idarə rəisi, daha sonra Təhlükəsizlik və Kəşfiyyat baş idarəsi rəisinin müavini təyin olunub. Ardınca isə Bakıya səfir olaraq təyinat alıb.
***
Türkiyənin Azərbaycandakı səfirliyində 1997-2000-ci ildə baş katib olaraq çalışmış Ümid Yardım səfirlər qədər tanınmış şəxs olub. Onun baş katib kimi aktiv fəaliyyətini o dövrdə çalışmış media və ictimaiyyət nümayəndələri xatırlayır.
Ümit Yardım 1961-cı ildə Balıkəsir vilayətində dünyaya gəlib. Boğaziçi Universitetində bakalavr, Gazi Universitetində magistr təhsili alıb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində fəxri doktor adı alıb.
1985-ci ildə Türkiyə XİN-də fəaliyyətə başlayıb. 1988-ci ildə Pakistan İslamabad səfirliyində 3-cü katib, Moskva səfirliyində 3-cü və 2-ci katib, Afina və daha sonra Bakı səfirliyində baş katib, Lissabon səfirliyində müstəşar, eləcə də aralıq dövrlərdə XİN-də bir sıra idarə və şöbələrdə çalışıb.
2008-ci ildə Almaniyanın Ştutqard şəhərində konsulu, 2010-2014-cü illərdə isə İranda səfir olaraq çalışıb. 2014-cü il oktyabrın 1-dən Moskvaya səfir təyin olunub, hazırda Rusiya paytaxtında çalışır.
Beləliklə, qardaş ölkəni Bakıda təmsil edən səfirlərlə bağlı bilgiləri təzələmiş olduq. Onu da xüsusi qeyd edək ki, Türkiyə adına Azərbaycanda Elçilik vəzifəsinə gətirilən hər bir diplomatı Azərbaycan cəmiyyəti sevərək, bağrına basıb.
Modern.az