Modern.az

Erməni general: “Belə getsə, azərbaycanlılar Yerevanda çay içəcəklər!”

Erməni general: “Belə getsə, azərbaycanlılar Yerevanda çay içəcəklər!”

Ölkə

1 İyun 2016, 17:13

Dağlıq Qarabağda Azərbaycana qarşı baş qaldıran separatizmin liderlərindən biri, qondarma “Dağlıq Qarabağ ordusu”nun yaradıcısı və ilk “komandiri” Samvel Babayan Ermənistanın “Civilnet” telekanalına geniş müsahibə verib.

Modern.az saytı xəbər verir ki, 2 ildən artıq müddətdə Rusiyada yaşayan Babayan bu ilin aprelindəki döyüşlərdən sonra vətəninə geri qayıdıb. O, müsahibəsində hazırkı Ermənistan hakimiyyətini sərt tənqid edib və onların strateji ərazilər itirdiklərini deyib.

“Mən bilmirəm kim itirilmiş torpaqların sahəsini ölçüb - 800 metr, yaxud 1800 metr. Mövqelərə gəlincə, ilk növbədə Ağdərə istiqamətində itirilən yüksəkliklər ikili önəm daşıyırıdı. Bir tərəfdən oradakı kəndlərdə əhalinin yaşamasını təmin edir, Qarabağla Azərbaycanın sərhəddini müəyyənləşdirirdi, digər tərəfdən isə Gəncədən Tərtərə qədər bütün düzən ərazini əlimizin içi kimi nəzarətdə saxlamağa imkan verirdi. İndi bəziləri həmin əraziləri strateji, digərləri isə belə hesab etmir. Həmin əraziləri görmədən o haqda mühakimə aparmaq doğru deyil. Strateji olmayan ərazi yoxdur, xüsusən Ağdərə istiqamətində”.

Samvel Babayanın fikrincə, Azərbaycan çox sayda silah alıb və Ermənistanı yerlə-yeksan etməyə qadirdir. Onun sözlərinə görə, ermənilər nə insan potensialı, nə də silah baxımından Azərbaycanla rəqabət apara bilər.

“Siz təsəvvür edin ki, onlar Naxçıvanda Rusiya, İsrail istehsalı olan reaktiv raketlər quraşdırıblar. Sual yaranır: nə üçün? Qarabağı vurmaq üçün? Əgər onlar bunu planlaşdırsaydılar, Qarabağla sərhəddə həmin silahları quraşdırardılar. Azərbaycanlılar mütləq Yerevanı vuracaqlar. Naxçıvandan Yerevana 42 kilometrdir. Həmin reaktiv raketlər isə 70-150 kilometr məsafədə hədəfi vura bilər. Biz kəndlərimizi, şəhərlərimizi onlardan qoruya biləcəyik? Gedib Bakıda çay içəcəyimizi deməklə deyil. Belə getsə, azərbaycanlılar Yerevanda çay içəcəklər. Bizim əsgərlər bu qədər raketin qarşısında tab gətirə bilməzlər. Əgər 1 dəqiqədə ön xəttə 25 min mərmi düşsə, əsgər buna dözə bilər? Əsgərlərimiz havada raket tutacaqlar?”.

Babayan indiki hakimiyyətin xalqı aldatmaqla məşğul olduğunu deyib.

Samvel Babayan 1965-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1994-ci ildən qondarma “Dağlıq Qarabağ ordusunun komandan”ı olub. General-leytenant rütbəsinə qədər yüksəlib. Lakin 2000-ci ildə separatçıların o zamankı lideri Arkadi Qukasyana qarşı sui-qəsddə ittiham olunaraq 14 il həbs cəzası alıb. 2004-cü ildə əfv olunaraq həbsdən azad edilib.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi