Növbəti Milli Kitab Müsabiqəsinə əsərlərin qəbulu başa çatıb. Bu barədə Modern.az saytına açıqlamasında Milli Kitab Mükafatının (MKM) təsisçisi Nigar Köçərli məlumat verib. O, bildirib ki, bu il müsabiqədə iştirak etmək üçün 112 əsər qeydiyyatdan keçib. Bunlardan 27-si rus dilindədir. Ötən ildən fərqli olaraq coğrafiya sahəsində yazılan əsərlər daha çox üstünlük təşkil edir.
Müsabiqə təsisçisi bildirib ki, ötən illə müqayisədə bu ilki göstərici çox yüksəkdir. “Keçən il müsabiqəyə 265 əsər daxil olmuşdusa, bu ilki rəqəm Azərbaycan kimi balaca bir ölkə üçün yüksək nəticədir”-deyə N.Köçərli söyləyib.
N.Köçərli qeyd edib ki, bilki müsabiqə iştirakçıları arasında İran, Rusiya, Almaniya, Gürcüstan, Türkiyə, İsrail və eləcə də Ukraynada yaşayan həmyerlilərimiz də var. “Bizim bu layihəni həyata keçirməkdə əsas məqsədimiz gənc istedadları stimullaşdırmaqdır. Onları yeni əsərlər yazmağa sövq etməkdir”.
Qeyd edək ki, müsabiqənin Ekspert Şurası aşağıdakı şəxslərdən ibarətdir.
Elnarə Tofiqqızı – tənqidçi, filoloq
Mahir Qarayev – şair, tərcüməçi
Tehran Əlişanoğlu – tənqidçi, filologiya elmləri doktoru
Yaşar – yazıçı, tərçüməçı
Qan Turalı – köşə yazarı
Zahir Əzəmət – yazar
Qaliblərin müəyyən edilməsi ilə bağlı N.Köçərli bildirib ki, ekspertlər həftə sonu işə başlayacaqlar. Onlar əsərləri təhlil etdikdən sona martın 20-də ən yaxşı 20 əsər, daha sonra isə martın 27-də 10 ən yaxşı əsər münsiflər heyətinə təqdim ediləcək
Münsiflər heyəti keçən il olduğu kimi, bu il də öz rəylərini açıq formada bildirəcəklər. Beləliklə may ayının 31-də üç qalibin adı açıqlanacaq.
Müsabiqədə qalib gələn I yerin sahibinə 3000 manat, II yerin qalibinə 2000 manat və nəhayət III yeri tutan yazara 1000 manat pul və diplomlar veriləcək. Bundan başqa, ABŞ səfirliyi tərəfindən ən yaxşı tərcümə əsərinə görə 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsoru “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir. Müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunur.
Anar Rüstəmov