“Aprel döyüşləri”ndən sonra Ermənistan mediasının monitorinqini aparsaq, düşmənin sanki ən sarsıdıcı məğlubiyyətə uğradığı barədə təəssürat yaranır.
Gündəlik xəbər blokları, maneştlər, süjetlər Azərbaycan ordusunun azad etdiyi 2 min hektar ərazidən (Ermənistan tərəfinin iddialarına görə 800 hektar) ötrü səslənənən həyəcanlı çağırışlardan, Rusiyanın Azərbaycana müasir silahlar satmaqla onlara arxadan zərbə vurmasından və ciddi maliyyə itkilərinə uğradıqları üçün diasporlarından yardım istəmələrindən ibarətdir.
Serj Sarkisyan aprelin 6-da atəşkəs əldə olunduqdan sonra “Bloomberg” agentliyinə verdiyi müsahibədə erməni ordusunun ötən əsrin 80-ci illərindən qalma toplardan effektiv istifadə etməsindən danışıb və eyni zamanda Rusiyanın Azərbaycana silah satmasından narahatlığını dilə gətirib.
Paralel olaraq, Qarabağdakı separatçı qurum xüsusi bank hesabı açaraq, dünyadakı erməni icmasından “aprel döyüşləri”ndə dəyən zərəri ödəmək üçün ianə toplamağa başlayıb.
Son 2 ayda həmin hesaba 11 milyon dollardan artıq vəsaitin toplandığı bildirilir.
“Hayasan” Ümumerməni Fondu isə ilin sonunda keçirəcəyi illik telemarafon zamanı toplanan vəsaitin işğal olunmuş torpaqlara yönəldiləcəyini bildirib.
Bütün bunların fonunda isə Qarabağa təcavüzdə aktiv iştirak etmiş erməni döyüşçülərinin aqressiv ritorikası iqtidarın mövqeyi ilə ziddiyyət təşkil edir.
Ordunun durumu və malik olduğu silahlar haqda yanlış təsəvvür yaratmağa hesablanmış bu addım əslində bir neçə məqsəd daşıyırdı.
Ermənistan istər iqtidar, istərsə də müxalifət səviyyəsində Rusiya hakimiyyətini Azərbaycana silah satdığına görə tənqid etməklə, onunla eyni hərbi (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və iqtisadi (Avrasiya İqtisadi Birliyi) birliklərdə olduğunu xatırlatmaqla bir növ Moskvanı şantaj edirdi.
Aprel-may aylarında Ermənistan rəhbərliyinin tez-tez Avropaya üz tutması (Sarkisyanın Berlin və Brüssel səfərləri), Avropa ilə assosiativ üzvlük müqaviləsinin yenidən gündəmə qayıtması və Avrasiya İqtisadi Birliyindən çıxmaq barədə qanun layihəsinin parlamentdə müzakirəsi bu şantaj planın tərkib hissəsi idi.
Əslində Yerevanın diplomatik hiyləsi müəyyən mənada öz nəticəsini verdi.
Belə ki, Ermənistan 200 milyon dollar qarşılığında Rusiyadan alacağı silah və hərbi texnikanın ölkəyə gətirilməsini sürətləndirə bildi.
Həmin silahlar arasında “Qrad”, “Smerç”, “Buration” kimi artilleriya qurğularının və odsaçan reaktiv raketlərin olması Ermənistanın Bakı qarşısındakı hərbi geriliyini aradan qaldırması deməkdir.
Ermənistanı itirməmək üçün Sergey Lavrov və Dmitri Medvedevin Yerevana dalbadal səfərləri də bu dövrdə intensivləşdi.
Bağlı qapı araxasında baş tutan görüşlərdə ermənilər əlavə imtiyazlar qazandılar. Bunun elementar nümunəsi olaraq, ölkəyə satılan qazın min kub metrinin 180 dollardan 164 dollara qədər azaldılmasını misal çəkmək olar.
Bundan dərhal sonta Ermənistan rəhbərliyinin Avropa Birliyi ilə bağlı açıqlamaları daha təmkinli olmağa başladı.
Ermənistan rəhbərliyi döyüş meydanındakı məğlubiyyətin əvəzənii diplomatik yolla çıxmaq üçün bu gün də fasiləsiz çalışır.
Özünü əzilmiş, səfil və aqressiyaya uğramış köməksiz dövlət kimi qələmə verən rəsmi Yerevan həm Rusiyanı şantaj etməklə, həm diaspordan əlavə ianələr toplamaqla, həm də Avropaya sülh mesajları verməklə ənənəvi çoxəsrlik siyəsətini davam etdirir.
Bu siyasətin mahiyyəti isə gözdən pərdə asmaqla öz işağlçı siyasətini davam etdirməkdən ibarətdir …
Vüqar İsmayılov