Ötən ilin fevral ayında kredit götürənlərə kompensasiyanın ödənilməsi və güzəştlərin tətbiqini ilk dəfə təklif edəndə bu təşəbbüs rəsmi dəstək qazanmasa da, son zamanlar gələn xəbərlər müəyyən nikbinlik yaradır.
Modern.az saytının verdiyi xəbərə görə, bu haqda iqtisadçı Vüqar Bayramov öz fikirlərini bildirib
O, müzakirələr gedən vaxt kompensasiya mexanizmini rəsmi şəkildə hökumətə təqdim etdiyini bildirib:
“İkinci devalvasiyadan sonra isə bu məsələni daimi olaraq gündəmdə saxlamağa çalışdım.
Sevindirici haldır ki, müxtəlif steykholderlə o cümlədən, parlament, mətbuat, müstəqil iqtisadçılar bu təşəbbüsə ciddi dəstək verdilər. Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamalarından bəlli olur ki, artıq 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsi yekunlaşmaqdadır”.
Ekspert qeyd edib ki, parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir:
“Hökumət kreditlərə güzəştin verilməsi barədə nə qədər tez qərar qəbul edəcəksə kredit bazarındakı problemlərin həllinə o qədər tez yardım göstərmiş olacaq.
Son monitorinqlərimiz də göstərir ki, kredit götürənlərə güzəşt olmadan bank sektorundakı mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq. Rəsmi qərarı gözləyək”.
Gülşən RAUFQIZI