Modern.az

BP-də yeni vitse-prezident təyinatı - FOTO

BP-də yeni vitse-prezident təyinatı - FOTO

8 İyun 2016, 15:06

BP-nin hazırda Səngəçal Terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse prezidenti təyin olunur.

BP-nin Bakı nümayəndəliyindən Modern.az saytına verilən məlumata görə,  yeni vəzifədə Zaur Paşayev BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (apstrim üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstrim) əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

 

Bu vəzifədə Zaur Paşayev BP-nin digər bir regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur. BP-də çalışdığı 18 il ərzində Zaur Paşayev dənizdə və qurudakı əməliyyatlar sahəsində dərin təcrübə qazanıb.

Səngəçal terminalının meneceri vəzifəsindən əvvəl o, dənizdə Şahdəniz və Çıraq platformalarının meneceri, ondan əvvəl isə ixrac boru kəmərləri üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

 

Zaur Paşayev Azərbaycan Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirib və onun mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi var. 2011-ci ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda BP-nin Əməliyyatlar Akademiyasını bitirib. 2001-ci ildə Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb. Evlidir, üç övladı var.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal