“Rəsmi statistik məlumata görə, ölkədə 1.9 milyon mənzil var. Bunun 1.1 milyon vahidi şəhər yerlərinin, 800 mini kənd məskənlərinin payına düşür. Rəsmi statistika yalnız rəsmi uçotda alan mənzilləri qeyd edir. Ölkədə mənzillərin real sayını (sənədli və sənədsiz) dəqiqləşdirmək üçün ən yaxşı mənbə elektrik enerjisi ilə təmin olunmuş mənzillərin sayıdır. Çünki içməli su və təbii qazdan fərqli olaraq bütün mənzillər elektriklə təmin edilib”. Ölkədəki sənədsiz mənzillərin sayını dəqiqləşdirmək üçün bu maraqlı yanaşmanı iqtisadçı Rövşən Ağayev irəli sürüb.
İqtisadçının sözlərinə görə, hazırda elektrik enerjisi verilən mənzillərin sayı 2.4 milyondur: “Bu o deməkdir ki, ölkədəki mənzillərin təxminən 500 mini (21%-i) rəsmi qeydiyyatda deyil - bura həm qanuni sənədlər əsasında (ən azından mənzil tikintisi hüququ verən torpaq sahəsi mövcuddur) tikilən, amma mülkiyyət sənədi almayan mənzillər, həm də qanunsuz tikilən evlər daxildir.
Faktiki elektrik verilişi həyata keçirilən 2.4 milyon mənzilin təxminən 1.4 milyonu şəhərlərin, 1 milyonu isə kəndlərin payına düşür.
Bu fakt onu göstərir ki, şəhər yerlərində 300 min, kəndlərdə isə 200 min vahid mənzilin sənədləşdirilməsinə ehtiyac var”.
Modern.az