Mərkəzi Bank banklar vasitəsilə nağd formada valyuta ilə əməliyyatlara dair məlumatları açıqlayıb.
Modern.az saytının verdiyi xəbərə görə, iqtisadçı Rövşən Ağayev məsələyə dair öz şərhini verib.
Ekspert bildirib ki, bu ilin ilk 4 ayı ərzində 4 xarici valyuta üzrə (dollar, funt, avro və rubl) banklar tərəfindən satışın həcmi təxminən 1.4 milyard dollar ekvivalentində olub:
“2015-ci ilin 4 ayında bu göstərici 7 milyard dollar, 2014-cü ilin 4 ayında isə 4 milyard dollara yaxın olmuşdu. Ötən ilə nisbətən nağd xarici valyutaya tələb 5, ondan əvvəlki ilə nisbətən 3 dəfədən çox azalıb”.
R.Ağayev qeyd edib ki, bu statistika 2 nəticəni təsdiqləyir: “İqtisadiyyat aşırı səviyyədə dollarlaşıb və bütün subyektlər bütün likvid ehtiyatlarını xarici valyutaya çeviriblər. Yaxud da ölkədə məcmu tələbin ixtisarı və iqtisadi fəallığın ciddi enişi baş verir”.
Onun sözlərinə görə, son 3-4 ayda manatın xarici valyutalar qarşısında möhkəmlənməsinin əsas səbəbini də hələlik burda axtarmaq lazımdı.
Gülşən RAUFQIZI