Modern.az

Azərbaycanlı jurnalistlər “Avro-2016"ya hansı TV-lərdə baxırlar...

Azərbaycanlı jurnalistlər “Avro-2016"ya hansı TV-lərdə baxırlar...

13 İyun 2016, 11:00

İyunun 10-dan Fransada futbol üzrə Avropa Çempionatı (“Avro-2016”) start götürüb. Çempionatda ilk dəfə 24 yığma komanda 6 qrupda mübarizə aparır.

Bir ay davam edəcək turnirin oyunları Fransanın 10 müxtəlif şəhərinin stadionunda keçirilir.

Oyunları İngiltərə, Almaniya, Türkiyə, Şotlandiya, İsveç, Rumıniya, Rusiya, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Serbiya, Norveç, İtaliya, Sloveniya və Fransadan olan hakimlər idarə edir.

Qrup mərhələsinin oyunları iyunun 22-də başa çatacaq. Avropanın ən güclü yığma komandasını müəyyən edəcək qarşılaşma iyulun 10-da olacaq.

Azərbaycanda “Avro-2016”nın oyunlarını bir sıra telekanallar vasitəsilə izləmək olar: Azərbaycanın İctimai Televiziyası (İTV), CBC Sport, Türkiyənin TRT 1, TRT Sport-3, Rusiyanın “Matç” TV, NTV kanalları və s.

Maraqlıdır, azərbaycanlı jurnalistlər “Avro-2016”nın “futbol keyfi”ni hansı telekanallarda izləməyə üstünlük verirlər?

Modern.az saytı bu sualla bəzi KİV nümayəndələrinə müraciət edib.

 

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirib ki, futbol oyunlarını əsasən Rusiya vəTürkiyə televiziyalarından izləyir:

 

“Avropa Çempionatını Azərbaycanda yerli CBC Sport və İctimai TV yayımlayır. Bu səbəbdən həmin 2 kanaldan izləyirəm. Eyni zamanda, bəzi oyunlara Rusiya və Türkiyə kanallarından da baxıram. Yəni, seçim imkanı olduğundan şərhçilərin, yayım keyfiyyətinin hansı kanalda üstün olduğuna fikir verirəm”.

 

Müstəqil jurnalist Seymur Kazımov deyib ki, türkiyəli və rusiyalı futbol şərhçiləri daha peşəkar olduğuna görə, yerli telekanallarda futbol oyunlarını izləmir:

 

““Avro-2016”nı əsasən Türkiyə və Rusiya televiziyalarından izləyirəm. Onların idman şərhçiləri daha peşəkardırlar. Həm şərhçi, həm də futbol biliciləri kimi onlar daha xoş təsir bağışlayırlar”.

 

Gün.az saytının baş redaktoru Emil Quliyev “Avro-2016-nın oyunlarını Rusiyanın NTV televiziyasından izlədiyini söyləyib. Baş redaktor bildirib ki, İctimai Televiziyanın belə böyük futbol bayramını şərh etmək sahəsində təcrübəsi yoxdur:

“Mən “Avro-2016”nı Rusiyanın NTV kanalından izləyirəm. Konkret bir səbəb yoxdur. Ola bilər ki, adət etdiyimə görə belədir. CBC Sport Azərbaycan çempionatını çox yaxşı göstərir və şərhçilər də yaxşı işləyirlər. Ona görə də inanıram ki Avropa Çempionatını da yaxşı şərh edərlər. Amma İTV-nin bu sahədə təcrübəsi yoxdur və bilmirəm turniri necə şərh edirlər. Baxan dostlarımdan yüksək fikir eşitməmişəm”.


“Space” televiziyasının əməkdaşı Azadə Balayeva futbolu Türkiyə teviziyalarından izləyir:

““Avro-2016”nın oyunlarını TRT1-dən izləyirəm. Türk şərhçilər futbolu daha yaxşı şərh edirlər. Əslində mən rusların da futbol şərhini bəyənirəm. Amma oğlum rusca anlamadığına görə, qarşılıqlı razılıq əsasında TRT 1-dən baxırıq”.

 

Azvision.az saytının redaktoru Anar Rüstəmov yerli telekanalların futbol şərhi və təqdimatının onu qane etmədiyini söyləyib:

“Oyunları demək olar ki, CBC Sport və TRT 1 vasitəsi ilə izləyirəm. Daha çox TRT-dən izləyirəm. Bizim televiziyalarda oyunların təqdimatı bir o qədər məni qane etmədiyi üçün türk kanallarından izləyirəm”.

 

Lent.az-ın redaktoru Səbuhi Məmmədli deyib ki, “Avro-2016”nın oyunlarını Rusiya telekanallarından izləyir:

“Mən birmənalı olaraq “Avro-2016”nı Rusiyanın “Matç” TV kanalından izləyirəm.  Buna əsas səbəb odur ki, o televiziyada futbol şərhçiləri həqiqətən də yüksək səviyyədə peşəkardırlar.
Hətta türklər də bu baxımdan ruslara çata bilməz. İTV-də isə futbola baxmaq günahdır”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy hesab edir ki, “Avro-2016”dan zövq almağa çalışdığı üçün bu oyunları heç bir yerli televiziyadan izləmir:

“Oyunları Türkiyə telekanalından, əsasən TRT 1-dən izləyirəm. Səbəbi də məlumdur. Bizim futbol şərhçiləri izləyicinin əsəblərini rəqib komandadan artıq korlayırlar. Ona görə də belə gözəl çempionatdan maksimum zövq almağa çalışıram. Heç yerli kanallarımızdan hansının “Avro-2016”nı yayımlaması ilə maraqlanmamışam”.

 

Qafqazinfo”nun redaktoru Günel Əbilova Avropa Çempionatının oyunlarını adətən TRT dən izlədiyini deyib:

“Artıq “Avro-2016”nın  iki oyunu izləmişəm. Hər ikisini də TRT-dən izləməyi üstün tutdum. Əvvcəldən türkiyəli şərhçilərin emosiyalarını bəyənirəm. Xüsusilə də Türkiyə-Xorvatiya qarşılaşmasının şərhi və aparılması çox xoşuma gəldi”.

 

"Report"un redaktoru Pərvin Abbasov Avropa Çempionatını əsasən Türkiyə televiziyalarından izləyir:

“Avro-2016”nı TRT1 və TRT Spor kanallarından izləyirəm. Çünki çempionatı nümayiş etdirən yerli kanallar oyun başlayan vaxt peyk yayımını dayandırır”.

“Avto FMradiosunun xəbər spikeri Günay Məmmədova futbolu Rusiya telekanallarında izləməyi daha çox xoşlayır:

“Futbol çemionatlarını TRT 1-dən izləyirəm. Dünən Türkiyə-Xorvatiya qarşılaşmasına da Türkiyə televiziyasında baxdım. Amma başqa oyunlara Rusiya televiziyalarında baxıram. Çünki onların futbol şərhi daha çox xoşuma gəlir”.


APA TV-nin xəbər müdiri Cavid İsmayıl deyib ki, “Avro-2016”nın oyunlarını əsasən TRT-dən izləyir:

““Avro-2016”nın oyunlarını əsasən TRT-dən izləyirəm. Yerli telekanllarımızdan İTV və CBC-də və bir neçə rus telekanallarında da futbola baxıram. Hər halda, Türkiyə millisini türk, Rusiya millisini rus kanalında izləməyin zövqü başqadır .
Son illər Azərbaycanda peşəkar idman şərhçiləri ordusu yarandı. Doktor Ziya, Rövşən Binnətli, Elnur Məmmədli, Səyavuş Əliyev və adlarını sadalamadığım daha bir neçə şərhçimiz ana dilimizdə bizlərə futbola baxmağı sevdirdi”.

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI