Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımızı birləşdirən diaspor təşkilatlarından biri - US Azeris Network (USAN) - ABŞ Azərbaycanlılar Şəbəkəsi bu ilin aprelində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş bir neçə hərbçinin ailəsinə maddi yardım edib.
Məlumatı Modern.az saytına Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı verib.
O qeyd edib ki, təxminən 1 ay öncə USAN - ABŞ Azərbaycanlılar Şəbəkəsinin rəhbərliyindən ona telefon ediblər:
“Açığı həmin zəngə qədər o təşkilatın rəhbərliyini tanımırdım. Ancaq telefon zəngindən məlum oldu ki, ABŞ-da yaşayan bir qrup soydaşımız şəhid ailələrinə yardım etmək istəyir. Mənə bildirildi ki, belə zamanda insan sərhəddən o tərəfdə daha çox narahat olur.
Hadisələri diqqətlə izləyən soydaşlarımız məndən şəhid ailələrinin ünvanlarını, telefon nömrələrini istədilər. Qeyd edildi ki, Modern.az saytına inanırlar və bizim verəcəyimiz məlumata uyğun olaraq şəhid ailələrinə yardımlar edəcəklər.
Mən bu etibara görə soydaşlarımıza təşəkkürümü bildirdim. Bu gün artıq məlumat aldıq ki, yardımlar ünvanlarına çatıb”.
E.Eyvazlı qeyd edib ki, bu məsələni ictimailəşdirməyin vacibliyi sırf şəhid ailələrinə dəstəklə bağlı deyil:
“Dövlət bu sahədə böyük işlər görür və əslində başqa dəstəyə ehtiyac qalmır. Ancaq hər bir şəhid ailəsinə dəstək olmaq elə bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Sadəcə, biz bu məlumatı yaymaqla digər diaspor təşkilatlarına ismarıc ötürmək istədik. İnanmaq istəyirəm ki, US Azeris Network(USAN) - ABŞ Azərbaycanlılar Şəbəkəsinin bu addımı digər təşkilatlarımız üçün bir presedent olacaq”.
Modern.az