Modern.az

Azərbaycanda yeni Sənaye Məhəlləsi yaradıldı

Azərbaycanda yeni Sənaye Məhəlləsi yaradıldı

13 İyun 2016, 18:35

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama görə, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsi yaradılacaq.

Müəyyən edilir ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır; Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.

Nazirlər Kabinetinə Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görəcək; bu sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal