Modern.az

Mərkəzi Bank ləğv oluna bilər? - ŞƏRH

Mərkəzi Bank ləğv oluna bilər? - ŞƏRH

İqtisadiyyat

14 İyun 2016, 17:35

Azərbaycanda start götürən struktur dəyişiklikləri fonunda eyni funksiyalı daha 2 qurumun mövcudluğu diqqətdən yayınmır. Bunlardan biri dünya praktikasında da mövcud olan Mərkəzi Bank, digəri isə təxminən eyni funksiyaları icra edən Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Tarix göstərir ki, əksərən bu tip qurumlar bir-birinin əksinə qərar verməklə mübarizə üsulunu seçirlər. Bizdə də bu halın yaşanması istisna deyil...

 

İqtisadçı Natiq Cəfərli Modern.az saytına açıqlamasında deyib ki, Mərkəzi Bankın kommersiya bankları arasındakı nüfuzu son iki ildə xeyli dərəcədə zəifləyib:

 

“Artıq Mərkəzi Bank bankların “requlyatoru” kimi çıxış etməkdə çətinlik çəkirdi. 2015-ci ildə manatın 2 dəfə devalvasiyaya uğramasından sonra Mərkəzi Bankla kommersiya bankları arasında ciddi narazılıqlar yarandı. Bunu nəzərə alaraq manatın məzənnəsi ilə bağlı funksiyanı Mərkəzi Bankda saxlamaq şərti ilə, bankların idarəedilməsi, təkmilləşməsi yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına dövr edildi.

 

Obrazlı desək, Mərkəzi Bank artıq bu işə “bulaşmışdı” və işi sona çatdırmaq lazım idi. Açığı beynəlxalq praktikada bunun örnəkləri var, sadəcə bizdə 2 bir-birinə yaxın funksiyalı qurumların işi çox vaxt sağlam rəqabətə yox, bir-birinə mane olmağa xidmət edir.

 

O nöqteyi-nəzərdən gələcəkdə Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi problemlərin yaşanması gözlənilir. Yəni indidən bunu sezmək olur..”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın funksiyaları onsuz da yerində qalmalıdır:

 

“Çünki, dünyanın bütün ölkələrində baş bank müstəqil bir qurum kimi fəaliyyət göstərir və bunsuz mümkün deyil. Sadəcə ola bilər ki, gələcəkdə Mərkəzi Bankın funksiyalarını daha da azaltmaqla Maliyyə Bazarlarına Nəzarət Palatasının müdaxilə etmək ehtimallarını və sahəsini genişləndirə bilərlər. Bu ehtimal var, amma Mərkəzi Bank bir qurum kimi mütləq qalmalıdır”.

 

N.Cəfərli Azərbaycanda son zamanlar gözdən düşən, sual yaradan qurum olaraq Mərkəzi Bankın əsl nümunə olduğunu vurğulayıb:

“Çünki, hər iki devalvasiyadan öncə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov belə bir addımın atılmayacağını xalqa bəyan etdi. Amma hər iki dəfəsində də devalvasiya baş verdi. Məhz buna görə də, baş bankın nüfuzu xeyli dərəcədə zədələnib.

 

Onun nüfuzunun hələ uzun zaman bərpa olunması çətin məsələdir. Sadəcə görünən odur ki, Mərkəzi Bankın funksiyalarını azaltmaq, kommersiya banklarına təsir imkanlarını çoxaltmaq yolu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunda təsirli olması üçün nüfuzunu artırmağa çalışacaqlar və bu yolla gedəcəklər”.

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal