Modern.az

Vergi cinayətləri ilə bağlı 90 işə xitam verildi

Vergi cinayətləri ilə bağlı 90 işə xitam verildi

İqtisadiyyat

16 İyun 2016, 10:15

Prezident İlham Əliyevin Amerika Ticarət Palatasının nümayəndə heyətinin qəbulu zamanı Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı fikirlər səsləndirilməsindən, bunun ardınca mövcud qanunvericilikdə dəyişikliklər edilməsi barədə tapşırıqlarından sonra qısa müddət ərzində müvafiq layihə hazırlanaraq ölkə başçısının sərəncamları ilə təsdiq edilib.

Modern.az saytının verdiyi xəbərə görə, Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlil və vergi borclarının alınması işinin baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə bu dəyişikliklərin əhəmiyyəti, vergi hüquqpozmalara yol vermiş şəxslərə münasibətdə yaratdığı imkanları  və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına təsirlərini şərh edib.

O bildirib ki, “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” və “ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 6 may 2016-cı il tarixli qanunları iqtisadi fəaliyyət sahəsində olan inzibati xətalara və cinayətlərə görə inzibati və cinayət məsuliyyətinin müəyyən edilməsi meyarlarında dəyişikliklər aparılıb, bəzi inzibati və cinayət əməllərinə görə, məsuliyyətdən azad olunmanın şərtləri müəyyən olunub, əvvəllər cinayət sayılan, lakin hazırda müvafiq qanunla cinayət hesab olunmayan əməllərə görə hüquqi tənzimləmə mexanizmləri təsbit edilib.

Yekun müddəalarda bu qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslərin cəzadan azad olunması, habelə həmin qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin məhkumluğu olmayan hesab edilməsi, eləcə də məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu qanunla yaxşılaşdırıldığı hallarda, həmin məsələlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması qaydaları öz əksini tapıb.

Qanunun 2.4-cü maddəsində göstərilir ki, bu qanunun 1-ci maddəsinə əsasən, cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını və cəza tətbiq edilməsi zərurətini aradan qaldıran yeni qanunun qüvvəyə minməsilə əlaqədar cinayət işinə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir.

Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən,  yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır.

Beləliklə, Vergilər Nazirliyinə həvalə edilmiş, Cinayət Məcəlləsinin 192, 192-1, 193, 205-2, 213-cü maddələrində göstərilən əməllərin törədilməsi nəticəsində dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğləri 20 000 (iyirmi min) manatdan az olduqda həmin cinayətlərə dair işlər üzrə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

Bundan sonra vergi orqanları qeyd olunan maddələrdə göstərilən əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsini araşdırmalı və qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görməlidir. Yəni, vergi orqanları tərəfindən inzibati xəta tərkibinin bütün əlamətlərinin olub-olmaması araşdırılmalı və inzibati xəta tərkibi mövcud olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində müəyyən edilmiş müddət gözlənilməklə inzibati xəta haqqında protokol tərtib edilməlidir.

Z.Məmmədzadə onu da vurğulayıb ki, cinayət məsuliyyətinə cəlb olunmadan azadetmə vergidən yayınmaq üçün əsas ola bilməz:

“Cinayət Məcəlləsində edilmiş dəyişiklikdən sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Araşdırılması Departamentində istintaq aparılmış və dəymiş zərərin məbləği 20 000 manatadək olan 90 cinayət işinə xitam verilib. Lakin bu qəbildən olan cinayət işlərinin icraatına xitam verildikdən sonra borclu vergi ödəyicilərinin dövlət büdcəsindən yayındırdıqları borcları silinmir, onlar buna görə, sadəcə cinayət məsuliyyəti daşımırlar. Bundan sonra həmin borclar könüllü şəkildə ödənilmədiyi təqdirdə, onların məcburi qaydada alınması üçün müvafiq inzibati tədbirlər görüləcək”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal