Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytı xeyli vaxdır ara verdiyi "Məşhurların övladları”adlı rubrikasına yenidən davam edir. Rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgiləri təqdim edirik.
Budəfəki təqdimatımız tanınmış bəstəkar Eldar Mansurovun oğlu barəsindədir.
Eldar Mansurov haqqında danışarkən, onu birmənalı olaraq Azərbaycanın hazırda ən məşhur bəstəkarlarından biri kimi təqdim etməliyik.
Eldar Mansurov 1952-ci il Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
"Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Qeyd edək ki, Eldar Mansurovun iki 2 oğlu var.
Eldar Mansurovun oğlanlarından biri, Ülvi Mansurov özəl bankçılıq sahəsində ixtisaslaşıb.
O, 13 dekabr 1983-cü il Bakı şəhərində anadan olub.
2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində təhsil alıb.
2013-ci ildə Ü.Mansurov iqtisad elmləri namizədi dərəcəsini alıb.
Ü. Mansurov 2012-2015-ci illərdə Warwick University-də təhsil alıb, Warwick Business School proqramının məzunudur.
Ülvi Mansurov əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankının Sahil filialında başlayıb, 2012-ci ilədək Mərkəzi xəzinədarlıq, Maliyyə menecmenti, Daxili audit departamenti, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərindəi müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsinə seçilib və bu vəzifədə 3 il çalışıb.
Ülvi Mansurov hazırda Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində təmsil olunur. O, 2015-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.
A.Qorxmaz