Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur..?
Ötən həftələrdə Şəki və Gədəbəy rayonları haqqında müxtəlif sahələrin insanlarının cavablarını təqdim etmişdik.
Bu dəfə sualımız Ağdam rayonu barədə oldu..
“Ağdamlılar dostluq etməyi bacarır”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, Ağdam rayonu deyəndə ilk ağlına gələn bu rayonun işğal olunmuş Azərbaycan ərazisi olmasıdır.
“Təssüflər olsun ki, bu son 20 ilin yaratdığı təəssüratdır”. Müsahibimizin fikrincə, bu rayonu tanıdan digər bir xüsusiyyət muğam musiqisidir: “Bu rayon haqqında ikinci təəssüratım muğam musiqisi ilə bağlıdır”.
E.Mirzəbəyli üçünçü təəssüratının isə Ağdam camaatının 1-ci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqla bağlı olduğunu bildirdi.
“Ağdam rayonunun insanları digər bölgələrin insanları ilə hansı xüsusiyyətinə görə fərqlənir” sualına isə E.Mirzəbəyli belə cavab verdi: “Ağdamlılar çox səmimi, qonaqpərvər, dostluq etməyi bacaran, yeri gələndə zarafatcıl, vətənpərvər insanlardır. Mən Azərbaycanı bölgələrə bölmək istəməzdim, amma, ağdamlılar arasında cox sayda dostlarım var, bu insanlar dostluq etməyi bacarırırlar”.
“Ağdamlılar biznes işini yaxşı bacarırlar”
İqtisadçı ekspert Vüqar Bayramovun sozlərinə görə, Ağdam rayonu deyəndə ilk ağla gələn muğam musiqisidir: “Bu rayon xeyli sayda muğam sənətcisi yetişdirib. Hazırda muğam musiqisini yaşadan insanların əksəriyyəti Ağdamda doğulub, böyüyüb”.
Ağdamın insanlarının necə tanınmasına gəlincə, V.Bayramov bu suala ekspert kimi yanaşdı: “Mənim müşahidələrimə görə, bu rayonun insanları digər rayonun insanları ilə müqayisədə biznesdə daha çox uğur qazanırlar. Buranın insanlarının biznes fəailiyyəti daha uğurlu olur və bu fəaliyyətlərini genişləndirmək baxımından daha uğurlu addım atmaları ilə secilirlər”.
“Mənim ürəyimdə Ağdamla bağlı yara var”
Xalq sairi Zəlimxan Yaqub da Ağdam haqqında fikirlərini bizimlə bölüşdü: “Ağdam deyəndə mənim fikrimdə, Azərbaycan xəritəsində, Azərbaycan mənəviyyatında çox böyük potensiala malik şəxsləri olan rayon gəlir. Bu şəxsiyyətlər içində həm qoçaqlıq, həm qaçaqlıq, həm elmi, həm muğamı, həm də mərdliyi ilə secilən insanlar çoxdur. Ağdam rayonundan çox sayda dostlarım var, mən xöşbəxtəm ki, Xudu Məmmədov, Rafiq Məmmədov və başqa çoxlu sayda görkəmli şəxsiyyətlərlə dostluq etmişəm”.
Z.Yaqubun sözlərinə görə, Ağdam Azərbaycanı dünyada tanıdan rayonlardandır: “Ağdam xan qızı Natəvanın, böyük ziyalılarımız Xudu Məmmədovun, Rafiq Məmmədovun vətəni kimi dünyada tanınır”.
Həmsöhbətimiz Ağdamın görkəmli şəxsiyyətləri haqqında saatlarla danışa biləcəyini qeyd etdi.
Bu rayonun insanlarını isə Zəlimxan Yaqub belə tanıyır: “Buranın insanları ötkəmliyi, mübarizliyi, səxavəti, səmimiyyəti, qonaqpərvərliyi ilə tanınır. Çox təssüflər olsun ki, Ağdam xəyanətin qurbanı oldu və bu bölgəni yaman günə qoydular. Amma Ağdam bu xəyanətə layiq deyildi. Mənim ürəyimdə Ağdamla bağlı yara var, ümid edirəm ki, bu yara tezliklə sağalacaq. Ağdam haqqında təkcə onu demək kifayətdir ki, Qarabağ müharibəsində Ağdam ən çox şəhid verən rayon oldu. Qarşıdan 20 yanvar soyqırımının ildönümü gəlir. Bizim borcumuzdur ki, Ağdamı işğaldan azad edək və o, şəhidlərin, o müqəddəs insanların ruhu da şad olsun”.
“İlk ağlıma gələn dağıdılmış hərbi sursat anbarları olur”
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirdi ki, Ağdam rayonu deyəndə ilk ağlına gələn bu rayonda olan hərbi sursat anbarları olur: “Bu silahları insanlara payladılar, amma nəticəsi omadı, Xocalıya kömək edə bilmədilər”.
“Ağdamın insanlarını necə tanıyırsınız” sualına isə A.Əlizadə ”mən bu rayonun insanları ilə o qədər də yaxın təmasda olmamışam ki, fikir yürüdüm” deməklə kifayətləndi.
“Dağıdılmış, viran qalmış rayon yadıma düşür”
Millət vəkili Fəzail Ağamalı bildirdi ki, Ağdam vaxtilə inkişaf etmiş rayon mərkəzi yadına düşür: “Bu rayon ixtisaslaşmış kənd təsərrufatına malik rayon idi. Bu mənim gənclik təssuratlarımdır.
İndi isə bu rayonun adı çəkiləndə dağıdılmış, viran qalmış, yerlə-yeksan olmuş rayon gözlərimin önünə gəlir”.
Bu rayonun insanlarının hansı xüsusiyyətlə tanındığını F.Ağamalıdan da öyrəndik. Deputat dedi ki, bu rayonun insanları ilə çox təmasda olmayıb: “Müşahidələrimə əsasən deyə bilərəm ki, bu rayonun insanları digər rayonların insanlarından uğurlu biznes fəailiyyətlərinin olması ilə fərqlənir”.
Sədaqət SÜLEYMANOVA