“Sankt-Peterburq görüşünün müsbət nəticələri var”.
Modern.az xəbər verir ki, məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olarkən hərbçilərlə görüşündə deyib.
Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev dedi ki, Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu prosesinin məqsədyönlü və planlı şəkildə həyata keçirildiyini qeyd edən dövlət başçısı Azərbaycanda yaradılan hərbi-sənaye kompleksinin də müasir səviyyədə olduğunu bildirdi.
Ordumuzda döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu deyən Ali Baş Komandan bildirdi ki, bunu aprel döyüşləri də göstərdi. Ermənistanın aprel təxribatına ordumuzun layiqli cavab verdiyini bildirən Prezident İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə etdi. Hərbi qüdrətimizin daha da artırılmasının əhəmiyyətindən danışan dövlət başçısı dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək. Ali Baş Komandan qeyd etdi ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Prezident İlham Əliyev bildirdi ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan Prezident İlham Əliyev dedi ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var.
Prezident vurğuladı ki, aprel ayında Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün Azərbaycana qarşı silahlı təxribata əl atıb, mövqelərimiz atəş altına düşüb: “Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi. Erməni təxribatı nəticəsində 6 mülki şəxs həlak oldu. Hərbçilərimiz həlak oldu, yaralı hərbçilərimiz oldu. Təbii olaraq Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərib işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıb. Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələlərlə məşğul olanlara cidldi siqnal olacaq. Çünki Ermənistanın istəyi bu proses sonsuz proses kimi görmək, status-kvonu saxlamaqdır. Görəndə ki, onlara qarşı beynəlxalq vasitəçilər tərəfindən təzyiqlər artır, müxtəlif təxribatlara əl atırlar. 2014-cü ilin noyabrında da bizə qarşı silahlı təxribat törətmişdilər. Biz layiqli cavab verəndən sonra Ermənistan bundan istifadə edərək, bəhanə gətirərək demək olar ki, danışıqları dondurmuşdu. 2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıqlar aparılmırdı. 2015-ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilər tərəfindən siyasi təzyiq artır, yeni silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər. Münaqişə tezliklə həll olunmalı, məsələ beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllini tapmalıdır”.
Sonda Ali Baş Komandan bir daha vurğuladı ki, ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcək və Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir.
Modern.az