İstanbul polisi Atatürk hava limanında terror törətməkdə təqsirli bilinən iki nəfərin şəxsiyyətini müəyyənləşdirib.
Modern.az-ın Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, polis onları "Rəhim Bulqarov və Vadim Osmanovun pasportlarını saxlayan" adlandırır. Üçüncü terrorçunun şəxsiyyəti hazırda dəqiqləşdirilir.
Hadisədən öncə terrorçuların terrorun təşkili ilə bağlı vacib informasiyanın əks olunduğu noutbukun hard diskini məhv edərək atdıqları müəyyənləşdirilib.
Xatırladaq ki, İstanbuldakı son terror hücumlarının təşkilatçısı əslən Çeçenistanın Pankisi dərəsindən olan “təkqol Əhməd” ləqəbli Əhməd Çatayev hesab edilirdi. O, İŞİD-in yüksək rütbəli komandirlərindən biridir və Amerika kəşfiyyatı Çatayevin Türkiyədə terror hazırladığı haqda Ankaranı xəbərdar edibmiş.
28 iyunda İstanbulda baş vermiş terror hadisəsində 44 nəfər həlak olmuş, 239 nəfər isə yaralanmışdı.
İlkin məlumatlara görə, terror hadisəsinin arxasında İŞİD terror təşkilatı durur.
Modern.az