Firuzə NADİR
Getmə, kimsəsizəm, qal, sənə qurban,
Ömürlük həmdəmim ol, sənə qurban...
İlahi! Bu, nə səsdir? Hələ yer-göy eşitməyib beləsini!..
Bu, nə nalədir, bu, nə fəryaddır belə? Kimsə belə yandırıb-yaxmayıb hələ...
Bu, hansı çarəsizdir – boynubükük bənövşə tək sərilib yollara. Ümidi gümana, gümanı dumana dönüb. Əlləri uzalı qalıb: “Getmə, kimsəsizəm...”
Bir damla göz yaşı həsrətin bumbuz soyuqluğundan donub kipriklərin arasında! Qürur sınıb, çilik-çilik olub, düşüb ayaqlar altına, tapdanıb! “Təki getməsin!..”
Getmə, uzaqlara, qal sənə qurban,
Bu dilsiz-ağızsız, lal sənə qurban...
İlahi, necə oxumaqdır bu? Ürəyimizin qapısını sındırıb, əli-qolu bağlı əsirə döndərib öldürür, dirildir adamı! Qulaqları yox, qəlbi parçalayır, ruhumuzu titrədir! Hansı acı çəkdiyini bilən yox! Amma acı çəkməsə, belə haray çəkə bilərmi, heç?..
Əgər üz çevirib getsən uzağa,
Qalmaz aşiqində hal, sənə qurban…
Aman Allah! Qopa bilməzsən bu səsdən! Bu nəğmədən sonra gedə bilməzsən! Bu İlahi səs buraxmaz səni, yapışar yaxandan, “Qalmaz aşiqində hal...” deyə yalvarar, “Qal, sənə qurban...” deyə nalə çəkər.
İnsafın olsun!.. Qandırma məni! Söküldü ciyərim! Özün dediyin kimi: “...bu dəqiqə ürəyim partlayacaq”. Burax, çıxım gedim – gedə bilsəm! Saxlama yolumdan! Elə bilirsən, bu “dilsiz, ağızsız lal”ın fəryadından qopub getmək belə asanmı?..
Mən ki, dərdlərimi içimə atıb, üstünü də bərk-bərk basdırmışdım. Gizlətmişdim, gizlətmişdim ki, bir də dikəlib, varlığımı didməsin, ruhumu yandırmasın, vücudumu parçalamasın. Çiynimdə yüküm çoxdur axı, ağırlığından çöksəm, bir də qalxa bilmərəm...
Budur, bu səsin, bu ifanın gözümüzün önündə çəkdiyi mənzərələr və bizə yaşatdığı duyğular... İlahi, səslə kədərin rəngini bu qədər ustalıqla yaratmaqmı olar?..
Yox, sadəcə, bir nəğmə, bir oxumaq, bir ifa deyil bu! Bir sənət incisidir! Azərbaycan musiqisinin ölümsüz bir parşasıdır! Yaradanlara, yaşadanlara min əhsən! Amma... Heç kim inciməsin, məncə, onun tək bircə, bircə ifaçısı var! Bu nəğmə tək ona yaraşır! Bu nəğmənin mükəmməl ifası yalnız ona məxsusdur! Bu nəğməyə möhür vuran odur! İllər öncə özünə, səsinə, xarakterinə yaraşan bu nəğməni Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Kamera Orkestrinin müşayiəti ilə elə özünə layiq səviyyədə oxudu və Azərbaycan musiqi sənətinə təkrarsız bir yadigar verdi Nəzakət Teymurova. O konsert indi də gözümün önündədir. Filarmoniyanın səhnəsində o idi, bir də onu müşayiət edən orkestr. Zalda isə heyranlıqla, təəccüb və heyrət içində ona diqqət kəsilən tamaşaçılar vardı. O bəxtəvərlərdən biri də mən idim...
Səsin yanğısı...
Yerli olsaq da, ilk dəfə Bakıda, Asəf Zeynallı adına Musiqi Texnikumunda görüşmüşük. Səhv etmirəmsə, 1996-cı il idi. Texnikumdan AzTV üçün veriliş hazırlayırdıq. Seyid Şuşinskidən dərs almış Nəriman Əliyevin muğam sinfini çəkdik. Dərsdəki tələbələrdən ikisi yadımda qalıb: Aygün Bayramova və Nəzakət Teymurova. Aygünlə eyni kənddən idik, beş-on addım aramız vardı, həm də eyni orta məktəbdə oxumuşduq. El-obamızın, məktəbimizin fəxri idi. Nəzakəti isə ilk dəfə görürdüm. Və elə həmin dərsdə Aygün sevgimə bir Nəzakət heyranlığı da əlavə olundu. O gün-bu gün, o da bir ruh kimi qarışdı ruhuma. Qarabağın, Ağdamın ruhu kimi, Qarabağdan “gələn” o müqəddəs səslərin ruhu kimi...
Gör neçə il keçib. İllər heç dəyişmədi onu. Sadəliyi, məlahəti, danışığı, hətta o şirin Ağdam ləhcəsi də əvvəlki kimidir. Dəyişən təkcə gözəlliyinin üstünə gələn gözəllik, uğurlarını üstələyən uğurlarıdır...
Səs deyilən məhfum, əslində bir köz parçasıdır, onun yanğısına tab gətirmək mümkün deyil. Nəzakətin səsi, o səslərdəndir, yanğısına dözə bilmirsən. Bu səs olduqca böyük təsir bağışlayır. Bu səsfərqlidir – elə sahibi kimi. Fərqli olduğuna görə də hər zaman daha çox diqqət çəkir, daha çox cəzb edir. Onun ifasında retro nəğmələri dinləyəndə bir daha əmin olursan ki, musiqi heç vaxt köhnəlmir. Təbii ki, bu, peşəkarlıq, usta ifa, əsl sənətlə bağlıdır. Onun hər konsertinə ac gedib, tox qayıdırsan. Mənəvi rahatlıq tapırsan, saflaşırsan, durulursan. O, təkcə ifası ilə yox, zahiri görünüşü, geyimi, səhnədəki davranışı, dinləyici və tamaşaçısına hörməti ilə də səni heyran edir. Buna görədir ki, tamaşaçısı olduğum hər konserti mənim üçün bir musiqi bayramına çevrilib...
Nəzakəti qismət gətirib sənətə. Ağdamda orta məktəbi bitirib. Bakı Energetika Texnikumunda oxuyanda, institut və texnikum tələbələri arasında keçirilən müsabiqədə birinci yerə çıxıb. Tale də burada öz sözünü deyib. Görüblər ki, səsi var, göndəriblər Asəf Zeynallı adına Musiqi Texnikumuna, muğam sinfində beş il oxuyub. ”Şanslıyam, çünki Allah bu səsi verib, muğamları öyrəndim, Allah məni yönləndirdi.”Sonra Dövlət Konservatoriyasına daxil olub, canlı əfsanəmiz, professor Arif Babayevdən dərs alıb, daha sonra magistraturada oxuyub. Konservatoriyaya daxil olandan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir...
“Leylinin Leylisi...”
Leyli ilk sevgisidir – Operada. 1996-cı ildən Opera və Balet Teatrının səhnəsində Leylini oynayır – 13-cü Leylidir. Özündən əvvəlki Leylilərin hansı ruhuna daha yaxındır – bilmirəm. Hansı Leylini daha çox sevib – onu da bilmirəm. Bəs hansı Leylidən daha çox öyrənib – bundan da xəbərsizəm. Amma onu bilirəm ki, səhnəmizin ən gözəl Leylilərindən biridir və musiqi tariximizdə, həm də öz Leylisi ilə qalacaq. O, Leylini “yaradıb”, yaşadıb, sevdirib. Böyük Üzeyirin ölümsüz “Leyli və Məcnun”unun 100 illik yubiley tamaşasında Leylini oynamaq da ona qismət olub. Məncə, bu, təsadüf deyil, Allah bunu, məhz Nəzakətin taleyinə yazıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə “Leyli və Məcnun” operasının YUNESKO-nun konfrans zalında təqdimatında da Leylini o oynayıb. Bu da təsadüf ola bilməz. Bu, onun böyük sənətinin, sənətkarlığının təsdiqidir. Onun Leylisinə baxanda tamaşaçı vaxtı, zamanı, tarixi unudur, ona elə gəlir ki, qarşısındakı xanəndə-aktrisa yox, elə əsl Leylinin özüdür. 12-ci əsrdəki o məsum, o nakam, o talesiz Leyli. O, səhnədə Leyliləşir, Leyliyə dönür. “Leyli kimi həzinlik, sevgisinə sadiqlik var məndə. Hər ifaçı öz iç dünyasına, xarakterinə, xasiyyətinə uyğun rolları ifa edir. Bir də, insan özü heç vaxt o əsl sevgini yaşamasa, daxilən o ifa onun qəlbindən çıxa bilməz.” Öz etirafıdır bu. Onu da etiraf edir ki, Leylini həyatında da yaşayıb. “Həccə getdim, başımı qara daşa salanda Tanrıdan bir diləyim oldu. Dedim, ay Allah, mənim ürəyimə sevgidən başqa heç bir şey salma. İnanın, hətta uşağımla bağlı diləyim də bu duamdan sonra oldu. Kimisə istəmişəmsə də, onu içimdə saxlamışam, yenə də ürəyimdə saxlamışam. Elə Leylinin sevgisi kimi...”
Nəzakətin Leyliyə münasibəti bir fikrində artıq kulminasiya nöqtəsinə çatır: “Tamaşa zamanı ağladığım o qədər anlar olub ki... Səhnədən çıxdıqdan sonra isə istəmirəm kimsə dindirsin məni...”
Bayaq dedim, Nəzakət Leylini sevdirib, amma Leyli də ona borclu qalmayıb, o da, Nəzakəti tanıdıb, özünü, sənətini sevdirib. Nəzakət sevimli Leylisi ilə, az qala, bütün dünyanı gəzib. Onu tanıdan isə təkcə Leylisi deyil...
“Mənə çox mətləbi ahəstəcə qandırdı muğam...”
O, muğamlarımızın, xalq mahnılarımızın, bəstəkar nəğmələrinin mahir, ustad ifaçısıdır, onun ifası, bayaq dediyim kimi, özlüyündə fərqlidir. Onun ifasını sevməyən yoxdur. Onun ifasında sevilməyən heç nə yoxdur. Bu ifa sevindirir, düşündürür, duyğulandırır, kövrəldir, heyrətləndirir. Bu ifanı biganə dinləmək mümkün deyil. Bu səs insan duyğularının tərcümanıdır. Bu səs Azərbaycan musiqisinin tək-tək, qızıl səslərindəndir, mədəniyyətimizin böyük dəyəri, böyük sərvətidir. Bu səsdə muğamlarımızın əzəməti yaşayır. “Mənə çox mətləbi ahəstəcə qandırdı muğam...” deyir. Onu da deyir ki: “Məni yaşadan və ucaldan muğamlarımızdır. Bunu etiraf etməkdən zövq alıram.” Nəzakətin ifasında lentə alınan muğamlarımızın hər biri bir ana laylasıdır. Onun solo konsertlərinin hər biri bir sərvətdir, bir xəzinədir. Azərbaycan Operasının səhnəsində “Aşıq Qərib”, “Gəlin qayası”, “Natəvan”, “Vaqif”, “Koroğlu”, "Əsli və Kərəm"də yaratdığı obrazlar da Nəzakət Teymurovanın çağdaş Azərbaycan musiqisinə töhfəsidir və onun adını zaman-zaman məhəbbətlə qoruyacaq...
Nəzakət Teymurova 2000-də Əməkdar artist, 2005-də Xalq artisti adına layiq görülüb. Prezident mükafatçısıdır. 2011-ci ilin avqustunda Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” 8-ci Beynəlxalq musiqi festivalında YUNESKO-nun “Ən gözəl səs” xüsusi mükafatına layiq görülüb. Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edib və s... Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir. Yetirmələri ilə də fəxr edə bilər.
Nəzakəti sevimli edən başqa mətləblər də var: sadədir, təvazökardır, ədasızdır...
Amma və amma...
Vətəndən o qədər həsrət çəkib ki...
“Zalım fələyin gərdişi atəşlərə yansın,
Əvvəlcə nə cövr eyləsə, əhli-dilə eylər...”
“Qarabağsız qarabağlı kimi danışa bilmirəm – bu, çox çətindir...” deyir. ”Bəzən səhralıqda doğulan insan oranın həsrətini çəkir. Gözəlliyin içində səhra arzulayan insanı Vətən məhəbbəti ora çəkir. Həmişə Rübabə xanım haqqında deyirdilər ki, Vətəndən o qədər həsrət çəkib ki, onun yanğısı səsinə keçib. Burnumun ucu göynəyir Ağdamdakı evimizdən ötrü. Hərdən düşünürəm ki, Ağdam alınsa, köçüb Ağdamda yaşayacağam, hər şeyimi, karyeramı atıb ora gedəcəyəm. Doğma yurdum beynimdə təmiz bir səhifə kimi qalıb. Tək o günlərin həsrətini çəkirəm...” Qarabağ, Ağdam nisgilini belə dilə gətirir. Ağdamdan, Əlimədədli kəndindən çıxanda 16 yaşı olub. İndi qızı Nigarın 16 yaşı var...
Ev-eşiyinin erməni işğalına etirazını xarici ölkələrə səfərlərində də bildirir. Hər konsertinə “Sarı gəlin” oxumaqla başlayır. ”Xarı bülbül” muğam qrupunun müşayiəti ilə ”Əzizinəm, Qarabağ” adlı solo konserti də var Nəzakətin...
“Qal, sənə qurban...”
“Qal, sənə qurban...”ı tez-tez dinləyirəm Nəzakətin ifasında. Hər dəfə də mənə elə gəlir ki, sanki o, Ağdamın dərdini oxuyur. Elə bilirəm, bu səs “dilsiz-ağızsız” Qarabağın haray çəkən səsidir, “Getmə, kimsəsizəm” deyən fəryadıdır. Və düşünürəm ki, bizi Qarabağa, həm də elə bu müqəddəs səslər aparacaq...
”Opera və Balet Teatrını yavaş-yavaş tərk etmək istəyirəm. Mən kənardan özümə baxmağı bacaran xanəndələrdənəm. Yəqin ki, opera səhnəsini gənc yaşlarında öz istəyi ilə tərk edən ilk xanəndə mən olacam. Bunu birinci mən edəcəm.” İki il əvvəl bir müsahibəsində belə deyib Nəzakət. “Gedəcəyəm...”
Bu gün ad günündür. Həyatın bütün gözəlliklərini arzulayıram sənə – bircə, dediyin o birincilikdən başqa! Bu birincilik sənə qismət olmasın! Və əminəm ki, məndən başqa da sənə bu cür “qarğış” edənlərin sayı saysız-hesabsızdır. Axı, hələ tezdir...
“Getmə...” “Qal, sənə qurban...”