Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ilin yekunlarına dair toplantıya hazırlaşır.
Şuranın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbir 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında hesabat xarakterlidir. Toplantıda 2010-cu ildə həyata keçirilmiş layihələrin uğurlu yekunlarına görə bir sıra QHT-lərin Şura tərəfindən mükafatlandırılması da olacaq.
Qeyd edək ki, toplantıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin hesabat məruzəsiylə çıxış edəcəyi gözlənilir.
Mərasimdə QHT rəhbərlərilə yanaşı, rəsmi qurumların da təmsilçiləri iştirak edəcəklər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə maliyyələşdirilmiş layihələrin nəticələri haqqında xülasə məlumatlardan ibarət olan kitab da çap edib.