Modern.az

Azərbaycanda ödənilməyən kreditlərin həcmi rekord həddə çatdı

Azərbaycanda ödənilməyən kreditlərin həcmi rekord həddə çatdı

İqtisadiyyat

11 İyul 2016, 11:19

Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında ilk zərbəni bank sektoruna vurdu. Milli valyutanın 2015-ci ildə dollara nəzərən dəyərini 50% itirməsi bankların dayanıqlığını təhlükə altına aldı. Valyuta mövqeyinin düzgün idarə edilməməsinə görə  banklar devalvasiyanın ilk günü milyonlarla itkiyə məruz qaldılar. Bu itki bankların kapitalını xeyli zədələdi və bankların bir çoxunda kapitala dair normativlər pozuldu.  Bir-biri ilə əlaqəli olan əmanət və kredit bazarı son illərin əhəmiyyəti artımından sonra kiçilməyə başladı və hər ikisində neqativ tendensiya müşahidə edildi. 

Modern.az saytının verdiyi xəbərə görə, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev deyib ki, 2014-cü ilin sonlarından başlayaraq cəmiyyətdə hakim olmuş devalvasiya qorxusu əhalini əmanət, bankları isə kredit siyasətində korrektələr etməyə sövq edib:

 

Ödənilməyən kreditlərin həcmi 1,5 milyard manata yüksəlib

 

“Əmanət bazarında bir tərəfdən sürətli dollarlaşma, digər tərəfdən əmanətlərin banklardan geri çəkilməsi tendensiyası kreditləşməni də dollarlaşma “virus”una yoluxdurdu.  Bununla da təkcə əhalinin yox, həmçinin bankların sonrakı dövrlərdə başağrısına çevriləcək siyasətin əsası qoyuldu. 

 

21 fevral 2015-ci ildə baş vermiş birinci devalvasiyadan sonra əmanətlərin həcmi 35% azalaraq 7,6 milyard dollardan 5 milyard dollara düşdü. Bu müddətdə əmanətlərin dollarlaşması səviyyəsi 62%-dən 81%-ə yüksəldi. Halbuki, 2014-cü ilin sonları dollar əmanətlərin payı daha az - 36-37% civarında olub. Devalvasiya qorxusu və əmanətlərin dollarlaşması bankları manat kreditlərini məhdudlaşdırmağa vadar etdi.

 

Elə bunun nəticəsi olaraq dollar kreditlərinin payı 2014-cü ilin sonlarında 27%-dən 50%-ə qədər yüksəldi. Devalvasiya nəticəsində dollar krediti götürən əhalinin və sahibkarların aylıq ödənişi 2 dəfəyədək artdı. Bu, onların ödənişinə mənfi təsir etdi, vaxtı keçmiş kreditləri stimullaşdırdı.

 

Bankların da qara günləri elə bundan sonra başladı. Hazırda rəsmi məlumatlara görə, problemli kreditlərin payı 8,3%-dir ki, bu da son 12 ildən ən yüksək göstəricidir. Ödənilməyən kreditlərin həcmi isə rekord səviyyəyə - 1,5 milyard manata yüksəlib. Müstəqil qiymətləndirmələrdə problemli kreditlərin həcminin daha çox olduğu göstərilir”.

 

Uğursuz konsolidasiya nəticəsində banklar “ölü can”a çevrilir

 

Ekspertin fikrincə, indi aktivləri pisləşmiş banklar öhdəliklərini icra etmək çətinliyi ilə üzləşiblər:

“Həm xarici borcların, həm də əmanətlərin qaytarılması problemləri yaranıb. Banklar kütləvi şəkildə xarici boclarından qurtulmağa çalışırlar, xaricdən yeni vəsait cəlb etmək imkanları isə getdikcə çətinləşir. Uğursuz konsolidasiya təşəbbüslərindən sonra Mərkəzi Bank ilin əvvəlində 6 bankın lisenziyasını geri aldı.

Həmin bankların əmanətçilərinin sığortalanmış tələbi ödənildi. Ancaq bir sıra banklarda əmanətlərin qaytarılmasında çətinliklər yaranıb. Dövlət  və sistem əhəmiyyətli bank olan Beynəlxalq Bankın milyardlarla ölçülən zərərli aktivləri dövlət büdcəsi və Mərkəzi Bankın vəsaitləri hesabına həll edildi. Digər iri bank – ikinci ən böyük depozit portfelinə malik Bank Standartın aktivlərinin sağlamlaşdırılması üzərində iş gedir.

 

Bəzi banklara Mərkəzi Bank yardımlar etməklə onlara dəstək verməyə çalışır. Ancaq problemin dərinliyi hələ də qalmaqdadır. Dollarla götürülən kreditlərin qaytarılmasında ləngimələr bankların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir. Bir tərəfdən kreditqoyuluşunun azalması, əmanətlərin geri çəkilməsi, digər tərəfdən də verilmiş kreditlərin geri qaytarılmaması bankların gəlirlərini azaltmaqla yanaşı, onları faktiki olaraq müflisləşmə həddinə gətirib.

 

Müstəqil ekspertlərin və iqtisadçıların, habelə bir sıra millət vəkillərinin müraciətinə rəğmən hökumət devalvasiya nəticəsində banklara və əhaliyə dəymiş zərəri hansısa formada kompensasiya etmək niyyətində deyil. Zaman ötür, yaranmış bank-müştəri qarşıdurması getdikcə daha da dərinləşir. Ölkənin maliyyə dayanıqlığı getdikcə risk altına düşür.

 

Təkcə Beynəlxalq Bankın xilasına milyardlarla vəsait xərcləyən hökumət əhalinin (həm də bankların) problemini həll etmək üçün bir neçə yüz milyon manatı verməyə  lüzum görmür. Yəqin ki, Bank Standart-ın xilası üçün əlavə bir neçə yüz milyon tələb olunacaq. Ancaq proses bununla bitməyəcək. Digər banklar da çətin vəziyyətdədir. Bir sıra banklara qeyri-rəsmi olaraq kapitallarını artırmaq tələbinin qoyulması çıxış yolu deyil. Əmanətlərə 100% dövlət zəmanətinin verilməsi əmanət bazarını xilas edə bilmir. Əmanətlərin Sığortalanması Fondunda pul qalmayıb. Hansısa bank bağlansa əmanətçilərin pulunu dövlət verməli olacaq.  Ya da əmanəti qaytarmamaq üçün “Bank of Azerbaijan” nümunəsində olduğu kimi bankları “ölü can”a çevirməli olacaqlar”.

 

İqtisadi tənəzzül...

 

S.Əliyev bildirib ki, ölkə iqtisadiyyatı tənəzzül dövrünə qədəm qoyub:

“Bank sektorunda ixtisarlar, filialların bağlanması tendensiyası müşahidə edilir. İqtisadiyyatın kiçilməsi bankların sayının çoxluğunu daha qabarıq şəkildə göstərir, onların gəlirlərini azaldır. Belə vəziyyətdə əksər ölkələrdə olduğu kimi Azərbaycanda da bankalra dövlət dəstəyinin olması  məsələsi gündəmə gəlir. Bir qayda olaraq böhran dövründə əksər ölkələrdə dövlət bank sektoruna müxtəlif formalarda dəstək verərək ölkənin maliyyə dayanıqlığını qoruyur. 

Bankların xilası üçün beynəlxalq təcrübədə aşağıdakı tədbirlərindən istifadə olunur.

1. Maliyyə qurumlarında problemli aktivlərin sağlamlaşdırılması məqsədilə keyfiyyətsiz (zərərli) aktivlərin alınması;

2. Rekapitalizasiya (səhmlərin alınması yolu ilə, o cümlədən subardinasiya borcu şəraitində mülkiyyətdə iştirak etməklə əlavə kapitalın cəlbi) - Rekapitalizasiyanın əsas məqsədi bankların ödəmə qabiliyyətinin yaxşılaşdırılması və kredit aktivliyini dəstəkləməkdir;

3. Əmanətlərin sığortalanması. Bu mexanizmin əsas məqsədi əhalinin banklara inamını artırmaqdır. Praktiki olaraq bütün ölkələr bankların ödəmə qabiliyyəti itəcəyi təqdirdə əmanətləri qaytarmaq üçün əmanətləri sığortalanma mexanizmi yaradıblar;

4. Digər öhdəliklərə zəmanət verilməsi (yeni borc qiymətli kağızları buraxılışı yolu ilə borcun konvertasiyası) - Bank qurumlarına inamı artırmaq, banklardan əmanət çıxarılmasının qarşısını almaq və ya öhdəliklərin vaxtından əvvəl icrası tələblərinin yaranması ilə əlaqədar əksər ölkələrdə dövlətin maliyyə resursları hesabına bankların borclarına zəmanət verilməsi təcrübəsi mövcuddur.

Azərbaycanda hələ ki beynəlxalq təcrübədə geniş yayılmış təcrübələrin 2-sindən yararlanıb. Onlardan biri əmanətlərə dövlət zəmanətinin verilməsi, digəri isə Beynəlxalq Bank nümunəsində zərərli aktivlərin dövlət tərəfindən sağlamlaşdırılmasıdır. 

Qeyd etməliyəm ki, bankların problemləri fonunda kölgədə qalan bank olmayan kredit təşkilatlarının vəziyyəti daha acınacaqlıdır.   

Bankların xilası üçün hökmətin vahid strategiyasının olmaması aparılan tədbirləri sistemsiz etməklə yanaşı onun səmərəliliyini aşağı salır. Bu baxımdan maliyyə sektorunun dayanıqlığının artırılması, bank sektorunun sağlamlaşdırılması üçün Təcili Tədbirlər Paketi hazırlanmalıdır. Fikrimcə, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında hökumət  bankların rekapitalizasiyası imkanlarını nəzərdə keçirməlidir. Tədbirlər Paketinin səmərəliliyini artırmaq üçün mülkiyyət formasından asılı olmayaraq banklar şərti olaraq 3 kateqoriyaya (sistem əhəmiyyətli banklar, orta səviyyəli banklar, zəif və sistem üçün təhlükə yaradan banklar) bölünə bilər”.

 

 

Gülşən RAUFQIZI 

  

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal