Rusiyanın 6 ədəd Tu-22M3 uzaq mənzilli bombardmançı təyyarəsi “islam dövləti” (İŞİD) terror qruplaşmasının mövqelərinə zərbələr endirib.
Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 12-də Rusiya ərazisindən qalxan təyyarələr Şəqri Palmira, Es-Suxna və Arax rayonlarında İŞİD qüvvələrinin mövqelərinə zərbələr endirdikdən sonra geri dönüb.
Qeyd olunur ki, aviazərbələr son bir neçə gündə müəyyənləşdirilmiş və bir neçə kəşfiyyat kanalı ilə dəqiqləşdirilmiş hədəflər üzrə həyata keçirilib:
“Zərbələr nəticəsində terrorçuların düşərgələri, 2 silah və döyüş texnikası anbarı, 3 ədəd tank, 4 ədəd piyadaların döyüş maşını, iriçaplı pulemyotlar quraşdırılmış 8 avtomobil, həmçinin çoxlu sayda canlı qüvvə məhv edilib”.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, beynəlxalq koalisiya Rusiya aviasiyasının endirəcəyi zərbələr barədə əvvəlcədən məlumatlandırılıb.
Ağa AKİFOĞLU