Modern.az

Eldar Quliyev: “Əgər biz bunun öhdəsindən gəlsək...”

Eldar Quliyev: “Əgər biz bunun öhdəsindən gəlsək...”

İqtisadiyyat

13 İyul 2016, 10:49

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısına həsr olunmuş iclasında aqrar sahəyə böyük diqqət ayırıb. Aqrar sahə ilə bağlı iradlarını bildirərək deyib ki, bu sektora xüsusi diqqət ayrılmalıdır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Prezidentin iştirakı ilə keçirilən iclasda prioritet sahə olaraq aqrar sektora diqqət ayrılmasını təsadüfi saymır. Deputat Modern.az-a açıqlamasında deyib:

“Prezidentimizin aqrar sahəyə diqqətlə yanaşması başadüşüləndir. Bizim neftimiz də, qazımız da var. Neft, qaz tükənəndir, ancaq aqrar sahə hər zaman olub və bundan sonrada olacaq. Bu səbəbdən də ən prioritet sahəmiz sayılır. Kənd təsərrüfatına yararlı torpaqlar bəzi məmurlar tərəfindən zəbt olunub və istifadə edilmir. Prezident İlham Əliyev bu məsələni Adminstrasiyaya və kənd təsərrüfatı nazirinə də çox qətiyyətlə tapşırdı. Bildirdi ki, bu torpaqlardan istifadə olunsun. Mənim də bu məsələyə fikrim birmənalıdır. Hansı torpaqlar ki, çəpərlənərək istifadə edilmir, onlardan mütləq şəkildə yararlanmaq lazımdır.

Prezident iclasda pambıqçılığın inkişafı ilə bağlı məsələyə də toxundu. Bildirdi ki, pambıqçılıq Azərbaycanda sürətli inkişafa başlayıb. Xüsusən də dövlət tərəfindən subsidiyalar ayrılması pambıqçılığa böyük dəstək verir. Pambıq toxumlarının kənardan gətirilməsi və əkilməsi pambıqçılıqda irəliləyişə səbəb olub. Hesab edirəm ki, pambıqçılıq kənd təsərrüfatının ən aparıcı  və gəlirli sahələrindən biridir.
Bununla yanaşı, Prezident fındıqçılığı da vurğuladı. Fındıq Azərbaycanın öz məhsuludur və hər zaman da dünya bazarında sözünü deyən məhsuldur. Bizim fındıq təbii olduğu üçün dünya bazarında hər zaman seçilib-sayılan məhsullardandır. Hətta vaxtı ilə Azərbaycan fındığı Almaniyaya satılıb və şokolad  sənayesində istifadə edilib. İlham Əliyev bildirdi ki, keçən il təkcə fındıqçılıq sahəsi 90 milyon dollar gəlir gətirib. Çox böyük rəqəmdir, bunu 5 dəfə artıra bilərik. Bildiyiniz kimi fındıqçılıq daha çox Oğuz, Qəbələ, Şəki, Zaqatala, Balakən və Xaçmazda inkişaf edib. Prezident göstəriş verdi ki, digər rayonlarımızda da bu sahənin inkişafı üçün addımlar atılsın. Fındığı qabıqlı və təmizlənmiş şəkildə Avropa bazarlarına çıxara bilərik”.


Eldar Quliyev deyir ki, Azərbaycanda böyük miqdarda xurma yetişdirilir və bu sahədən də yaxşı qazanc əldə etmək olar.

“Azərbaycan xurması ilə Rusiya bazarlarını təmin edə bilmişik. Bu gün həm Avropa, həm də MDB ölkələrinin bazarlarına çıxmağa imkanımız var. Bu bizə imkan verir ki, xurmanın yetişdirilməsini artıraq. Azərbaycan xurmasına həm Rusiya, həmdə Avropa bazarlarında böyük dəyər verilir.

Ölkə başçısı Nazirlər Kabinetinin iclasında istixanalardan da söz açdı. Həm Bakıda, həm də rayonlarda böyük istixanalar var. İstixanalarda yetişdirilən məhsullarla özümüzü təmin etməklə yanaşı, bununla böyük miqdarda gəlir etməyi də düşünməliyik. Aqrar sahə elədir ki, hər zaman iş var. Digər sahələrdə zamanla iş yeri azala bilər, ancaq aqrar sahədə iş azalmaz, əksinə daha da artar. Azərbaycanda yetişdirilən meyvə-tərəvəz çox keyfiyyətli və dadlı olur. Azərbaycan məhsulları brend olaraq tanınır”.

Deputatın sözlərinə görə, məsələnin əsas tərəfi öncə Azərbaycanı ərzaqla təmin etməkdir. 

“Bu sahədə bizdə xeyli irəliləyiş var. Heyvandarlıqda, südçülükdə, toyuq məhsulları istehsalında, meyvə və tərəvəz yetişdirlməsi ilə bağlı yaxşı nailiyətlər var. Hesab edirəm ki, biz yaxın 5 ildə ərzaqla özümüz özümüzü tam təmin edəcəyik.

Qarşımızda duran məsələlərdən ən əsası məhsuldarlığın artırılmasıdır. Yəni bir hektardan daha çox taxıl əldə etmək, bir ağacdan daha çox meyvə əldə etmək, bir heyvandan daha çox ət-süd almaq və s. Əgər biz bunun da öhdəsindən gəlsək, Azərbaycan tək özünün yox, həm də Avropanın yarısını ərzaqla təmin edə bilər. Bir ay bundan əvvəl kooperasiyalar haqqında qanun qəbul elədik. Artıq fəaliyyət başlayıb. İnsanlar kooperativlə maraqlanır, suallar verirlər və biz də lazımi köməkliyi edirik”.

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal