Modern.az

“Xəstəsi olan, qohum-qardaşını axtaran cəbrayıllı bizə müraciət edir” - “Cəbrayıl”ın YARADICISI

“Xəstəsi olan, qohum-qardaşını axtaran cəbrayıllı bizə müraciət edir” - “Cəbrayıl”ın YARADICISI

13 İyul 2016, 12:08

Müasir dünyamızı internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Sosial şəbəkələrdən kimi vaxt keçirmək, kimi reklam olunmaq üçün, bir çoxları isə faydalı məqsədlər naminə istifadə edir.

Modern.az saytı işğal olunmuş bölgələrimizlə bağlı sosial şəbəkələrdə səhifələr yaradan, bir sözlə həmin bölgələri yaşadanlarla bağlı rubrikaya davam edir.

 “Qarabağı yaşadanlar”ın növbəti müsahibi “Cəbrayıl” səhifəsinin qurucusu Elnur Bayramovdur.

Elnur bəy, Sizi necə tanıyaq?

- Mən, Bayramov Elnur Rəcəb oğlu 23 dekabr 1992 -ci ildə Cəbrayıl  rayonunun Böyük Mərcanlı kəndində  anadan olmuşam. 2012-ci  il orta məktəbi bitirdikdən sonra Azərbaycan Maliyyə İqtisad Kollecinə daxil olmuşam. 2015-ci il kolleci qurtardıqdan sonra  AzeriMed  MMC şirkətində işə başlamışam və hazırda orada işləyirəm.

- Bəs, necə oldu ki, Cəbrayıl səhifəsini yaratdınız?

- Cəbrayıl səhifəsi (23.08.2012) tarixindən etibarən fəaliyyət göstərir. Səhifə sırf Cəbrayıl və cəbrayıllılar haqqında məlumatları, tarixi materialları yönündə, ümumiyyətlə Azərbaycanla, xüsusən də Qarabağla bağlı məlumatların ictimaiyyətə, izləyicilərimizə çatdırılmasını həyata keçirir.  Bunu sosial şəbəkələrdə edilən paylaşımlardan da görə bilərsiniz.

Belə bir səhifə açmaq ideyası haradan gəldi?

- Əslində, sosial şəbəkədə bir neçə "Cəbrayıl" və ya dolayısıyla Cəbrayıla aid səhifələr və qruplar var idi. Orada yalnız cəbrayıllılar üzv idi və məlumatlar lokal xarakter daşıyırdı. Lakin cəbrayıllılardan başqa da insanlar var ki, Qarabağla, işğal olunmuş ərazilər və onların tarixi, keçmişi, adət-ənənələri, adamları, yaşam təzləri barədə məlumatlanmaqda maraqlıdırlar. Necə olsa da, Qarabağ bizim ümumi yaramızdı. Ona görə də düşündüm ki, Cəbrayılı, onun tarixini, haqqında bir çoxlarının bilmədiyi məlumatları hamı ilə bölüşmək lazımdır, hətta çox vacibdir. Yəni səhifəni açmaqda məqsəd sırf Cəbrayılı, Qarabağı daim yaddaşlarda saxlamaqdır.


İdeyanı tək gerçəkləşdirniz?

- Ataların bir məsəli var "Tək əldən səs çıxmaz". Ona görə də hər hansı bir işi görmək üçün mütləq kiminsə yardımına ehtiyac duyulur. Təbii ki, bu boyda işi tək bacarmaq mümkün deyil. Bu, həm də böyük məsuliyyətdir. Çünki səhifəmiz facebook da "Cəbrayıl"ı təmsil edən ən böyük və ən çox izləniləndir. Sistemli yeganə səhifədir. İdeya müəllifi mən olsam da, səhifənin inkişafında və reytinqli olmasında cəbrayıllı dostların böyük köməyi olub. Əslində idarəçilərimizin sayı çox olub, zamanla dəyişilənlər də olub. Məsələn, idarəçilərimizdən Taleh Quliyev, Şəmistan Fərhadov, Fuad Bayramov, Sahibə Əhmədova, Anarə Məmmədovanın da adlarını çəkə bilərəm. Sadəcə onlar hazırda idarəçilik etmirlər. Bu günkü gündə səhifəni 3 nəfər idarə edirik. Mən (Elnur Bayramov), Elmin Həmzə və Nəriman Əhmədov.

Səhifəniz zamanla böyüyüb, bu işdə kimlərinsə dəstəyini almısınızmı?

- Bəli səhifəmiz yarandığı gündən bu yana çox böyüyüb. Bizə dəstək isə yalnız cəbrayıllı gənclər və Cəbrayılı sevən insanlar olub. Başqa bir yerdən və ya kimdənsə dəstək görməmişik. Səhifə olaraq bir çox işlər də görmüşük, xeyriyyə tədbirlərimiz olub, üzvlərimizlə görüşümüz olub, ən əsası səhifə olaraq ilk dəfə cəbrayıllı gənclərlə bir araya gələrək kollektiv şəkildə Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər təşkil etmişik. Əvvəllər fərdi səfərlər etsək də, səhifə olaraq 30.06.2013-cü ildə Cocuq Mərcanlıya ilk səfərimizi gerçəkləşdirdik. Həmin gündən etibarən mütəmadi olaraq bayramlarda, xüsusi günlərdə orada xidmət edən əsgərlərlə görüş və bayram konsertləri təşkil etmişik. Məsələn, Silahlı Qüvvələr Günü, Bayraq Günü, hətta bu il 20 mart 2016-cı ildə bayram tonqalını Cocuq Mərcanlıda qalayıb əsgərlərlə birlikdə Baharı qarşılamışıq. Yeri gəlmişkən, onu da qeyd edim ki, hətta Cocuq Mərcanlıda cəbrayıllı gənclərin "Gənclər Çinarı" var ki, bunu da Cəbrayılın kəsilmiş Xan Çinarının simvolu kimi əkmişik. İnşallah torpaqlarımız işğaldan azad olunanda Xan Çinarsız olmayacağıq.

- Sirr deyil ki, sizə əsasən kimlər dəstək verir?

- Əsasən özümüz özümüzə dəstək olmuşuq. Bəzən də kənardan aldığımız müsbət rəylər əlavə olaraq bizi  həvəsləndirirdi.  Ətrafımızda  buna sadəcə bir məşğuliyyət kimi baxıldılğından kimsə bizim bu sahədə bu qədər irəli gedəcəyimizi təxmin etməmişdi . Lakin biz bunu etdik. Düzünü desək , təkcə onlar deyil, elə biz özümüz  də o dövrlərdə bir az inamlı yanaşmırdıq.

Çətinlikləriniz olurmu?

- Səhifə ilə bağlı çətinliyimiz olmur desəm, yalan olar. Əsas çətinliyimiz paylaşımların vaxtlı-vaxtında, zamana uyğun olmamasıdır. Çünki idarəçilər olaraq hamımız iş-güc adamıyıq və hər vaxt sosial şəbəkədə ola bilmirik. Belə başqa çətinliyimiz yoxdur.

Səhifənin işini əngəlləyən, işinə mane olan  kənar güclər olubmu?

- Əslində bu sualı gözləyirdim. Çünki biz səhifəmizdə tək keçmişlə, olub bitənlərlə yetinmirik, həm də lazım olduqca problemləri də önə çəkirik. Amma bu günə qədər sizin dediyiniz formada səhifəmizi əngəlləyən olmayıb. Lakin bir neçə dəfə idarəçilərimizin şəxsi hesabları oğurlanmaq təhlükəsi ilə üz-üzə qalıb, hansı ki, həmin vaxt digər eyni formatlı səhifə adminləri bizim işimizi qısqanclıqla qarşılayırdılar. Lakin şəxsi hesabların təhlükəsizlik maksimum olduğu üçün bu "oğurluq" mümkün olmadığına görə, fəaliyyətimiz hər zamankı kimi davam edir və əminliklə deyə bilərəm ki, artıq səhifəmiz Cəbrayıl adına qəbul olunmuş səhifədir.

İzləyiciləriniz sizi qane edirmi? Onlarda bəyənmədiyiniz məqamlar nədir?

- Bizi Azərbaycandan kənarda da izləyənlər var. Bu izləyicilər əsasən Türkiyədəki qardaşlarımız və Cənubda yaşayan soydaşlarımızdır. Bununla bərabər səhifəmizi düşmənlərimiz də izləyir, hətta bir neçə dəfə səhifədəki paylaşımlara özlərinə məxsus şəkildə rəylər də bildiriblər. Lakin biz onların qarşısını ala bilirik. Yuxarıda unutdum deməyə, Dilqəm, Şahbaz və Həsən (Allah rəhmət eləsin) Kəlbəcərdə saxlandıqları ərəfədə ermənilər səhifəmizdən şikayət edirdilər. Çünki biz şəhid Həsənin doğulduğu rayonu təmsil edirik, həmçinin həmin dövrdə onlarla bağlı aktiv paylaşımlar edirdik. Şükür ki, lazımi tədbirlər görüb səhifəmizi qoruya bildik.

O ki qaldı izləyicilərimizdə bəyənmədiyimiz xüsusiyyətlərə, bizim izləyicilərimiz qeyri-adi izləyicilərdi, həqiqətən. Məsələn, siz özünüz də sosial şəbəkə istifadəçisiniz, digər səhifələrdə istənilən (mənalı-mənasız fərqi yoxdur) paylaşımın altında insanlar rəy bildirir, fikir mübadiləsi edir. Amma bizdə vəziyyət bir az dəyişikdir. Ola bilər ki, bir müddət paylaşımlara heç kim heç nə yazmaz, sadəcə bəyənib keçər, birdən elə olar ki, paylaşıma yüzdən çox rəy gəlir.

Bəyənmədiyim bir şey yoxdur, sadəcə fürsətdən istifadə edib demək istəyirəm ki, fikir bildirməkdən çəkinməsinlər.

İzləyicilər sizə müraciət edir? Əsasən hansı mövzu ilə bağlı?

- Bəli, müraciət edən izləyicilərimiz var. Bunlar əsasən yardım xarakterli olur. Məsələn, kiminsə xəstəsinə qan lazım olur, kiminsə müalicəsi üçün maddi yardıma ehtiyacı olur və ya kimsə cəbrayıllı əsgər yoldaşını axtarır. Hətta bir neçə dəfə sinif yoldaşlarını axtaranlar da olub. Onu da deyim ki, səhifəmiz vasitəsilə bir çox insanlar öz dostlarını, həmkəndlilərini, və ya iki izləyicimiz bir vaxtlar dost olmuş atalarını görüşdürüb, ya da paylaşdığımız Cəbrayıllı günlərdəki məktəb şəkillərindən öz sinif yoldaşlarını tapanlar, hətta qohumlarını da tapanlar olub. Bir də bir neçə dəfə Türkiyədən müraciət edən olmuşdu. Əslən Cəbrayıldan olublar, nə vaxtsa köçüb orada yaşayıblar və indi öz qohumlarını axtarırdılar. Amma sonradan əlaqələr kəsildi.

- Bütün bunlardan sonra necə düşünürsünüz, izləyicilərinizin rəğbətin qazana bilmişiniz?

- Düşünürəm ki, bəli. Çünki izləyicilərimiz bizi sevməsələr, bizə güvənib ümid etməsəydilər nə yuxarıda sadaladığım tədbirləri, görüşləri, konsertləri həyata keçirə bilərdik, nə kimlərinsə ehtiyac duyduğu səhifə olardıq, nə də bizim vasitəmizlə insanlar biri-birini axtarardılar.

Məncə az səbəb olsa belə bunlar kifayət edir ki, izləyicilərimizin səhifəmizə, idarəçilərimizə və bizim əməyimizə olan sevgisini, hörmətini, rəğbətini qazandığımızı deyək.

Rayonumuz işğal olunan zaman mən hardasa 8 aylıq körpə olmuşam, buna görə də heç bir şeyi xatırlaya bilmirəm. Səhifəmizin əsas məqsədlərindən biri və ən önəmlisi Azərbaycanın hər bir rayonunda dünyaya yeni göz açıb yetkinlik yaşına çatacağında məlumat əldə edə biləcəyi  bir səhifə olsun və o səhifə var.  Son olaraq sizə təşəkkür edirəm ki, səhifəmizi izləyirsiniz, bizim fəaliyyətimizi dəyərləndirib mətbuatda işıqlandırmağa qərar vermişiniz (bunun üçün xüsusi təşəkkür). Deməli biz nəsə edə bilmişik Cəbrayıl adına. Bu bizə qarşıda daha yaxşı fəaliyyət göstərməyə, daha yaxşı işlər görməyə və daha dinamik olmağa stimul verir, həm də bu bəzən cəbrayıllı gənclər üçün olan planlarımızı sonraya saxlamamaq və tezliklə reallaşdırmaq siqnalı oldu. Fürsətdən istifadə edib bizi izləyən hər kəsə təşəkkür edirəm. Həm öz adımdan, həm də digər idarəçilər adından. Çox sağ olun.

 

 

Qafar Ağayev

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI