Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.
Eyni zamanda, fasilələr iş vaxtına daxil edilməlidir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti kəskin istilərlə bağlı işəgötürənlərə müraciət edib.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Moden.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də qarşıdakı günlərdə gözlənilərn istilərlə bağlı xəbərdarlıq edib.
İyulun 23-dək Azərbaycan paytaxtında və rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 40-41 dərəcə, bəzi yerlərdə isə 43 dərəcə isti olacağı gözlənilir.
Modern.az