Modern.az

Quba deyəndə ilk yada düşən nə olur?

Quba deyəndə ilk yada düşən nə olur?

25 Yanvar 2011, 17:20


Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur..?
Ötən həftələrdə Şəki, Gədəbəy və Ağdam rayonları haqqında müxtəlif sahələrin insanlarının cavablarını təqdim etmişdik.

Bu dəfə sualımız Quba rayonu barədə oldu...

“İlk ağlıma gələn almadır”

İqtisadi Tətqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, bu rayon daha çox alması ilə tanınır: “Quba deyəndə təbii ki, ilk ağlıma gələn ağ alma olur. Kənd təsərrüfatının inkişafı ilə tanınır”.

Müsahibimizin fikrinə görə, Qubanı tanıdan ikinci məqam  Xınalıq kəndidir. Q.İbadoğlu bildirdi ki, bu kənd həm tarixinə, həm də mədəniyyətinə görə, Azərbaycanda alternativi olmayan bir yerdir. Üçünçü isə bu rayon erməni quldurlarının soyqırımına məruz qalan bölgə kimi yaddaşlarda iz açıb.

“Bu rayonun insanları xarakterlərinə görə digər rayonların insanlarından hansı xüsusiyyətlərinə görə fərqlənir” sualına isə Q.İbadoğlu “bunu deməkdə bir qədər çətinlik çəkirəm, hesab edirəm ki, bu rayonun insanları qonaqpərvərliyi, açıq fikirliliyi ilə Şimal bölgəsində yaşamaları ilə fərqlənir”- deyə cavab verdi. 

“Bu rayonun insanları hiylədən, yalandan uzaqdır”

“525- ci qəzet”in redaktoru Yaşar Əliyev Quba deyəndə ilk olaraq ağlına alma gəldiyini bildirdi. Daha sonra isə bu rayonun gözəl istirahət bölgəsi olduğunu dilə gətirdi: “Quba gözəl istirahət bölgələrindən biridir”.

Y.Əliyev bu rayonun insanlarının hansı xüsusiyyətləri ilə seçildikləri ilə bağlı danışarkən bildirdi ki, dağ adamları yalandan, hiylədən uzaq olur: “Bu baxımdan Quba müsbət mənada digər rayonlardan fərqlənməyi bacarır”. 

Hamı istəyir ki, bu rayonda ailəsi ilə istirahət etsin və Qubanın məşhur almasından dadsın...

Xalq artisti Mənsum İbrahimov həm Quba rayonunu, həm də, bu rayonun insanlarını çox sevdiyini bildirdi. Müsahibimiz hesab edir ki, bu rayon daha çox alma ilə tanınır: “Quba mənim çox sevdiyim rayonlardandır, bu rayona tez-tez gedirəm. Azərbaycanın hər bölgəsi gözəldir və Quba da füsünkar təbiəti ilə fərqlənən bölgələrdəndir. Hamı istəyir ki, bu rayonda ailəsi ilə istirahət etsin və Qubanın məşhur almasından dadsın”.

Bu rayonun insanlarının çox qonaqpərvər və mehriban  olduğunu deyən M.İbrahimov bildirdi ki, onları çox sevir və hörmət edir.

“Qubada dünyaya gələnlə, Kürdəmirdə dünyaya gələn insan arasında böyük fərq var...”

Yazıçı Seyran Səxavət də Quba rayonu haqqında maraqlı fikirlər bildirdi. Quba rayonunun öz atributları olduğunu deyən  S.Səxavət hesab edir ki, bu bölgə alması ilə tanınır: “Quba rayonunun atributları var: alma, təbiət və gözəllik”.

Qubanın gözəlliyi ilə fərqləndiyini bildirən S.Səxavət insanın əxlaqi və mənəvi keyfiyyətlərinin harada göz açması ilə sıx bağlı olduğunu da bildirdi: “Sən demə, insanın harada doğulması onun xasiyyətinə təsir edir. Məsələn, Qubada dünyaya gələnlə, Kürdəmirdə dünyaya gələn insan arasında böyük fərq var. Bu şübhəsizdir”.

Yazıçı Quba rayonunun gözəlliyi ilə yanaşı, bu rayonun adı çəkiləndə qeyri-ixtiyari olaraq alma haqqında  mahnını da xatırladığını bildirdi: “Deyəcəksiniz ki, Seyran müəllim meyvə düşgünüdür, amma yox, elə deyil. Sadəcə, Quba deyəndə alma haqqında olan mahnı da yadıma düşür. Çox gözəl, həzin musiqisi var”.

Buranın insanlarının xarakterik xüsusiyyətlərinə gəlincə, müsahibimiz bildirdi ki, əslində bölgələrimiz öz insanları ilə də yaddaşımıza həkk olur: “Mən dostluq etdiyim, sevdiyim insanların yaxşı, pis xüsusiyyətlərini axtarmıram. Amma  qubalılar da hər halda digər rayonların insanlarında fərqlənir. Bu fərqi danışıqlarında, yanaşma tərzlərində görmək olar. Qubaya gedən yolda ziyarətgah var. Elə bil Allah bunu bilərəkdən yaradıb. Ora gedəndə elə bil insan paklaşır. Qubada axırıncı dəfə 3-4 il bundan əvvəl rəsmi qonaq qismində olmuşam. Qubanın 20-30 yazıçısı məni dəvət etmişdi, ədəbiyyatla bağlı müzakirələr apardıq. Hələki bu mənim Quba ilə bağlı yaddaşımda qalan ən isti hadisədir. İstilik özü də nisbi bir şeydir. Təbiətdəki istiliklə insanın daxilində olan istilik fərqlidir.

“Quba xanlığı ilə xatirimdədir”

Konstitusya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev də bildirdi ki, Quba deyiləndə ilk yada düşən alma olur: “Qubanın adı çəkiləndə ilk xatirimə gələn almadır. Daha sonra gözəl təbiəti, dağları, meşələri, bulaqları da Qubanı tanıdan atributlardandır.

Quba ikinçi növbədə Quba xanlığı ilə həm tarixə, həm yaddaşlara həkk olub. Bax, bu baxımdan da Qubanı xatırlayıram.

Son zamanlar varlı insanların hamısı Qubaya üz tutur, burada torpaq alır, özlərinə mülk tikdirirlər. Bu baxıdan da Quba yada düşür. Quba eyni zamanda Şimal qonşumuzla qapı rolunu oynayır”.

İnsanları fərqləndirən xüsiyyətlərə gəlincə isə Ə.Nuriyev bildirdi ki, bu rayonun insanları saflıq, açıq ürəklik və səmimiliyi ilə fərqlənir: “Bu rayonun insanlarında mən dələduzluğa meyllilik görməmişəm, dağ insanları bir qədər saf olurlar, elə Quba camaatında da bu xüsusiyyət var. Verdikləri sözün üstündə dururlar”.

Bu rayondan xeyli sayda dostlarının olduğunu bildirən Ə.Nuriyev dedi ki, Qubanın sakinləri fiziki baxımdan da sağlam olurlar: “Quba camaatı sağlam, hündürboy olmaları ilə fərqlənir. Bu rayon bax, belə xatirimdə qalıb. Qubadan çox sayda dostlarım, tələbəlik illərimin yoldaşları var”. 

Sədaqət SÜLEYMANOVA     

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir