Azərbaycanda fəaliyyət göstərən bir qrup gənclər təşkilatlarının rəhbərləri Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Cülə yanvarın 25–də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı Azərbaycanın Dağlıq Qarabağla əlaqədar sərgiləndiyi mövqeyə görə təşəkkür məktubu ünvanlanıblar. Modern.az-a bu barədə məlumat verən “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynova bildirib ki, dünən Türkiyə dövlətinin prezidenti A.Gülün Avropa Şurası Parlament Assambleyasının tribunasından səsləndirdiyi fikir Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşan bir sıra dövlətlərə və güclərə çatdırılacaq mesaj kimi dəyərləndirilməlidir:
“Həmin sessiyada istər Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu, istərsə də Türkiyə dövlətinin prezidenti Abdulla Cülün çıxışlarında çox dəqiq və aydın şəkildə Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması fikri bir daha səsləndirildi. Eyni zamanda Azərbaycanın torpaqlarının işğal altında olması faktının Avropa Şurası tərəfindən əhəmiyyətsiz bir məsələ kimi dəyərləndirilməsi də qeyd olundu. Türkiyənin dövlət başçısı, Avropanın bir hissəsi olan Azərbaycanın ərazi bütövlüyü məsələsinə AŞPA-nın üzv dövlətlərinin və ATƏT-in həmsədr dövlətlərinin daha fəal olması faktını bir daha səsləndirdi.
Bununla da Abdulla Cül istər Ermənistana, istərsədə onların himayəçilərinə, Türkiyə-Azərbaycan münasibətlərinə zərər vermək istəyənlərə bir daha Azərbaycanla Türkiyənin bir millət iki dövlət olduğunu, əlaqələrimizin sarsılmazlığını və Azərbaycanın haqlı işində Türkiyə dövlətinin sona kimi olacağını bildirdi”.
QHT sədrinin sözlərinə görə, təşəkkür məktubu beş gənclərin Qeyri-Hökumət Təşkilatları tərəfindən imzalanıb: “Bu müraciətə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov, “Bakı Gənclər Klubunun sədri Azər Cavadov, “Yeni Həyat – Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri Nailə ismayılova, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud və “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi qoşulub”.
Modern.az