“Mən bəzi Azərbaycan və Ermənistan jurnalistlərinin mövqeyini anlaya bilmirəm. Siz münaqişəni həll etmək istəyirsiniz yoxsa özünüzdən xəbərlər uyduraraq vəziyyəti gərginləşdirmək istəyirsiniz? Təhlükəli məşğuliyyətdir”.
Modern.az xəbər verir ki, bu barədə Mariya Zaxarova öz Facebook səhifəsində yazıb.
“Öncə jurnalistlərdən biri brifinqdə Azərbaycan, Ermənistan və Türkiyədəki situasiya ilə bağlı sual verdi. Lakin bu sualdan çox siyasi manifestə bənzəyirdi. Həmin monoloqu dayandırmağa məcbur oldum. Sonra başqa jurnalistlər cavabımı təhrif edərək guya Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə Ankaranı da cəlb etmək istəməsindən yazdı”.
Zaxarova azərbaycanlı və ermənistanlı jurnalistləri informasiya müharibəsində ittiham edib.
“Ayıb deyil? Özü də irəliləyişin əldə olunmasına yaxın olduğumuz məqamda. Niyə siz bunu edirsiniz? “Öz xeyrinə olan lazımi sözləri” toplamaq üçün daha nə qədər informasiya özbaşnalığına yol verəcəksiniz? Dağlıq Qarabağ münaqişəsi ətrafında dezinformasiya və destabilizasiya ilə məşğul olaraq özlərindən xəbər uyduranlara bir daha təkrar edirəm. Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu adlı beynəlxalq mexanizm məşğul olur”.
Sonda Rusiya XİN-nin rəsmisi insanları təxribatlara uymamağa çağırıb.
Vüqar İSMAYILOV