15 iyul dövlət çevrilişi cəhdinin ardından Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.
Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqini nəzərdə tutan qərar layihəsini qəbul edib.
Sənəd Bakı vaxtı ilə iyulun 22-si gecə saat 02:00-da qüvvəyə minib.
2002-ci ildən bu yana Türkiyənin gündəmindən çıxmış olan fövqəladə vəziyyətin (OHAL) tətbiq edilməsi, 15 iyul dövlət çevrilişi cəhdinin ardından yenidən qüvvəyə mindi.
Modern.az saytı Türkiyə tarixində tətbiq olunmuş fövqəladə vəziyyətlərin xronologiyasını təqdim edir.
1978-ci ildə terror səbəbilə Şərq və Cənub-şərqdə hərbi vəziyyət tətbiq olunmağa başlandı.
1980-ci ildə Türkiyənin Şərq və Cənub-şərq Anadolu bölgəsində PKK təşkilatının apardığı fəaliyyətlər ilə hərbi vəziyyət qanunu çərçivəsində mübarizə edilirdi.
Hərbi vəziyyət qanunu 10 İyul 1987-ci ilə qədər davam etdi və eyni tarixli fərman ilə Fövqəladə hal bölgə İcra Hakimiyyəti quruldu.
19 İyul 1987-ci ildən etibarən “Hərbi vəziyyət” qanunu yerinə “Fövqəladə vəziyyət” qanunu qəbul olundu.
Qanun təbii fəlakət, təhlükəli yoluxucu xəstəliklər, ağır iqtisadi böhran və konstitusiya ilə qurulan azad demokratiya rejimini və ya əsas hüquq və azadlıqları aradan qaldırmağa yönəlmiş hər hansı zorakılıq hərəkətlərinə aid ciddi əlamətlər ortaya çıxdıqda qüvvəyə minir.
Bu halların birinin və ya bir neçəsinin görülməsi halında prezidentinin sədrliyi ilə toplanan Nazirlər Kabineti, Milli Təhlükəsizlik Kabinetinin fikrini də aldıqdan sonra, ölkədə və ya hər hansı bölgədə altı ayı keçməmək şərti ilə fövqəladə hal elan edilə bilər.
30 noyabr 2002-ci ildə isə Fövqəladə vəziyyət haqqında qanun ləğv edildi.
İlk Fövqəladə vəziyyət qərarı 1987-ci ildə baş nazir Turqut Özal tərəfindən verilmişdi.
15 il ərzində ümumilikdə 13 şəhər fövqəladə vəziyyət zonası elan edilmiş və səbəb kimi artan terror hadisələri göstərilmişdi.
İlk vaxtlarda fövqəladə vəziyyət Bingöl, Diyarbəkir, Elazığ, Hakkari, Mardin, Siirt, Tuncəli və Vanda elan olunub, daha sonra isə bu siyahıya Adıyaman, Bitlis və Muş kimi şəhərlər əlavə edilmişdi.
1990-cı ildə isə Şırnaq və Batmanda da Fövqəladə vəziyyət elan olundu.
1994-cü ildən etibarən fövqəladə vəziyyət bölgəsinin çərçivəsi azaldılmağa başlandı.
Elazığ fövqəladə vəziyyətdən çıxarılan ilk şəhər oldu.
2002-ci ilin noyabrına qədər fövqəladə vəziyyət sadəcə Diyarbəkir və Şırnakda qüvvədə idi.
Mirmahmud KAZIMOĞLU