İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrinə və Xüsusi Müəssisələrə baş çəkiblər.
Modern.az Ombudsmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ rayonunun Puta qəsəbəsindəki 2, Qobustan qəsəbəsindəki 4, Qızıldaş qəsəbəsindəki 7, Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindəki 6, Xırdalan şəhərindəki 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssislərinə, həmçinin Qızıldaş qəsəbəsindəki 2 və 4 saylı, Puta qəsəbəsindəki 3 və 6 saylı, Lökbatandakı 9 saylı, Sumqayıtdakı 5 saylı, Güzdəkdəki 10 saylı Xüsusi Məntəqələrə baxış keçirilib. Eyni zamanda həmin obyektlərin vəziyyətinə dair məlumatlar toplanılıb, orada saxlanılan məhkumlarla görüşülüb, saxlanılma şəraitləri, müəssisənin əməkdaşlarının onlarla rəftarı araşdırılıb.
Reydlər zamanı müəssisələrin bir çoxunda əsaslı təmir işləri aparıldığı, müəssisədə yaşayan və evdə yaşamaq icazəsi verilən məhkumların işlə təmin olunması istiqamətində çətinliklərin mövcud olduğu müəyyən edilib. Eyni zamanda bu müəssisələrdən bəziləri yaşayış yerlərindən uzaq olduğu üçün, yerləşdikləri binaların Ədliyyə Nazirliyinin balansında olmadığına görə müəyyən təminat çətinliklərinin mövcudluğu aşkarlanıb.
Toplanılmış məlumat və aşkar edilmiş pozuntularla bağlı arayışlar tərtib olunub, bu nöqsanların növbəti başçəkməyədək aradan qaldırılması məqsədi ilə müəssisə rəhbərlərinə tövsiyələr verilib.