Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülən tərəfindən yaradıldığı ehtimal olunan 13 Ələvi dərnəyi bağlanıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Əskişəhər Hacı Bektaş Mədəni və Sosial, Yardımlaşma Dərnəyinin başçısı Kamer Ali Durur bağlanan 13 ələvi dərnəyinin Fətullahçılara aid olduğunu açıqlayıb.
Baş nazir Binali Yıldırımla görüşən Kamer Ali Durur artıq bu məsələ ilə bağlı vəziyyəti tam nəzarətə götürdüklərini bildirib.
K.A.Durur deyib ki, bağlanan 13 dərnəyin heç biri ələvi dərnəyi deyil:
“Bağladılan dərnəklərin heç biri ələvi dərnəyi olmayıb. Çünki o qurumların başqanları da daxil olmaqla heç biri ələvi deyildilər. Onlar Fətullahçılara yaxın insanlar idilər. Qondarma 13 dərnək heç zaman bizi və ələviliyi təmsil etmədilər. Onların bağlanmasında böyük fayda var”.
O bildirib ki, özlərini ələvi dərnəyi adlandıran 13 dərnəyin heç birində İmam Əli qəbul edilməyib:
“İmam Əlisiz ələvilik olmaz. Çünki biz Allaha qul, Məhəmməd Mustafaya ümmət və Əli yoluna talib olub könül vermiş insanlarıq. Əliyi kim ələvilikdən çıxarsa o, ələvilik deyil. Bağlanmış 13 dərnəkdə də İmam Əli qəbul olunmayıb.
Biz bu oyunu pozduq. Əlbəttə ki, hələ də Fətullahçılara qarşı mübarizə davam edir. Fətullahçılar öz çirkin niyyətlərini Ələvilər üzərindən həyata keçirtmək istəyirlər.
Buna görə də bizlər, ələvi inancına sahib olan insanlar və qurumlar olaraq Fətullahçılara qarşı mübarizədə dövlətimizə kömək edirik”.
Ağa AKİFOĞLU