Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir.
Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirib, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlayıb.
Cari il və orta müddətli dövr üçün makroiqtisadi sabitlik üzrə hədəfləri, makroiqtisadi proqnozları, inflyasiya gözləntilərini, tədiyə balansı üzrə meyilləri, habelə maliyyə bazarındakı konyunkturu nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini yenidən nəzərdən keçirib.
Mərkəzi Bankın İdarə Heyəti 8 avqustdan etibarən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq.
Gülşən RAUFQIZI