Modern.az

Rafael Ağayev: “Tokioda olimpiya çempionluğunu qazanmaq asan olmayacaq”

Rafael Ağayev: “Tokioda olimpiya çempionluğunu qazanmaq asan olmayacaq”

8 Avqust 2016, 17:33

“Karatenin olimpiya idman növləri sırasına daxil edilməsi bizi çox sevindirir. Buna bütün dünya karateçiləri sevinir. Bizdən qabaqkı karateçilər 1996-cı ildən bu anı gözləyirdilər. O zaman biz çox balaca idik. İndi karatenin yükü bizim çiyinlərimizdə qalıb”.

Bu sözləri Modern.az-a açıqlamasında dəfələrlə karate üzrə dünya və Avropa çempionu olmuş Rafael Ağayev deyib.

O, karatenin olimpiya idman növləri sırasına daxil edilməsini böyük sevinclə qarşıladığını bildirib.

Rafael Ağayev deyib ki, 2020-ci il Tokio Olimpiadasına az qaldığı üçün hər gün intensiv məşqlər edir:

“Hər gün məşq edirik. Çünki artıq 2020-ci il Tokio Olimpiadasına çox az qalıb. Cəmi 3 ildən bir qədər çox vaxtımız var. Ona görə də rejimlə və ciddi şəkildə məşq edirik. İnşallah, əziyyətimiz yerdə qalmaz”.

Dünya çempionu deyib ki, Tokioda olimpia çempionu olmaq o qədər də asan olmayacaq:

“Karate necə olimpiya idman növünə daxil oldusa, orada çempion olmaq da elə çətin olacaq. 2020-ci ildə yaşım 35 olacaq, amma çempion olmaq üçün əlimdən gələni edəcəm”.

Rafael Ağayev söyləyib ki, tatamidə dost və qardaş olmur və istənilən kəs rəqib sayılır:

“Hələ ki indidən kiminsə olimpiya çempionu ola biləcəyini deməyim düz olmaz. 2020-ci ildə Tokio Olimpiadasında 3 çəki dərəcəsində döyüşəcəyik. Dost-qardaş dediyimiz inşalar hər zaman elə də qalacaq. Amma tatamidə qardaşlıq olmur. Ayxan Mamayev, Şahin Hətəmov, Firdovsi Fərzəliyev, Niyazi Əliyev kimi idmançılarla yəqin ki, bir yerdə mübarizə aparacağıq.

İnanıram ki, olimpiya qələbəsi kimindirsə, o da çempion olacaq. Təbii ki, hamı istəyər ki, 1-ci yerə çıxaraq olimpiya çempionu olsun. Çünki bu bir tarixdir. Özüm də içində olmaqla hamıya uğurlar arzu edirəm”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI