Modern.az

İnternatları bitirən kimsəsiz qızların 18 yaşdan sonrakı aqibəti...

İnternatları bitirən kimsəsiz qızların 18 yaşdan sonrakı aqibəti...

1 Fevral 2011, 16:17

Hər birimizin qayğısız günlərimiz yalnız uşaqlığımızla bağlıdır. O zaman bizim qayğımızı valideynlərimiz çəkir, bizi himayə edir, lazımi təlim və tərbiyəni verməyə çalışırlar. Valideyn himayəsində olan uşaqlar dünyanın ən xöşbəxt sakinləri olurlar. Lakin bu himayədən kənarda qalan, valideyn qayğısından məhrum olanlar da var.
Məlumdur ki, bəzi uşaqların çoxunu valideynləri ya doğulduğu gün atır, ya da imkansızlıq ücbatından uşaq evlərinə və ya internatlara verirlər. Uşaq evləri, internatda kimsəsiz və ya müəyyən müddətə verilmiş uşaqlara yalnız 18 yaşına kimi baxılır, onlara tam olmasa da, valideyin qayğısı göstərilir, məktəbə göndərilir, tərbiyə ilə yanaşı, savadlanmalarına kömək edilir.

Bəs həmin uşaqların 18 yaşı tamam olduqdan sonra aqibətləri necə olur? Onları sonrakı müddətdə nələr gözləyir?

Bu  və ya digər suallara cavab tapmaq üçün Modern.az-ın əməkdaşı internat evlərinin tabe olduğu Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdiri Məlahət Hacıyeva bildirib ki, Təhsil Nazirliyi dövlət uşaq müəssisələrində yaşayan uşaqların məzun olanadək təhsili və tərbiyəsi ilə məşğul olur. Onun sözlərinə görə, yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş uşaqların yerləşdirilməsi ilə mövcud qanunvericiliyə əsasən, rayon İcra hakimiyyətləri nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya məsul olur.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsillərini bitirmələrinə 3 ay qalmış (əgər valideynlərindən biri, valideyn əvəzi, yaxın qohumu və ya qəyyumu yoxdursa) müəssisə rəhbəri tərəfindən uşağın qeydiyyatda olduğu, eyni zamanda uşağın müəssisəyə yerləşdirilməsinə sərəncam vermiş Rayon İcra Hakimiyyətinin başçısına rəsmi məktub ünvanlanır, onun yaşayış yeri ilə təmin edilməsi və yerləşdirilməsi ilə bağlı müraciət edilir”.

M.Hacıyeva deyir ki, internat məktəblərini bitirən məzunların əksəriyyəti məzun olarkən öz bioloji və ya qəyyum ailələrinə qayıdır.

“Dövlət uşaq müəssisələrindən məzun olanlar içərisindən tam kimsəsizlərin müəssisə rəhbərləri tərəfindən işə düzəldilməsi ilə bağlı tədbirlər görülür. Belə ki, müəssisələri bitirən tam kimsəsiz məzunların neft şirkəti, biznes strukturlarında işə düzəldilməsinə çalışılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Baş Məşğulluq İdarəsi internat müəssisəsini bitirməyə 3-6 ay qalmış məzunlar üçün kurslar təşkil edir və kursu bitirdikdən sonra onların işlə təmin olunması istiqamətində tədbirlər görür. Təhsil Nazirliyi ilə Bakı şəhəri Baş Məşğulluq İdarəsi arasında bağlanmış razılaşmaya əsasən, dövlət uşaq müəssisələrinin məzun sinifləri təlimlərə cəlb olunaraq daimi işlə təmin olunurlar”.

Məlahət Hacıyeva müəssisələri bitirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş qızlar üçün tikilən binalar barədə də məlumat verib.

2008-ci ildə 1 nömrəli uşaq evinin nəzdində Heydər Əliyev Fondu tərəfindən müəssisələri bitirən valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş qızların müəssisəni bitirdikdən sonra müvəqqəti olaraq yerləşməsi üçün 50 nəfərlik bina tikilib. Dövlət Komissiyası tərəfindən binaya baxış keçirilib və istifadəyə verilməsi üçün icazə verilib. Lakin həmin binanın saxlanması üçün lazım olan xərclər və ştat vahidlərinin sayı məsələsi Maliyyə Nazirliyi tərəfindən baxılır və yaxın günlərdə bu məsələ həllini tapacaq”.

Təhsil Nazirliyinin rəsmisi Gənclər Evinin yaradılma məqsədlərini də açıqlayıb.

Dövlət uşaq müəssisələrini tərk edən gənclərin cəmiyyətə adaptasiya olunması ilə bağlı Təhsil Nazirliyi “SOS Uşaq Kəndlər Azərbaycan” assosiasiyası ilə birgə Gənclər üçün evlərin yaradılması məqsədilə müvafiq işlər görüb. Gənclər evlərinin yaradılmasının əsas məqsədi orta təhsilini bitirmiş, sosial cəhətdən yetkin 16 yaşlı yeniyetmə və gəncləri müstəqil həyata hazırlamaq, onların sosial və həyat qabiliyyətlərini inkişaf etdirmək və onlara peşə seçmək üçün hərtərəfli şərait yaratmaqdır.

Gənclər Evində qalma müddəti 4 ildir. Sonrakı mərhələ - yarımmüstəqil həyat mərhələsidir ki, bu mərhələ 23 yaşınadək davam edir. Bir Gənclər Evi  minimum 16 gəncin yaşaması üçün nəzərdə tutulur. Oğlan və qızlar üçün ayrı-ayrılıqda Gənclər Evinin açılması nəzərdə tutulub. Qızların yaşaması üçün nəzərdə tutulan ilk Gənclər Evi 2010-cu ildə istifadəyə verilib” deyə idarə idarə müdiri qeyd edib.

Məlahət Hacıyevanın sözlərinə görə, 2010-cu ildə Azərbaycandakı internatları 5 yeniyetmə kimsəsiz qız bitirib.

“2010-cu ildə Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq müəssisələrində yaşayan 18 yaş və daha artıq yaş həddində olan 20 nəfər qız dövlət uşaq müəssisələrini məzun olaraq bitirib. Onlardan 5-i kimsəsiz qız məzun olaraq təhsilini başa vurub. Hal-hazırda onlardan 1-i orta ixtisas məktəbində, 4-ü isə texniki-peşə liseylərində təhsillərini davam etdirirlər.  Qızların heç kimi olmadığı üçün hələ də məzun olduqları uşaq evi və internat məktəbində yaşayırlar”.

M.Hacıyeva “2010-cu ildə Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq müəssisələrini məzun olaraq bitirmiş 20 nəfər qızdan 15-i valideynləri və valideynlərini əvəz edən yaxın qohumlarının himayəsinə qaytarılıb” deyib.

İdarə müdirinin sözlərinə görə, bil il internatları bitirəcək 18 yaşına çatan məzun qızların öz ailələrin himayəsinə qaytarılacağı məlumdur.

“Son 6 ay ərzində Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq müəssisələrində yaşayan və övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 14-17 yaş arası 8 yeniyetmə  məhkəmənin qərarı ilə övladlığa verilib. Onlardan 2-si  qızdır”.

Məlahət Hacıyevanın sözlərinə görə, hal-hazırda Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq müəssisələrində 17-18 yaş arası 28 nəfər qız daimi olaraq müəssisədə yaşayır, valideynləri və ya qohumları ilə əlaqəsi yoxdur.

“Onlardan 15-i sağlamlıq imkanları məhdud olan (əqli gerilik) qızlardır. Qalan 13 nəfərinin isə valideynləri və ya onları əvəz edən yaxın qohumları var”.

Aytən ƏLIYEVA

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza