Hələ iki il əvvəl "Boko Haram" terrorçuları Nigeriyada 200 məktəbli qızı oğurlayaraq naməlum istiqamətdə aparmışdılar. O zamandan bəri qızların sağ olub-olmadıqları, harada saxlandıqları barədə heç bir məlumat yox idi. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün terrorçular məktəbli qızların görüntüləndiyi videonu yayımlayıblar.
Videoda üzünü bağlamış terrorçu uşaqların indiyə kimi silahlıların əlində olduğunu deyir.
Onun sözlərinə görə, məktəbli qızların bir hissəsi bombardmanlar vaxtı həlak olub, təxminən 40 nəfəri terrorçulara ərə gedib.
Virtualaz.org-un məlumatına görə, girovluqda saxlanan qızlardan biri ölkə hökumətinə müraciət edərək onları xilas etməyi xahiş edir. O, valideynlərindən xahiş edir ki, hökumətlə danışsınlar. Yayımlanan videoda təxminən 50-dək məktəbli qız görünür. Onlardan bəzisinin qucağında körpə uşaqlar var.
Qeyd edək ki, 2014-cü ilin aprel ayının 15-də 276 məktəbli qız Nigeriyanın Çibok şəhərində yataqxanadan oğurlanmışdılar. Onlardan 57-si qaçıb canını qurtara bilmişdi, 219 nəfər bu günə kimi itkin düşmüş hesab edilirdi.
Modern.az