Nəsiman Yaqublu
Qarşıdan Azərbaycan tarixinin çox önəmli bir günü gəlir: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi! Bu çox önəmli bir hadisədir. Bu hadisə ilə xalqımız müasir, demokratik, hüquqi bir dövlət qurmaq bacarığını bütün dünyaya nümayiş etdirib. Lakin biz ilk növbədə bu dövləti quranları unutmamalıyıq, onların məzarlarını axtarmalı, diqqətsiz qoymamalı, irsni araşdırıb ictimaiyyətə çatdırmalıyıq.
Bu yaxınlarda Gürcüstanda - Tbilisidə oldum və oradakı “Botanika” bağında Azərbaycanın ilk Baş naziri Fətəli Xan Xoyskinin, Azərbaycan Parlamentinin sədr müavini Həsən bəy Ağayevin məzarlarını ziyarət etdim. Qeyd edim ki, onlar yalnız Cümhuriyyət qurucuları kimi tarixdə yaşamırlar. Onlar bu Cümhuriyyətin ilk şəhidləridir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra onları məhz burada - Tbilisidə bir erməni terrorçusu qətlə yetirdi (təbii ki, bu cinayətdə bolşeviklərin də əli vardı). İndi onların hər ikisinin məzarı “Botanika” bağının ən hündür bir yerində müsəlman qəbiristanlığında yerləşir (qeyd edim ki, M.F.Axundovun, M.Ş.Vazehin də qəbri buradadır).
Təbii ki, buna görə biz Gürcüstan hakimiyyətinə minnətdar olmalıyıq. Lakin eyni zamanda bu məzarlara olan diqqətimizi bir az da artırmalıyıq. İlk növbədə məzarların ziyarəti üçün asan şərait yaratmalıyıq (çünki məzarlar çox yüksəklikdədir və oraya yaşlı adamların gedib ziyarət etməsi çətindir). Azərbaycandan gedən turistlərin oranı ziyarət etməsi proqrama salınmalıdır və s.
Unutmamalıyıq ki, orada uyuyan insanlar bütün həyatlarını ilk Azərbaycan Cümhuriyyətinin qurulmasına fəda ediblər.
Qəbirləri nurla dolsun!