Modern.az

Nazir Heydər Əsədov 35 vəzifəli şəxsi cəzalandırdı

Nazir Heydər Əsədov 35 vəzifəli şəxsi cəzalandırdı

15 Avqust 2016, 16:09

Avqustun 13-də Kənd Təsərrüfatı Nazirliyində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin  2016-cı ilin birinci yarısında fəalliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.



Modern.az saytı xəbər verir ki, kollegiya iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, bu il iyul ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinentinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında aqrar sahədə institusional islahatların davam etdirilməsi ilə yanaşı, ölkə əhalisinin kənd təsərrüfatıı məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi bir vəzifə kimi qarşıya qoyulub. Nazir dövlət başçısı tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin qarşısında qoyulan vəzifələrinyerinə yetirilməsində, o cümlədən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən də görülməli olan işlər barədə danışaraq, ölkədə fitosanitar sabitliyin qorunması, karantin tətbiq edilən zərərli orqanizimlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə genişmiqyaslı təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Bildirib ki, fitosanitar nəzarətin yeni modelinin formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə büdcədənkənar daxilolmalar 1732,0 min manat təşkil edib ki, bu da 2015-ci ildə daxil olmuş vəsaitdən 1,7 dəfə, 2007-2013 cü illərdə ümumilikdə daxil olmuş vəsaitdən isə 1,3 dəfə  çoxdur. 2016-cı ilin ötən altı ayı ərzində Dövlət Xidmətinin yerli qurumları tərəfindən bitkiçilik məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 9 halda karantin tətbiq edilən zərərli orqanizimlər və 78 halda nizamlanan zərərli orqanizimlər aşkar edilib, zərərli orqanizimlər müəyyən edildiyinə görə 48 ton kartof ixracatçı ölkəyə geri qaytarılıb, 971 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra istifadəsinə icazə verilib, təxminən 97 min ton yük, 1 mln 470 min mtaxta materialı, obyekt və boş anbar sahəsi zərərsizləşdirilib, 90 tona yaxın məhsul dövriyyədən çıxarılaraq məhv edilib (2004-2014-cü illərdə Dövlət Xidmətinin qurumları tərəfindən məhv edilən bitkiçilik məhsullarının ümumi çəkisi cəmi  2,5 ton olub). 


Kollegiya iclasında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ayrı-ayrı qurumlarının fəaliyyətində yol verilmiş nöqsanlar da geniş müzakirə olunub. Qeyd edilib ki,  Bakı-Abşeron, Gəncə,  Xaçmaz, Kürdəmir, Yevlax, Tovuz, Biləsuvar rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən fitosanitar tədbirlərinin aparılmasında ciddi nöqsanlara yol verilib, karantin nəzarətində olan yüklərə fitosanitar karantin baxışının keçirilməsi qaydaları pozulub.

Məntəqələrin rəhbərləri mövcud nöqsanların aradan qaldırılmasını vaxtında təmin etməyib və mənşəyi məlum olmayan kənd təsərrüfatı məhsullarının tranzitinə, eləcə də ölkə daxilində dövriyyəsinə məqsədyönlü şəkildə şərait yaradıb. Hətta bəzi hallarda sahibkarlara kömək adı ilə ayrı-ayrı işbazlarla əlbir olaraq onların qeyri-qanuni fəaliyyətlərinə də şərait yaratmağa cəhdlər göstəriblər.


Dövlət Xidməti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində müşahidə olunan qanunsuz əməllərin qarşısı əksər hallarda alınsa da, nöqsanların tamamilə aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur.


Ağdam, Ağstafa, Ağcabədi, Ağdaş, Qazax, Bərdə, Goranboy, Lerik, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qəbələ, Siyəzən və Şəmkir rayonlarında bitki mühafizəsi tədbirlərinin və fitosanitar nəzarətin səviyyəsi aşağı olub. Bitki mühafizə mərkəzləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı uçot və müşahidə işlərinin müəyyən edilmiş metodikaya uyğun aparılmaması, zərərvericinin populyasiyası barədə dəqiq və vaxtında məlumatın verilməməsi, habelə mübarizə üsullarının düzgün təşkil edilməməsi tədbirlərin səmərəliliyini azaldıb.


Göstərilən rayonlarda xarab olmuş və əhalinin sağlamlığına təhlükə yarada bilən kənd təsərrüfatı məhsullarının aşkar edilib zərərsizləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmür.


Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə həmin məntəqənin 3 nəfər aparıcı müfəttişi vəzifələrindən azad edilib, 6 nəfər rayonlararası bitkilərin karantini məntəqəsinin müdirinə və 3 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə töhmət verilib, 10 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə isə xəbərdarlıq edilib.

Kollegiyada Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.


Kollegiyaya yekun vuran kənd təsərrüfatı naziri Heydər Əsədov Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, ölkədə fitosanitar vəziyyətin sabitliyinə nəzarətin gücləndirilməsi, kadr hazırlığının səviyyəsinin yaxşılaşdırılması, şəffaflığın və hesabatlılığın daha da artırılması məqsədi ilə konkret  tapşırıqlar verib.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB