“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyası ilə birgə “Azərbaycanda ali təhsil haqlarının müəyyənləşdirilməsinin mövcud vəziyyəti və təkmilləşdirilməsi yolları” adlı metodiki vəsait hazırlayaraq çap edib.
İB-dən Modern.az-a bildirlib ki, bu vəsaitdə təhsil haqları ilə bağlı Azərbaycan gerçəkliyinin real məzmunu, beynəlxalq təcrübənin konseptual ümumiləşdirilməsi və ölkənin ali təhsil müəssisələrində tətbiq edilməsi tövsiyə olunan təhsil haqlarının müəyyənləşdirilməsi metodikası öz əksini tapır. Məqsəd, təhsil haqqının müəyyənləşdirilməsi yönümündə ictimaiyyətin məlumatlılığını artırmaq, beynəlxalq və milli səviyyədə əldə edilmiş nəticələrin sintezi əsasında hazırlanmış ümumi təhsil haqqının təyini modelini yaratmaq, dövlət və özəl ali təhsil ocaqları üçün problemin həlli ilə bağlı metodiki təminatı formalaşdırmaqdır. Kitabça Universitetlər, ali təhsilin iqisadiyyatı ilə məşğul olan və bu sahənin tənzimlənməsi istiqamətində fəaliyyət göstərən dövlət təşkilatları və QHT-lərin mütəxəssisləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabça Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi İB tərəfindən “Ali təhsildə qiymətqoyma metodunun təkmilləşdirilməsi” mövzusunda həyata keçirilən layihə çərçivəsində hazırlanaraq çap edilib.
Modern.az