Son illər dünyanın ən tanınmış və aparıcı təhsil ocaqlarında təhsil alan gənclərimizin sayı ildən-ilə artır. Sevindirici haldır ki, xüsusilə xaricdə yaşayan gənclərimiz təhsil aldıqları, yaşadıqları ölkələrdə təşkilatlanaraq yeni ictimai qurumlar yaradır, demokratik inkişaf yolunu seçir və bütün bunlarla yanaşı Azərbaycan diasporunun daha da fəallaşmasında xüsusi rol oynayırlar.
Belə təşkilatlardan biri də 2005-ci ildən Ukraynada fəaliyyət göstərən “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatıdır. Gənclərlə iş təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir. Gənclərə qayğı, onların hərtərəfli inkişafına kömək prinsipini qarşısına əsas məqsədlərdən biri kimi qoyan “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatı artıq altıncı ildir ki, gəncləri birləşdirən maraqlı tədbirləri, forumları, idman turnirləri ilə səmərəli fəaliyyət göstərir. Bu təşkilatın qapıları təkcə azərbaycanlı gəncləri üçün deyil, həm də, ukraynalı və Ukraynada təhsil alan, yaşayan digər xarici ölkələrin gəncləri üçün də açıqdır. Məhz, belə qarşılıqlı münasibətlərin nəticəsində başqa xalqların və millətlərin nümayəndələrində Azərbaycanın milli-mənəvi dəyərləri və bütöblükdə Azərbaycan haqqında mükəmməl və dəqiq fikir formalaşır.
Artıq neçə illərdir ki, “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının nəzdində Bazar günü məktəbi fəaliyyət göstərir. Məktəbdə Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və Azərbaycan dili tədris olunur. Bununla yanaşı Bazar günü məktəbində ukrayna və ingilis dili kursları da təşkil olunmuşdur. Həmçinin musiqi və rəqs dərnəyi bu sahəyə maraq göstərən məktəblilər üçün böyük bir töhfədir.
Təşkilatın təsis etdiyi “Azərbaycanın sözü” qəzeti 2010-cu ildən oxucuların ixtiyarına verilib. Nəfis tərtibatda beş min nüsxə ilə çap olunan qəzet problem məsələlərin qaldırılması, Ukrayna Azərbaycan əlaqələri ilə bağlı məqalələri, Azərbaycanı təbliğ edən maraqlı yazıları və rəngarəng mövzuları ilə ilə ilk sayından kifayət qədər oxucu auditoriyası toplamağa nail olub. Qəzetin səhifələrində dünyada yaşayan azərbaycanlılar, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları haqqında materiallara da xüsusi yer ayrılır.
“Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatının həyata keçirdiyi ən böyük layihələrdən biri də “Ədalət” Ukrayna - Azərbaycan hüquq klinikasının yaradılmasıdır. Bu klinika Ukraynada yaşayan azərbaycanlılara təmənnasız hüququ yardım göstərir. İstənilən sahədə hüquqi məsləhətlərin verilməsi və müvafiq sənədlərin hazırlanması, soydaşlarımızın maraqlarının məhkəmə, hüquq-mühafizə və dövlət orqanlarında müdafiə olunması “Ədalət” klinikasının peşəkar hüquqşünasları tərəfindən yüksək səviyyədə həyata keçirilir.
“Demokratiyanın nəbzi” qısa müddət ərzində Ukraynanın ictimai-siyasi həyatında fəal bir qurum kimi tanınır. Azərbaycanın əlamətdar günlərində, istər qan yaddaşımızla bağlı tarixlərdə, istərsə də milli və dövlət bayramlarımızda təşkilatın keçirdiyi tədbirlərdə Ukraynada fəaliyyət göstərən ictimai təşkilatların iştirakı artıq ənənə halına çevrilib.
Təşkilatın rəhbəri, hüquq elmləri namizədi Hikmət Cavadov qurumun fəaliyyəti haqqında fikirlərini belə bölüşür:
“Hər bir görülən işin nəticəsi olmalıdır. Nəticə isə o vaxt olur ki, gördüyün iş səmərəli və lazımlıdır. “Demokratiyanın nəbzi” beynəlxalq ictimai təşkilatı da istənilən bir layihəni həyata keçirdikdə bu prinsipi əsas tutur. Təşkilatımızın əsas məqsədi bütün sahələrdə Ukrayna Azərbaycan əlaqələrinin inkişafına öz töhfələrini verməkdən ibarətdir. İkinci məqsədimiz müstəqil Azərbaycanımızı dost Ukraynada layiqincə tanıtdırmaq, təbliğ etmək, Azərbaycan həqiqətlərini beynəlxalq aləmə olduğu kimi çatdırmaqdır. Təşkilatın qarşısında duran əsas vəzifələrdən biri də Ukraynada yaşayan soydaşlarımızla, xüsusilə gənclərimizlə sıx əlaqələr yaratmaq, onları ictimai fəallığa cəlb etməkdir. Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, bu gün Ukraynada təhsil alan, işləyən gənclərimizin bir çoxu “Demokratiyanın nəbzi”ndə birləşir. Onlar da yaxşı dərk edirlər ki, demokratiyanın nəbzini tutmaq inkişafa doğru getmək deməkdir. Qarşıda həyata keçirəcəyimiz bir çox layihələr var. Təbii ki, ilk növbədə çalışırıq ki, təşkilatımızın fəaliyyət dairəsini daha da genişləndirək və hər bir gördüyümüz işin konkret nəticəsi olsun. Yeri gəlmişkən, Gənclər günü münasibətilə təşkilatımız adından bütün Azərbaycan gənclərini təbrik edir, onlarl təhsildə, yaradıcılıqda, iş fəliyyətində uğurlar diləyirəm. Arzu edirəm ki, hər bir Azərbaycan gəncinin fəaliyyətində Azərbaycan dövlətçiliyinə xidmət və sədaqət başlıca meyar olsun”.
Azər Qardaşlı