Bu gün Gənclər üçün Təhsil Mərkəzində 2 Fevral – Gənclər Günü münasibəti ilə mərasim keçirilib. Mərkəzin fəal üzvləri ilə birgə Gənclər Gününü qeyd etmək və onun əhəmiyyəti barədə fikirləri bölüşmək məqsədi daşıyan mərasimə elm adamları, QHT-lər və KİV-lər dəvət olunub.
Mərasimi açıq elan edən Mərkəzin direktor müavini Elnur Axundov Gənclər Gününün əhəmiyyətindən danışaraq, Azərbaycan gəncləri üçün bu günün illik hesabat və planlaşdırma xarakteri daşıdığını vurğulayıb.
“Gənclər Günündə bir öz uğur və problemlərimizi səsləndirməklə yanaşı, növbəti illər üçün strateji addımlarımızı müəyyənləşdirməliyik. Bizlər cəmiyyətimiz və dövlətimiz üçün əhəmiyyətli qüvvə olduğumuzu sübut etməliyik”.
Digər çıxış edənlər də bu günün əhəmiyyətini vurğulayaraq, ölkə gənclərinin idman, təhsil, mədəniyyət və digər sahələrdə qazandıqları uğurları, həmçinin qarşılaşdıqları problemləri qeyd ediblər.
Yekunda qonaqların iştirakı ilə Mərkəzin fəaliyyətində aktiv rol oynadığına görə seçilmiş 20 nəfər üzvə və 4 nəfər ofis əməkdaşına diplom və hədiyyələr təqdim edilib.
Modern.az