“Şəffaflıq Azərbaycan” Korrupsiya Qarşı Mübarizə İB-nin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, yerli qeyri hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə dövlət qulluğu sahəsində görülən işlər, əldə edilən nailliyyətlər və mövcud problemlərlə bağlı dəyirmi masa keçirilib.
Son illər dövlət qulluğuna qəbul, dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluqçularının etik davranış kodeksinin hazırlanması, dövlət qulluqçularının peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma kurslarına cəlb edilməsi istiqamətində bir sıra işlər görülür. Bu istiqamətdə atılan addımlar mütərəqqi addımlar olsa da, müəyyən sahələrdə təkmiləşməyə ehtiyac var.
Fəyirmi masanın keçirilməsində əsas məqsəd də məhz bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olub. Digər bir vacib amal isə vətəndaş cəmiyyəti üzvləri ilə, hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq, ictimai müzakirələrin genişləndirilməsinə nail olmaqdır.
Tədbirdə “Şəfafflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası Hüquq sektorunun müdiri Vüqar Əsgərov çıxış edib.
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “Dövlət qulluğunda şəffaflıq və dövlət qulluğunun mövcud vəziyyəti və inkişaf perspektivləri”mövzusunda çıxış edib.
Vətəndaş cəmiyyətinin üzvlərindən isə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Dövlət Qulluğu Sistemi ilə bağlı Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə Üzrə Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsində vətəndaş cəmiyyətin rolu”, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə “Dövlət Qulluğunda əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda çıxış edib təkliflərini səsləndiriblər.
Dəyirmi masa Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsinin İctimai müzakirələr komponenti çərçivəsində keçirilib.
Modern.az