Modern.az

Müflis olan iki bankın əmanətçilərinə müraciət edildi - RƏSMİ

Müflis olan iki bankın əmanətçilərinə müraciət edildi - RƏSMİ

İqtisadiyyat

19 Avqust 2016, 16:34

Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.

Modern.az-ın xəbərinə görə, müraciətdə bildirilib ki, Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli,  07/3 və  07/1 saylı qərarı ilə “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 14 avqust 2007-ci il tarixdə   30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atrabank” ASC  və 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Qafqaz İnkişaf Bankı” ASC  28 yanvar  2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib. 

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1594/2016 saylı Qərardadına əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla Mərkəzi Bankın “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin iflas proseduruna dair ərizəsi qüvvədə qalıb və “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsi baş verib.

Əmanətlərin Sığortalanması Fondu 22 avqust 2016-cı il tarixdən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirəcək. “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.



Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal