Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) nurçu camaatın lideri Fətullah Gülən tərəfdarlarının axtarışına yardımın göstərilməsi üçün Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) müraciət edib.
Modern.az saytının xəbərinə görə, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Bildirilib ki, MİT Fətullah Gülən tərəfdarlarının xaricə üz tutmasını əsas gətirərək BND-dən kömək istəyib.
Türkiyə kəşfiyyatı hesab edir ki, BND Gülən tərəfdarlarının deportasiyası prosesinin yüngülləşdirilməsi üçün Almaniyanın qanunverici orqanına təsir etməlidir.
Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu planın arxasında ABŞ-da yaşayan Fətullah Gülənin dayandığını bəyan edib.
Aqşin Kərimov