Modern.az

"Quran ayələri İran-Ermənistan əməkdaşlığını qadağan edir”

"Quran ayələri İran-Ermənistan əməkdaşlığını qadağan edir”

3 Fevral 2011, 15:04

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) yanvar ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu daha çox İran ətrafında cərəyan edən hadisələrdən danışıb.

Modern.az-ın məlumatına görə, M.Əhmədoğlu deyib ki, İran çevik manevr edərək, uğurlu siyasət zolağına daxil oldu. Onun sözlərinə görə, Livanda baş verən hadisələrdən ən çox İran İslam Respublikası faydalandı:
“Livanda şiə qruplaşması olan “Hizbullah”ın rəhbəri Livanın siyasi elitasının daxilindəki vəziyyəti düzgün qiymətləndirərək, koalision hökumətdən çıxdı. Koalision hökumətin başçısı S.Həririnin ABŞ-a səfəri və ya onun atası R.Həririnin ölümünün istintaqı barəsində səslənən fikirlər “Hizbullah” üçün formal bəhanədir. İranın təsiri altında olan Livandakı “Hizbullah” elə bu məqsədə doğru hərəkət edirdi. Livanda şiələrin sayı bir qədər də artandan sonra, hökumətin başında şiə dayanacaqdır. Buna maneçilik törətsələr, Livanda islam inqilabı baş verəcəkdir. Başqa sözlə, Livan sürətlə iranlaşır. İran bunu təkamül yolu ilə edir. Təkamül yoluna maneçilik törədiləcəksə, inqilab labüddür”

Politoloq bildirib ki, İranın Azərbaycana qarşı təzyiqləri ötən ay da davam edib. Bu isə hicab probleminin təsadüfən yaranmadığını göstərir: “Əslində, hicab problemindən yox, İranın dini ayinlər vasitəsilə Azərbaycana təsirindən danışmaq daha düzgün olardı. İranın Azərbaycana təzyiqi sırf  bu ölkənin daxili parametrləri ilə şərtlənir. Söhbət ondan gedir ki, İranı idarə edən din xadimləri öz ölkəsinin problemlərini həll edə bilmədiklərinə görə, nümunə göstərmək üçün başqa ölkələrdə də problemləri qabardırlar. İranın din xadimləri yaşamaq üçün əhaliyə pul verə bilmirlər. Səbəbini Azərbaycana pul xərcləmələri ilə izah etmək istəyirlər. Guya Azərbaycan Respublikasının vətəndaşları yolunu azıb, onları din yoluna qaytarmaq üçün pul lazımdır”.

SİTM sədri qeyd edib ki, İranda müxalifətçilik dərin və çoxcəhətlidir. Onun fikrincə, əhali islami quruluşa, mollakratiyaya müxalifdir. Hakim komanda icra və ya parlament formasından asılı olmayaraq, bir-birini didir, Ali dini lider ümumiyyətlə, bunların heç birini saya salmır: “Belə bir vəziyyətdə İran prezidentinin Azərbaycana səfəri bəlkə də uğursuz vaxta düşdü. M.Əhmədinecat Azərbaycana səfər etməklə, ölkəmizi bir-biri ilə didişən İran hakimiyyətinin hədəfinə çevirdi”.

M.Əhmədoğlu deyib ki, İranda Vahid Azərbaycan xofu hakimdir: “Bir çox parametrlərə görə, Azərbaycan İranı üstələyir. Beynəlxalq iqtisadi qurumların hesabatlarında yoxsulluğun səviyyəsinə görə, Azərbaycanda vəziyyətin İranla müqayisədə ən azı 2 dəfə yaxşı olduğu qeyd olunur. İqtisadi cəhətdən sürətlə inkişaf edən, regionda əsas söz sahibinə çevrilən Azərbaycan dövləti İrandakı 35-40 milyonluq azərbaycanlılar üçün böyük cazibə qüvvəsinə malikdir”.

Politoloqun fikrincə, dini ayinlərlə Azərbaycana təzyiqlər edən İranın ölkəmizə qarşı siyasətində qərəz və məntiqsizlik açıq-aşkar görünür. Bu məntiqsizlik hətta Quran ayələrinin təfsirinədək çatmışdır: “Hicabın Quranın hökmü olduğunu bildirən din xadimləri başqa məsələlərdə, o cümlədən İranın daxilindəki ədalətsizliklərdə, klonlaşdırma və süni mayalandırma kimi məsələlərdə Quranın və dinimizin daha vacib tələblərinin pozulduğunu görmək istəmirlər. Azərbaycanla bağlı siyasətdə “Əl-Maidə” sürəsinin 51-ci ayəsi hər-şeyi açıq-aşkar göstərir. Bu ayə Azərbaycan kontekstindən İran İslam Respublikasına xristian Ermənistanla əməkdaşlıq etməyi tam qadağan edir. “Əl-Maidə” surəsinin 51-ci ayəsindəki qətiyyətlik və konkretlilik hicabla bağlı ayələrdən qat-qat üstündür”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir