Azərbaycanın bir qrup gənclər təşkilatları Türkiyə millət vəkilini səsləndirdiyi fikirlərə diqqət etməyə çağırıb
Qardaş Türkiyənin AKP-dən olan millət vəkili Reha Çamuroğlunun ölkə mətbuatına verdiyi açıqlamasında Azərbaycanın tarixi şəxsiyyəti Şah İsmayıl Xətai ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi Azərbaycanın bir qrup gənclər təşkilatları tərəfindən hiddətlə qarşılanıb. Bu barədə Modern.az-a açıqlama verən “Demokrat İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynova verilən bəyanatı beş gənclər təşkilatları sədrlərinin – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov, “ Demokrat İslahatçı Gənclər” İctimai Birliyi, “Bakı Gənclər Klubunun sədri Azər Cavadov, “Yeni Həyat - Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri Nailə İsmayılova və “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbudun imzalandığını bildirib. Bəyanatı diqqətinizə çatdırırıq.
“Son günlər dünyanın geosiyasi məkanında baş verən hadisələr, təəssüflər olsun ki, siyasətdən və tarixdən xəbərsiz olan bəzi insanların özlərini gündəmə gətirməkləri üçün faydalanmasına şərait yaradıb. Belə ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) hakim (AKP) partiyasının İstanbuldan seçilmiş millət vəkili Reha Çamuroğlu Türkiyədə milyonlarla üzvü olan ələvilik təriqətinin Azərbaycanın tarixi şəxsiyyəti Şah İsmayıl Xətai tərəfindən yaradıldığını bildirib və onun milliyyətinin kurd olduqunu iddia edib.
Biz Azərbaycanda fəaliyyət göstərən bir qrup gənclər təşkilatları belə bir yalan dezinformasiyaların yayılmasını qətiyyətlə pisləyirik və təəssüf hissi keçiririk ki, qardaş türkiyənin parlamentində tarixdən bixəbər olan siyasətçi yer alır. Eyni zamanda, cənab Rehaya bəyan etmək istəyirik ki, Şah İsmayıl Xətai bütün türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir və məhz onun hakimiyyəti dövründə yeganə Türk hökmdarı kimi dövlət dilini Türk dili elan etmişdir. Bununla da, tarixdə digər türk hökmdarlarından fərqlənərək, xüsusi bir izlə yaddaşlara həkk olmuşdur. Halbuki həmin dövrdə Osmanlı sultanının sarayında rəsmi dövlət dili ərəb və fars dili olub. Biz hesab edirik ki, bu cür məsuliyyətsiz fikirlərlə gündəmə gələn belə insanlar, Türk- Azərbaycan qardaşlığına qarşı yönəldilmiş məqsədyönlü addımlar atmaqla bir millət iki dövlət arasında nifaq yaranmasına şərait yaradırlar. Düşünürük ki, belə əsassız rəylər Azərbaycanın tarixi şəxsiyyəti barədə həqiqətə uyğun olmayan informasiyalar səsləndirən cənab Rehanın özünün miliyyəti barədə şübhə yaradır.
Biz bir daha bəyan edirik ki, Bütün Türk dünyasının fatehləri və böyük şəxsiyyətləri Türk xalqalarının hər birinin fəxri və şərəfidir! Özünü türk millətinə aid edən hər birimiz belə tarixi şəxsiyyətlərlə fəxr etməliyik! Bu gün keçmiş tariximizdən bu günə kimi olmuş Türk dünyasının tarixi şəxsiyyətləri - Atilla, Mete, Çingizxan, Fateh Mehmet, Əmir Teymur, Şah İsmayıl, Nadir şah, Ağa Məmməd şah Qacar, Atatürk və Heydər Əliyev bütün Türklərin qəlbində yaşayır və bundan sonra da yaşayacaqlar. Biz gənclər təşkilatlarının rəhbərləri olaraq düşünürük ki, dinindən və bu gün türk xalqlarının hər hansı bir qoluna mənsubluğundan aslı olmayaraq hər birimiz “Böyük Türk” dünyasının inkişafına öz töhfəmizi verməli və hər bir səsləndirdiyimiz fikirlərimizdə diqqətli olmalıyıq”.
Modern.az