Sentyabrın 1-də müstəqil Azərbaycanın ilk informasiya agentliklərindən olan Trend-in 21 yaşı tamam olub.
Modern.az xəbər verir ki, 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayan agentlik artıq uzun müddətdir Azərbaycan ictimaiyyətini informasiya ilə təmin edir.
“Trend” İnformasiya Agentliyi Azərbaycanı, regionda baş verən prosesləri dünya media bazarında tanıdan KİV-lər sırasına daxildir.
2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. Agentlik 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib.
“Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.
Agentliyin tərəfdaşları sırasında "Deutsche Press Agentur" (Almaniya), "Xinhua" (Çin), "Cihan" (Türkiyə), IRNA dövlət agentliyi (İran), "RİA Novosti" (Rusiya), "Deutsche Welle" (Almaniya), "RosBusinessConsulting" (Rusiya), "Afghan Voicee Agency" (Əfqanıstan), "Yonhap" (Cənubi Koreya), "Kavkaz-press" (Gürcüstan), "Maghreb Arab Press" Mərakeş Dövlət Agentliyi, BELTA Belarus Teleqraf Agentliyi, "Hovar" (Tacikistan), BTA (Bolqarıstan), "Ukrinform" (Ukrayna), "Kazinform" (Qazaxıstan), "Montsame" (Monqolustan), “Agerpress” (Rumıniya), SANA (Suriya), "Jahon" (Özbəkistan), “Kabar” (Qırğızıstan) və digərləri var.
“Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.
Modern.az olaraq “Trend”də çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırlıq!